Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ekspert: "Bakı günlərlə yağsa…"

Oktyabrın 28-də Bakıda yenidən yağış yağdı. Beş gün əvvəl olduğu kimi, bu dəfə də paytaxtın küçələri və evləri su altında qaldı. Xoşbəxtlikdən, əvvəlkindən fərqli olaraq, su basan tunellərdə ölüm hadisəsi yaşanmadı. (Oktyabrın 22-də Sabunçu rayonundakı tuneli basan suda iki nəfər boğulmuşdu.)

Oktyabrın 23-də baş nazir Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabinetində intensiv yağıntının törətdiyi fəsadların aradan qaldırılması və gələcəkdə qarşısının alınması ilə bağlı iclas keçirildi.

Nazirlər Kabinetindən verilən məlumata görə, Əsədov yağıntıların normadan artıq olmasının obyektiv səbəb olduğunu vurğulasa da, infrastrukturun tam gücü ilə işləməməsinin ciddi fəsadlara səbəb olduğunu bildirdi. "Hazırda ziyan dəymiş infrastrukturun bərpası üçün zəruri tədbirlər görülür, vəziyyət araşdırılır və nəticələr aradan qaldırıldıqdan sonra yekun qərarlar qəbul ediləcək," - məlumatda qeyd edildi.

Hazırda Nazirlər Kabinetindən hansı qərarların qəbul olunacağı barədə əlavə məlumat almaq mümkün olmayıb.

Binəqədi rayon sakini Zemfira Qurbanova isə bildirir ki, oktyabrın 28-də yağan yağış küçələri su ilə dolub: "Bir neçə gündür işə çıxmırdım, çünki belə şəraitdə çıxmaq mümkün deyil. Sakinlərdən biri taxtalardan evin kənarında balaca körpü düzəltdi ki, çörək almağa gedə bilək. Bu taxta körpü salınana qədər blokadada qalmışdıq."

O qeyd edir ki, aidiyyəti qurumlara vəziyyətlə bağlı məlumat versələr də, heç bir tədbir görülməyib.

Milli Məclisin deputatı Fazil Mustafa mövzuyla bağlı Turan agentliyinə bildirib ki, iqlim dəyişikliyinin yaratdığı fəsadlar başqa inkişaf etmiş ölkələrdə də müşahidə olunur: “Yağıntı miqdarının həddindən artıq olması belə problemləri gətirir. Amma təbii ki, buna hazır olmaq da vacibdir. Görünür ki, şəhər təsərrüfatında hələ də müəyyən problemlər qalır.”

Deputat vurğulayıb ki, problem kanalizasiya ilə bağlı deyil: “Yağış sularının axıntısı üçün ayrıca drenaj və yol kənarında axıntı sistemlərinə ehtiyac var. Qurğuların tam olmaması səbəbindən problemlər davam edir.”

Onun sözlərinə görə, bu məsələlərin ciddi müzakirəsinə ehtiyac var.

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli isə Azadlıq Radiosuna bildirib ki, illərdir Bakıya münasibət dəyişməyib: "2000-ci illərin əvvəllərində yeni yol ötürücü sistemlər qurulanda Bakı sakinləri bu qazıntı işlərindən böyük əziyyət çəkirdi."

Ekspert qeyd edir ki, bu işlər şəhərin estetik görünüşünə mənfi təsir edib və relyefi nəzərə alınmayıb: "Bakının bəzi yerləri dəniz səviyyəsindən aşağıdır və şəhərin bəzi hissələrinin su altında olduğunu çox eşitmişik. Belə vəziyyətdə şəhərin yol ötürücü sistemlərini qurmaq üçün 15-20 metr dərinlikdə qazıntı aparmağa ehtiyac varmıydı? Yox idi."

O vurğulayır ki, tunellər qazılarkən drenaj sistemi qurulmayıb: “Bu dərinlikdə belə bir sistemi qurmaq mümkün deyil. Qursalar belə, suyu hara axıdacaqlar? Bu dərinlik Xəzərin səviyyəsindən aşağı düşür.”

İlqar Hüseynlinin sözlərinə görə, Bakının əhalisi artıb və 2,5 milyon insan üçün nəzərdə tutulan su-kanalizasiya sistemləri artıq ikiqat yüklənib: “Yalnız qazıb kanalları açıb suyu Xəzərə axıtmalıdırlar. Ya da həmin tunelləri tamamilə doldurmalıdırlar. Əks halda vəziyyət daha da pisləşəcək. Dünən cəmi yarım saat yağış yağıb, paytaxtın iqlimi isə belədir ki, yağış günlərlə davam edə bilər. Bəs günlərlə yağsa, nə olacaq? Yenə eyni biabırçı vəziyyət yaranacaq, yenə insanlar boğulacaq.”

Ekspert tunellərin necə inşa olunduğunu istintaq orqanlarının araşdırmalı olduğunu deyir: “10 il əvvəl yazmışdım ki, Bakı qəzalara yaxınlaşır, çünki burada korrupsiya və soyğunçuluq var idi. Bu layihələrin çoxu böyük korrupsiya layihələridir. Ziya Bünyadov prospektində uzun tunel tikilib, relyef dəyişdirildi. Amma bu tunelə ehtiyac yox idi. Orada estakadalarla, paralel yollarla gözəl infrastruktur yaratmaq mümkün idi. Amma bunu etmədilər, çünki torpaq qıt deyil və burada daha çox pul silmək mümkündür.”