Fransanın ekologiya naziri COP29-a gəlməkdən imtina edib
14 Noyabr 2024
Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşe (Agnès Pannier-Runacher).
"Əliyevin COP29-un açılış mərasimində Fransa və Avropa ilə bağlı şərhləri qəbuledilməzdir. Ölkəmizə, onun institutlarına və ərazilərinə birbaşa hücumlar əsassızdır.
Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədən təhrikçi şəxsi məqsədləri üçün istifadə edir. Bu hücumlar BMT-nin İqlim Dəyişiklikləri haqqında Çərçivə Konvensiyasının Davranış Məcəlləsinin kobud pozuntusudur. Onlar cavabsız qalmayacaq.
Ölkə prezidenti və baş nazirlə müzakirə və razılaşdırmalardan sonra mən Bakıya getməmək qərarına gəldim", deyə nazir noyabrın 13-də Fransa Parlamentində çıxışında bildirib.
Xatırladaq ki, İlham Əliyev kiçik ada dövlətlərinin vəziyyətinə həsr olunmuş iclasda Fransa və Niderlandı neokolonizmdə, "dırnaqarası" dəniz ərazilərinin sərvətlərini talan etməkdə, bu ölkələrdə dövlətçiliyi və əhalini məhv etməkdə ittiham edib. O, ada ərazilərinin müstəqilliyinin məhv edilməsində "prezident Makronun rejiminin" rolunu vurğulayıb.