Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev: “Hələ ki, səbir nümayiş etdiririk, amma adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”

Müstəqil Dövlətlər Birliyinin 14 oktyabr sammitində çıxış edən prezident İlham Əliyev bölgədəki vəziyyətə toxunub. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı deyib: “Azərbaycan ərazilərinin işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım. Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu, mandata sahib idi. Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.

Münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan 51-ci maddəyə uyğun olaraq münaqişəni özü həll edib.

Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda – bir ay bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Eyni zamanda Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb.

Silahlı toqquşmaların aktiv fazası maksimum 8 saat çəkib. Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı.

Oktyabrın 6-da Praqada Fransa prezidenti, Avropa İttifaqı Şurasının sədri, Ermənistanın baş naziri və Azərbaycan prezidentinin iştirakı ilə dördtərəfli görüş təşkil olundu. Bir neçə saat davam edən danışıqlar nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olundu. Sonradan bizə məlum oldu ki, onların sayı 50 nəfər olacaq. Onlar orada azı 2 ay olacaqlar. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Bu səbəbdən biz buna razılıq verdik. Bu missiyanı Azərbaycan tərəfinə göndərmək barədə də cəhdlər oldu, bu cəhdlər qətiyyətlə rədd edildi. Buna görə də missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşəcək.

Təəssüf ki, Azərbaycan dördtərəfli görüşün o cümlədən Fransa prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa prezidenti təhqiramiz, qəbuledilməz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. O, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağı bütün dünya Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. Biz özünümüdafiə hüququndan istifadə edərək ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.

Həmçinin Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildi. Böyük ölkənin prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını qoy Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük.

Fransanın xarici işlər naziri də Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər.

Bizə məlumdur ki, noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır.

Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib. Özü də birinci hücumdan sonra Fransa prezidenti telefonda mənə vəd verdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bunun, yumşaq desək, doğru olmadığı ortaya çıxdı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Çox güman ki, bu, erməni tərəfi ilə razılaşdırılıb. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bu, qətiyyən yolverilməzdir və bütün diplomatik konvensiyaların pozulması deməkdir.

Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da – Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Biz ABŞ-ın, Fransanın və Azərbaycanın diplomatik missiyasının mövcud olduğu digər ölkələrin hökumətlərini məsuliyyətli olmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq. Bizdə heç bir şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib.

Postmünaqişə vəziyyətinin digər aspektlərinə gəldikdə, indi biz azad edilmiş ərazilərin bərpası ilə fəal məşğul oluruq. Hər şey dağıdılıb, görüntülər dərc edilib, arzu edənlər tanış ola bilərlər. On min kvadrat kilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanmasına dair görüntüləri internetdən də əldə etmək olar. Bütün bunlar Azərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir. Bunu ancaq belə başa düşmək olar.

Daha bir məqamı da qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli bəyanat qəbul edilib. Azərbaycan bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisindəki erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Biz hələ ki, səbir nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr bəyanatının bu iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

Sonda Qarabağ ermənilərinin taleyi barədə. Praqa görüşündə bu məsələ üzrə bizim fikir mübadiləmiz oldu. Bizim mövqeyimiz aydındır, dəqiqdir. Qarabağ Azərbaycandır. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Biz öz daxili məsələlərimizi heç bir tərəflə müzakirə etməyə hazırlaşmırıq”.