Fransada saxlanılan Kemi Seba sərbəst buraxılıb
17 Oktyabr 2024
Oktyabrın 15-də Parisdə saxlanılan Fransanın müstəmləkəçilik siyasəti əleyhinə, eləcə də anti-imperialist mövqeyi ilə tanınan siyasi aktivist Kemi Seba azadlığa buraxılıb.
“Le Parisien” xəbər verir ki, o, oktyabrın 16-da buraxılsa da, rəsmi açıqlama bu gün yayılıb.
Kemi Sebanın vəkili bildirib ki, o, regionun daxili məsələlərinə kənar müdaxilə, eləcə də xarici dövlətin xeyrinə casusluq faktları üzrə qaldırılan cinayət işi çərçivəsində dindirilib.
Yekunda məhkəmə Kemi Sebanın əməllərində cinayət tərkibinin olmadığına qərar verib.
Qeyd edək ki, bir müddət əvvəl Fransanın Afrikadakı müstəmləkələrində əhaliyə qarşı həyata keçirdiyi radikal tədbirlərə etirazların öncül simalarından olan Kemi Seba Bakıda keçirilən Fransa Müstəmləkə Siyasəti Əleyhinə Beynəlxalq Konfsanda da iştirak edib.
Xatırladaq ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir.
1981-ci ildə Fransanın Strasburq şəhərində doğulub.
O, Fransanın müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə dənizaşırı ərazilərə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etdiyinə və pislədiyinə görə Fransanın “qara siyahı”sına salınıb. Fransa K. Sebanı susdurmaq üçün bir neçə dəfə həbs edib, istədiyinə nail olmadıqda isə onu Fransa vətəndaşlığından məhrum edib.
Fransanın bu addımına cavab olaraq bir sıra Afrika ölkəsi Kemi Sebaya diplomatik immunitet verib.
“URGENCES PANAFRICANISTES” QHT-sinin rəhbəri, Niger dövlət başçısının Xüsusi müşaviri olan Kemi Seba bu gün müxtəlif sosial şəbəkələrdə geniş izləyici kütləsinə malikdir. Onun “Facebook”da 1.3 milyon, “Tiktok”da 370 000, “İnstaqram”da 306 000, “X”də 280 000, “Youtube”-da isə 230 000 izləyicisi var.