COP29 müddətində Bakıda nəqliyyat: şəhərə girişdə və bəzi küçələrdə məhdudiyyətlər olacaq
04 Noyabr 2024
COP29 tədbirləri zamanı Bakıya nəqliyyatın girişində məhdudiyyətlər olacaq, rəsmilər açıqlayıb.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətdən xahiş edib ki, nəqliyyat sıxlığının azaldılması üçün həmin günlər Bakıya bitişik kənd və qəsəbələrdən, həmçinin bölgələrdən paytaxta gələnlər ictimai nəqliyyatdan istifadə etsinlər.
Polis paytaxt sakinlərinə də eyni müraciəti edib: fərdi avtomobillərindən mümkün qədər az istifadə və bəzi yerlərdə nəqliyyatın məhdudlaşdırılacağını nəzərə alıb alternativ yollarla hərəkət edin.
Şənbə günü COP29 konfransı ilə əlaqədər Bakıda nəqliyyatın idarə olunması ilə bağlı plan açıqlanıb: şəhərə girişdə məhdudiyyətlər olacaq, hava limanından şəhərə və əks istiqamətə əsas yol tədbirə xidmət edəcək, alternativ yol kimi Zığ yolundan istifadə təklif edilib, bəzi marşrutla üzrə işləyən avtobusların xətlərində dəyişiklik olacaq.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi Namidan Piriyev deyib ki, aeroporta gedənlər Zığ yolu və ya dənizkənarı yoldan istifadə etməli olacaqlar.
"Hava limanında şəxsi avtomobillər 2-ci terminalın qarşısında sərnişinlərini düşürə bilərlər, ancaq hava limanından ölkəyə gələn yerli sakinlər COP tədbirinin ilk üç günündə şəhərə avtobuslarla gəlməlidirlər", - Namidan Priyev bildirib.
Aeroportdan şəhərə gələn yerli sakinlərdən H1 avtobusları ilə 28 May metrosuna, H2 avtobusları ilə Əhmədli metrosuna getmək tələb olunur.
Namidan Priyev Bakıda nəqliyyatın istiqamətinin dəyişdiriləcəyi bir sıra küçə və prospektləri sadalayıb:
Şıxov yolunda şəhərə girən nəqliyyat vasitələri Lökbatan dairəsində qurulacaq postdan Kənar dairəvi yola istiqamətləndiriləcək. Badamdara getmək sərbəstdir, Yasamal və "Şamaxinka" tərəfə gedən sürücülər isə “həmin ərazidə təşkil olunan postlardan fasilələrlə buraxılacaqlar”, yəni nəqliyyatın əsas hissəsi Biləcəri-Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.
Şamaxı-İsmayıllı yolu ilə Bakıya gələn avtomobillər Müşfiqabad-Xocahəsən tərəfdə təşkil olunacaq postlarda “nisbətən azaldılmaqla”, "Şamaxinka" adlanan ərazidən geriyə dönməklə Ziya Bünyadov prospekti istiqamətinə fasilələrlə buraxılacaqlar.
Quba-Sumqayıt istiqamətindən gələn nəqliyyatlar Sumqayıtın girişindəki yanacaqdoldurma məntəqəsi yaxınlığında qurulacaq postdan fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn sürücülər isə Binəqədi-Baksol yolunda qurulacaq postdan fasilələrlə buraxılacaq.
Namidan Priyev fasilələrin müddətini, intervalını, azaldılmanın nə demək olduğunu izah etməyib.
Şəhərdaxilində də bəzi küçə və prospektlərdə istiqamətlər dəyişdirilib:
Mərkəzdən hava limanı istiqamətinə hərəkət edənlər Nizami küçəsi ilə düzünə, Yusif Səfərovdan keçib İzzət Orucov, ordan sağa Fəzail Bayramova və sola 8 Noyabr prospektinə çıxıb ordan da Zığ yolu ilə hava limanı istiqamətinə gedə biləcəklər.
Heydər Əliyev prospekti ilə əlavə köməkçi yol ilə Bakıxanov qəsəbəsi ərazisindən keçərək Sabunçu-Zabrat istiqamətində hərəkət etmək mümkün olacaq.
Koroğlu Rəhimov və Xətai Dəmirçizadə küçələrindən mərkəzə gələnlər Yusif Səfərov və 10-cu Zavod küçələrinənd istifadə etməklə Bakı Baş Polis idarəsinin arxası ilə keçib mərkəzə gələ biləcəklər.
Bilgəh sanatoriyası, Maştağa, Albalılıq kimi yerlərdən hava limanı tərəfə gəlmək istəyənlər Mərdəkandan keçib Şüvəlandan, ordan da Qala dairəsindən Zığ şossesinə keçməklə hərəkət edə biləcəklər.
Hava limanı tərəfdən gələnlər isə Zığ şossesindən 8 Noyabr prospektinə keçməklə Afiəddin Cəlilov, sağa Fəzail Bayramov və Mehdi Mehdizadə küçələri ilə hərəkət edəcəklər.
Sabunçu tərəfdən şəhərə gəlmək istəyənlər Balaxanı yolu ilə Binəqədi ərazisini keçməklə ordan Şimal istiqamətinə, həmçinin paytaxtın mərkəzinə gələ biləcəklər.
Bəzi küçələr və prospektlər nəqliyyat üçün açıq olacaq:
Mətbuat, Hüseyin Cavid, İnşaatçılar, Ziya Bünyadov, Atatürk, Babək, Qara Qarayev, Azərbaycan, Parlament prospektləri nəqliyyat üçün açıq olacaq.
Tbilisi prospektində Şəfayət Mehtiyev küçəsi ilə İzmir küçəsi arasında olan kəsişmədə müvəqqəti məhdudlaşma olacaq.
Fətəli Xan Xoyski küçəsi, Cəfər Cabbarlı küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi və İstiqlaliyyət küçəsi nəqliyyatın hərəkətinə açıq olacaq.
Tədbirin gedişatına görə bəzi küçə və prospektlərdə də məhdudiyyətlər ola bilər:
Bayraq meydanından başlayaraq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, Niyazi, Lermontov, Sarayenko, Mehdi Hüseyin, Nəriman Nərmanov, Abdulla Şaiq, İzmir küçəsi, İnşaatçılar prospekti, Abbasqulu Ağa Bakıxanov küçələri, Heydər Əliyev prospekti, Xəlil Rza Ulutürk küçəsi, Xəqani, Puşkin, Rixard Zorge küçələrində qismən məhdudiyyətlər tətbiq olunacaq.
Yolların tam bağlanması kimi məhdudiyyət olmayacaq, alternativ yollar təqdim olunur, rəsmilər bildirib.
Brifinqdə deyilib ki, ümumilikdə azı 57 ictimai nəqliyyat marşurutunun istiqaməti dəyişdiriləcək və onlar barəsində əlavə məlumat veriləcək.
Məlumata görə, Koroğlu metro stansiyasının çıxışından yalnız üç marşrut avtobusu, Ramanı, Suraxanı, Zabrat istiqamətinə 163, 184, 214 nömərli marşrutlar işləyəcək.
Koroğlu metrosunun Atletlər kəndinin qarşısına çıxan hissəsindəki nəqliyyat mübadilə mərkəzi tamamilə COP29 əməliyyatı üçün istifadə olunacaq.
"Koroğlu"ya gedən 30-dan çox marşurutların əksər hissəsi, 12-si Ulduz metrosuna, bir hissəsi isə "Qara Qarayev" və digər metrolara yönələcək", - AYNA-nın İdarə heyətinin sədri Anar Rzayev deyib.
AYNA sədri deyib ki, şimal istiqamətindən şəhərə gəlnlər Avtovağzal metrosu və onun qarşısındakı məntəqədən işləyən 27 müxtəlif ictimai nəqliyyatla şəhərin başqa yerlərinə gedə bilərlər.
AYNA hər bir marşurut haqqında ayrıca məlumat verəcək, Anar Rzayev deyib.
COP29 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat departamentinin direktoru Orxan Mahmudlu deyib ki, 50 min nəfərə yaxın qonağın hava limanından şəhərdə qalacaqları yerlər və Bakı Olimpia stadionuna daşınması üçün 16 nəqliyyat qovşağı təşkil edilib, qonaqlar bu mərkəzlərə daşınacaq.
Bütün nəqliyyat xidmətləri ilə tanış olmaq və ondan istifadə etmək üçün qonaqlar üçün rəqəmsal nəqliyyat xəritəsi yaradılıb.
Brifinqdə deyilib ki, COP 29-da iştirak edəcək şəxslərin hamısının hava yolu ilə gəlməsi gözlənir.