Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərazi bütövlüyü təmin edildi - Bəs... insan haqları?

Sentyabrın 27-də Azərbaycanda Anım Günü qeyd olunub. Həmin gün 44 günlük İkinci Qarabağ müharibəsi başlayıb. Azərbaycan hökuməti həmin savaşda və ötənilki birgünlük hərbi əməliyyatlar nəticəsində ölkənin ərazi bütövlüyünün təmin edildiyini açıqlayıb.

Azərbaycanda zaman-zaman demokratiya ilə bağlı tənqidlər səslənəndə bəzi rəsmilər ölkənin ərazi bütövlüyünün təmin edilmədiyini, Qarabağ münaqişəsinin mövcudluğunu bildirərək insan hüquqları məsələsini ikinci plana keçirirdilər. Hazırda ölkənin ərazi bütövlüyü bərpa olunub. Bəs insan haqları ilə bağlı məsələlər bundan sonra aktuallıq təşkil edə bilərmi?

Milli Məclisin deputatı Aqil Abbas Turana deyib ki, hazırda ölkədə insan hüquqları sahəsində problem yoxdur: "Mən Azərbaycanda insan hüquqları ilə bağlı ciddi problem görmürəm. İnsan hüquqları təmin edilir".

Onun sözlərinə görə, media azadlığı baxımından da problem görünmür: "Rəhbərlik etdiyim "Ədalət" qəzetində istədiyimizi yaza bilirik, müstəqil qəzetik. Heç kəs bizə hər hansı qadağa qoymur. Digərlərini deyə bilmərəm".

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Rüfət Səfərov isə deputatdan fərqli düşünür. O, AzadlıqRadiosuna deyib ki, uzun illər, həqiqətən də, Azərbaycan hakimiyyətinin hüquq siyasətini müdafiə edənlər bu amili önə çəkiblər: "Deyiblər ki, "ölkəmizin Qarabağ boyda həllini gözləyən böyük problemi var, münaqişə ədalətli həllə qovuşduqdan sonra siyasi və hüquqi açılımlara da rəvac veriləcək". Əlbəttə, bu, tənqidə dözümü olmayan yanaşmadır. Əcəba, konfliktologiya elminə töhfə verən hansı alim əsaslandırıb ki, ölkədə məhkəmələrin müstəqilliyi, azad media, siyasi plüralizm, iqtisadiyyatın liberallaşdırılması, həyatın bütün sahələrində rəqabətli mühitin yaradılması Qarabağ probleminin həllini yubada bilərdi?".

Onun fikrincə, hazırkı siyasi hakimiyyətin marağı olmayıb ki, əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan dövlət quruculuğunun əsasını qoysun: "Çünki hakim Yeni Azərbaycan Partiyası hökumətinin təmsilçiləri aydın şəkildə anlayırlar ki, bu gün Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilsə, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olunsa, qanunların aliliyini təmin edən hüquqi dövlət qurmaq yönündə iş aparılsa, uzun illər ərzində törədilmiş ağır, ya da xüsusilə ağır cinayətlər müstəqil məhkəmələrin adekvat hüquqi qiymətini labüd edəcək".

Hüquq müdafiəçisinin vurğulamasına görə, həyat və təcrübə göstərdi ki, Azərbaycanda əsas insan hüquq və azadlıqlarının vəziyyəti Qarabağda eskalasiyanın artdığı dövrlərdə indiki ilə müqayisədə xeyli normal idi.

R.Səfərov düşünür ki, Konstitusiyada təsbit edilən hüquq və azadlıqların real məna daşıması üçün siyasi hakimiyyətin siyasi iradəsi vacibdir: "Azərbaycanda siyasi, hüquqı, iqtisadi açılımlar məhz həmin iradəyə bağlıdır. Mən gözləmirəm ki, belə bir iradə ifadə edilsin. Dinamikaya baxdıqda görürük ki, vəziyyət daha da mürəkkəb xarakter almaqdadır, repressiyalar öz apogeyinə çatmaqdadır. Bu mənada vəziyyət heç də ümidverici deyil".