Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dərmanların qiymətləri ucuzlaşacaq?

Azərbaycanda xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunması müzakirə edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən mətbuata verilən məlumata görə, qurumun Vergi siyasəti Baş İdarəsi əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin, bu sektoru təmsil edən "Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyası" İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Xidmətin aidiyyəti funksional strukturlarının nümayəndələrinin də qatıldığı görüşdə sahibkarların ƏDV inzibatçılığının təkmilləşdirilməsi, əczaçılıq sahəsində, xüsusilə xroniki və nadir xəstəliklərin müalicəsi zamanı istifadə olunan dərman preparatlarına münasibətdə ƏDV azadolmaları və ya diferensial ƏDV-nin tətbiqi imkanları, vergi inzibatçılığı ilə bağlı yaranan çətinliklər, sahənin inkişafına müsbət təsir edə biləcək beynəlxalq təcrübədə mövcud mexanizmlərin tətbiqi və digər məsələlər müzakirə edilib.

Maraqlıdır, qərar qəbul edilərsə, bu dərmanların qiymətlərində azalma müşahidə oluna bilərmi?

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının rəhbəri Azər Xudiyev "Kaspi" qəzetinə açıqlamasında bildirdi ki, qonşu ölkələrdə dərman preparatları üzrə vergi və gömrük rüsumlarının tənzimlənməsi ilə bağlı araşdırma apardıqdan sonra bu layihəni təklif ediblər: "Məsələn, qonşu Gürcüstanda dərman vasitələri üçün heç bir rüsum tələb olunmur. Bəzi ölkələrdə vergilər diferensial olaraq tənzimlənir. Biz dövlət büdcəsinə böyük miqdarda zərər vermədən, Azərbaycan vətəndaşlarının dərman ehtiyaclarını qarşılamaq üçün təkliflər verdik, vətəndaşların xüsusi qruplarının tələbatlarına uyğun olaraq bəzi dərman preparatlarının ƏDV-dən azad olunmasının gələcək layihələrdə nəzərə alınmasını xahiş etdik".

A. Xudiyev bildirir ki, nadir xəstəliklərlə mübarizə aparan vətəndaşlar dərman təminatında çətinlik çəkirlər: "Bəzi nadir xəstəliklər var ki, onların qeydiyyatı yoxdur. Çünki adından da göründüyü kimi, nadir hallarda rast gəlinir. Bu xəstəliklərin müalicəsində istifadə olunan dərmanların ölkəyə idxalı yalnız müəyyən icazələrlə mümkündür. Bununla yanaşı, onkoloji xəstəliklər, astma, şəkərli diabet və digər xroniki xəstəliklərin müalicəsində istifadə olunan dərmanların da ƏDV-dən azad olunması vətəndaşlar üçün əlverişli olar. Doğrudur, vətəndaşlar dövlət tərəfindən bəzi dərmanlarla pulsuz təmin olunurlar. Lakin yeni məhsullar meydana çıxır və vətəndaşlar onları satın aldıqda ƏDV-dən azad olunmaları təmin edilə bilər".

Mütəxəssis vurğulayır ki, bu qərar qüvvəyə mindikdə, digər dərmanlarla bağlı da əlavə addımların atılması mümkündür: "Bu gün Azərbaycan vətəndaşları icbari tibbi sığorta ilə ödənişsiz tibbi xidmət almaq imkanına malikdir. Ambulator xidmətin də gələcəkdə ödənişsiz olması gözlənilir. Bunun tətbiqi sosial siyasətimizdə böyük dönüş yaradacaq. Biz də assosiasiya olaraq, proseslərin uğurla həyata keçməsinə dəstək olmağa çalışacağıq".

Millət vəkili Müşfiq Məmmədli bildirir ki, həm ölkənin iqtisadi vəziyyətini, həm də əhalinin sağlamlığını nəzərə alaraq bu addımların atılması vacibdir: "Xüsusilə nadir xəstəliklərin müalicəsində və bəzi xroniki xəstəliklərdə istifadə olunan dərman preparatlarının qiyməti kifayət qədər yüksəkdir. Bu xəstəliklərin rastlaşma intensivliyi çox aşağı olduğundan həmin dərmanlar çox bahadır. Çünki bu dərmanlar hər ölkədə istehsal edilmir. Bu xəstəliklərdən əziyyət çəkən insanlar həmin preparatları əldə etməkdə həm maddi, həm də tapılması baxımından böyük çətinliklərlə üzləşirlər. Onların ƏDV-dən azad edilməsi bu dərmanların qiymətlərinin kifayət qədər ucuzlaşmasına səbəb ola bilər. Bu yanaşmanı alqışlayır və düzgün addım kimi dəyərləndirirəm".

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli də təsdiqləyir ki, nadir xəstəliklərin müalicəsində istifadə olunan dərman vasitələri təkcə Azərbaycanda deyil, istehsalçı ölkədə də çox bahadır: "Bu dərmanların ƏDV-dən azad olunması, ən azından 18 faiz ucuzlaşma deməkdir. Ölkəmiz bu sahədə idxaldan asılıdır. Hesab edirəm ki, yalnız nadir xəstəliklərin müalicəsində tətbiq olunan dərman preparatları deyil, ümumiyyətlə, Azərbaycana idxal olunan bütün dərman məhsulları ƏDV-dən azad edilməlidir".

Həmsöhbətimiz bildirir ki, bu qaydanın tətbiqi insanların dərman preparatlarına əlçatanlığı üçün çox faydalı olacaq: "Xəstəliklər çox, dərmanlar bahadır. Bir xəstəlik üçün adətən davamlı müalicələr tələb olunur. İnsanların əksəriyyəti baha olduğu üçün bu müalicələri davam etdirə bilmir. Çünki kifayət qədər xərc tələb olunur. Dərmanların ƏDV-dən azad olması qiymətlərdə kifayət qədər fərq yaradacaq. Bu qərarın tətbiqi və davamı olaraq idxal olunan bütün dərman preparatlarının ƏDV-dən azad edilməsinin faydalı və lazımlı olduğunu düşünürəm". (Kaspi)