Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan xalqı sülhə niyə etiraz etdi?


Azərbaycan-Ermənistan sərhədində qanlı döyüşlər Yerevanda siyasi gərginlik dərəcəsini bir qədər də artırıb. Ötən gün Ermənistanın Baş nazirinin Azərbaycanla sənədlər imzalamağa hazır olduğu barədə çıxışı Yerevanda izdihamlı nümayişə səbəb oldu.





Bu, erməni xalqının sülhü rədd etdiyini və Azərbaycanla sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu göstərən əlamətdirmi?





Londonda çıxan "Caucasus Survey" jurnalının həmtəsisçisi və baş redaktoru, Qafqaz məsələləri üzrə tədqiqatşı, Laurence Broers deyir ki, Yerevandakı nümayiş imzalanacağı haqqında bəhs edilən sülh razılaşmasının özünə qarşı yox, daha çox danışıqların aparılması tərzinə qarşı etiraz sayıla bilər.





"Düşünürəm ki, Ermənistan xalqı mütləq sülh sazişinin əleyhinə deyil, lakin onlar bu sazişin necə müzakirə olunduğu ilə bağlı müəyyən şəffaflıq istəyirlər", o BBC Azərbaycancaya deyir.




Ermənistan paytaxtında mənzillənən siyasi şərhçi Richard Giragosyan isə, nümayişə qatılanların sülhə qarşı yox, müharibəyə və insan itkisinə qarşı etiraz etdiyini deyir.





"Əksinə, onlar insan itkisinə və müharibəyə etiraz edirdilər. Buna təkan verən sentyabrın 13-də insan itkisi ilə bağlı qəzəb və məyusluq olub, Paşinyan isə yaxşı izahat verə bilməyib, məlumatın olmaması yalnız dezinformasiyanı təşviq edir", Richard Giragosyan deyir.





Çərşənbə günü Ermənistan parlamentində çıxışı zamanı Baş nazir Nikol Paşinyan Azərbaycanla sülh razılaşması barədə danışıb.




"Biz o Sülh Müqaviləsi adlı sənədi imzalaya bilmərik ki, onun nəticəsində 6 aydan sonra yeni müharibə başlasın. Biz kağıza imza atmağa hazırıq, ona görə bir çoxları bizi söyəcək, bizi satqın adlandıracaq, xalq bizi hakimiyyətdən qovmaq qərarına gələ bilər, amma biz yenə də minnətdar olarıq ki, bunun nəticəsində Ermənistan öz 29840 kvadrat kilometr ərazisi ilə davamlı sülh və təhlükəsizlik əldə etsin", Nikol Paşinyan çərşənbə günü parlamentdə çıxışı zamanı deyib.





Baş nazirin bu çıxışına etiraz edən minlərlə insan dərhal küçələrə axışıb. Yerli media Ermənistan parlamenti qarşısında toplaşan insanların zor gücü ilə Milli Məclisə daxil olmağa cəhd etdiyini yazırlar. Daha sonra nümayişin şiddəti bir qədər səngisə də, agentliklər vəziyyətin gərgin qaldığını xəbər verirlər.









Polis






Yerevanda mitinqlərin keçirilməsini şərh edən Ermənistanın birinci ombudsmanı, Hüquqi Zorakılığa Qarşı ictimai QHT rəhbəri Larisa Alaverdyan deyir ki, ictimaiyyətin məsələyə münasibəti çox müxtəlifdir, lakin "aşkar mənfi münasibət gözə çarpır".





"İlk növbədə partiyaların, parlament müxalifətinin münasibətindən danışmaq olar. İctimaiyyətə gəldikdə, demək çətindir. Hər şey edilib ki, ictimaiyyət müxtəlif hissələrə parçalansın", o BBC Azərbaycancaya müsahibəsində deyib.





Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlar artıq aylardır ki, davam edir. Aksiyanı təşkil edən qüvvələrə görə, Baş nazir "Qarabağ məsələsində birtərəfli güzəştlər" etməyə hazırdır.





Lakin Richard Giragosyan hazırkı etirazların əvvəlki aksiyalardan fərqləndiyni deyir.





"Bu nümayişlər ölkənin müxalifət partiyaları üçün hər hansı siyasi dəstək deyildi. Əslində, nümayişlər başlayandan sonra səhnəyə gələn müxalifət siyasətçiləri birmənalı qarşılanmadı və bir çox etirazçı müxalifət liderlərindən eyni dərəcədə məyus oldular".





Lakin Larisa Alaverdyana görə, "az-çox düşünən kütləyə" və hər hansı siyasi partiyanı dəstəkləyənlərə gəldikdə, "burada sözsüz müxalif mövqelər hökm sürür".





"Dünənki mitinqlə bağlı mənim cavabdan çox sualım var. Birdən-birə spontan olaraq ora adi insanlar gəlmişdi. Mən bundan heç bir qənaət çıxarmaq istəməzdim. Kimin orada nə nitq söylədiyi və nə dediyi ilə bağlı isə mənim həm hakim strukturu, həm müxalifət tərəfindən provokasiyalara dair böyük təcrübəm var. Ona görə mən qəti fikir söyləmək istəmirəm".










Paşinyan









Yerevandakı küçələrdə keçən mitinqlərdə müxalifətin rolu barədə fikirlər fərqlənir. Lakin Azərbaycanla imzalanmalı olduğu deyilən sənədin qəzəblə qarşılandığı aşkaranə nümayiş olunub. Bəs görəsən, insanları Yerevan küçələrinə çıxaran bu qəzəb nə ilə bağlıdır?





Bəzi təhlilçilərə görə, bu, hakimiyyətə qarşı etimadın səviyyəsi ilə bağlı ola bilər. Bu fikrə şərik çıxanlardan biri də, Laurence Broers-dir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi vaxtı rəhbərlikdən gələn bəyanatlarla yerlərdə baş verənlər arasında açıq-aşkar ziddiyyət var idi və 9 noyabr razılaşması erməni cəmiyyətini şoka saldı.





"İnsanlar bu ssenarinin təkrarlana biləcəyindən qorxurlar", Laurence Broers deyir.





Avqustun 31-də Avropa İttifaqı Şurası Prezidentinin iştirakı ilə Brüsseldə keçirilən Azərbaycan-Ermənistan liderlərinin üçtərəfli görüşündə əhalini "uzunmüddətli davamlı sülhə" hazırlamağın vacibliyi qeyd olunub.





Nikol Paşinyanın sözlərindən sonra etirazlar yalnız Yerevan küçələrində olmayıb, Xankəndində də keçirilib.





Separatçı "Dağlıq Qarabağ parlamentinin spikeri" Artur Tovmasyan "Artsaxın və onun xalqının taleyi ilə bağlı məsələnin heç bir siyasi qüvvənin və ya şəxsin monopoliyası olmadığını" qeyd etdiyi bəyanatla çıxış edib. Azərbaycan dəfələrlə "Dağlıq Qarabağın" mövcud olmadığını və münaqişənin arxada qaldığını bildirib.





Bəs görəsən, Nikol Paşinyanın özü sülhə hazırdırmı, yoxsa indi geri çəkilməyə çalışır? Richard Giragosyan bu suala müsbət cavab verir. Onun sözlərinə görə Baş nazir Paşinyanın hökuməti çətin vəziyyətə düşsə də, hələ də nəzarəti əlində saxlayır.





"Effektiv alternativ və ya etibarlı siyasi rəqibin olmaması ilə Ermənistan hökuməti hələ də ötən ilin yayında keçirilən növbədənkənar seçkilərdə yenidən seçilməsindən qaynaqlanan özünə inam hissini saxlayır".





Azərbaycan və Ermənistan arasında sentyabrın 12-si axşamından gedən döyüşlərdə Ermənistan 105, Azərbaycan 71 hərçisinin həlak olduğunu açıqlayıb. Azərbaycan və Ermənistan atışmada və "ərazisinə hücumda" bir-birini günahlandırır.