Ermənistan və Azərbaycan arasında sülh yaxındır - Paşinyan
28 Sentyabr 2024
Ermənistan və Azərbaycan arasında sülh nəinki mümkündür, həm də əlçatandır. Bu barədə dünən BMT Baş Assambleyasında çıxış edən Ermənistan baş naziri Nikol Paşinyan bildirib.
Onun sözlərinə görə, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və SSRİ dövründə mövcud olan sərhədlərinin toxunulmazlığını tanıyır.
"Azərbaycan prezidenti və mən dəfələrlə bildirmişik ki, bu müqavilənin şərtlərinin ən az 80%-i razılaşdırılıb. Sülhə nail olmaq və qalan məsələlər üzrə danışıqları davam etdirmək üçün bu tarixi fürsətdən istifadə etmək və saziş layihəsində artıq razılaşdırılanları imzalamaq lazımdır", deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması qalan məsələlərin həllini asanlaşdıracaq.
"Biz diplomatik münasibətlər qurmalı və sülh müqaviləsinin həyata keçirilməsinin monitorinqi üçün birgə komissiya yaratmalıyıq. Bu, hökumətlərimiz və xalqlarımız arasında ümumi qavrayışı yaxşılaşdıracaq və qalan problemlərin həllinə şərait yaradacaq", deyə o, sözünə davam edib.
Ermənistan baş naziri qeyd edib ki, Ermənistanın konstitusiyası sülh müqaviləsinin imzalanması üçün maneə deyil və onda Azərbaycana qarşı ərazi iddiası yoxdur.
Kommunikasiyalar məsələsinə toxunan Paşinyan deyib ki, "Ermənistanın üçüncü qüvvələrin iştirakı ilə kommunikasiyaların təhlükəsizliyini təmin etməyə razılaşdığı haqqında iddialar həqiqətin təhrifidir. Bizim öhdəliyimiz öz ərazimizdə təhlükəsizliyi təmin etməkdən ibarətdir".