Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Putini qınadı

Dünyanın aparıcı dövlətləri Rusiya prezidenti Vladimir Putinin separatçı “Donetsk Xalq Respublikası”  və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanımasını qətiyyətlə pisləyib.

Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, Rusiyanın “DXR” və “LXR”ı tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır: “Donetsk və Luqansk respublikalarının tanınması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, bu, suverenlik və ərazi bütövlüyünün pozulması və Minsk razılaşmalarının rədd edilməsidir. Məncə, bu, çox pis əlamətdir. Bu, şübhəsiz ki, daha bir siqnaldır ki, vəziyyət yanlış istiqamətdə inkişaf edir. Böyük Britaniya Ukrayna xalqını dəstəkləmək üçün əlindən gələni edəcək”.

“Mən Rusiyanın Ukraynada Donetsk və Luqanskı tanımasını pisləyirəm. Bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur”.

Bunu isə NATO Baş katibi Yens Stoltenberq özünün tviterdəki hesabında yazıb.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni qızışdırmağı dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, – NATO rəhbəri əlavə edib.

"Avropa Komissyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya prezidentinin Ukraynanın Donetsk və Luqansk vilayətlərinin qeyri-hökumət nəzarətində olan ərazilərinin müstəqil qurumlar kimi tanınması ilə bağlı qərarını ən sərt şəkildə pisləyir".

Bu barədə Avropa Komissiyası və Aİ Şurası prezidentlərinin birgə bəyanatında bildirilib.

Aİ liderləri bildirib ki, bu addım beynəlxalq hüququn, eləcə də Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır: "İttifaq bu qanunsuz əməldə əli olanlara qarşı sanksiyalarla reaksiya verəcək. İttifaq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir", birgə bəyanatda qeyd olunub.

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınması ilə bağlı qərarını qınayıb.

Bu barədə Aİ-nin Ali Nümayəndəsi "Twitter"də bildirib.

"Ukraynada iki ərazinin tanınması beynəlxalq hüququn, Ukraynanın ərazi bütövlüyünün və Minsk razılaşmalarının kobud şəkildə pozulmasıdır. Aİ və onun tərəfdaşları Ukrayna ilə birlik, möhkəmlik nümayiş etdirərək buna qətiyyətlə reaksiya verəcəklər", - Borrell bildirib.

Fransa Prezidenti Emmanuel Makron Rusiyanın qondarma Donetsk “Xalq Respublikası” (DXR) və Luqansk "Xalq Respublikası"nın (LXR) müstəqilliyini tanımaq qərarını pisləyib.

Bu barədə Yelisey Sarayının rəsmi məlumatına bildirilir. Makron eyni zamanda, Rusiyaya qarşı təcili sanksiyalar tətbiq etməyə çağırıb.