Ermənistan sərhədlə bağlı sənədi Konstitusiya Məhkəməsinə çıxarır - Bəs Azərbaycan?
26 Sentyabr 2024
Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni avqust ayında razılaşdırıb. Sentyabrın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi sənədin onların Konstitusiyasına uyğun olub-olmadığını müzakirə edəcəyini açıqlayıb.
Azərbaycanda isə sözügedən Əsasnamə ilə bağlı hüquqi mexanizmin necə aparılacağı, hələlik, bəlli deyil. Eyni zamanda ölkə ictimaiyyətinə sənədin mətni də açıqlanmayıb.
"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 2-ci maddəsində deyilir ki, ölkənin dövlət sərhədi Milli Məclisinin qərarları ilə müəyyən edilir. Üstəlik, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.
Qanunda habelə bildirilir ki, Azərbaycanın həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Bu zaman dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədinin toxunulmazlığı prinsipi əsas götürülməlidir.
Milli Məclisin deputatı Fazil Mustafa Turana bildirib ki, sənədlə tanış olmadığı səbəbdən Azərbaycanda bu məsələnin müzakirəsi hansı formatda nəzərdə tutulması ilə bağlı məlumatı yoxdur: “Hər halda ərazi mübadiləsi və ərazi məsələsi ancaq referendumda baxıla bilər. Bu cür əsasnamələrin Konstitusiyaya uyğunluğu məsələsini Konstitusiya Məhkəməsi həll edir. Amma Əsasnamənin özünün məzmununda bunun necə nəzərdə tutulduğu haqqında bilgim yoxdur”.
Deputatın sözlərinə görə, bu sənədlər konfidensial formada həll olunur və hələ ki, bununla bağlı rəsmi açıqlama verilməyib: “Yəqin ki, bu məqsədəuyğun hələ ki, sayılmır. Çünki bu proseslər elə bu cür də getməlidir. Əgər açıqlama verilsə onda müəyyən etmək olar ki, bu, harada baxıla bilər. Elə məsələlər var ki, referendumda, elə məsələlər var ki, Konstitusiyada nəzərdə tutulduğu qaydada yalnız Milli Məclisdə, elə məsələlər isə var ki, onlar Konstitusiya Məhkəməsində baxıla bilər”.
F.Mustafa qeyd edib ki, hər halda belə bir razılaşma varsa, onda baxıla bilər: “Əgər belə razılaşma yoxdursa, Əsasnamə olaraq olduğu kimi qala bilər. Yəni, bu, nəzərdə tutulan danışıqlardan asılı olan məqamdır”.
Hüquqşünas Fuad Ağayev də AzadlıqRadiosuna bildirib ki, sənədin mətninə baxmadan hüquqi prosedur haqqında hər hansı fikir söyləmək mümkün deyil: "Hüquqi qiymət vermək üçün Əsasnamənin mətni ilə tanış olmaq lazımdır. Sənədin ratifikasiyası üçün onun parlament müzakirəsinə çıxarılmasının lazım olduğunu, yoxsa buna ehtiyac olmadığını söyləməkdən ötrü onun mətnini incələmək lazımdır".
Bu üzdən "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da məsələ ilə bağlı konkret nəsə deməyə çətinlik çəkir: "Amma ümumi başa düşdüyüm budur ki, Azərbaycanda bu, Konstitusiya ilə tənzimlənmir. Yəni, rəy verilməsi üçün məcburən bunun Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılması məsələsi yoxdur. Ancaq qaydalar necədir, onu bilmirəm".