COP29 konfransında iştirak üçün 28 min nəfər qeydiyyatdan keçib
18 Oktyabr 2024
Bu gün səhərə olan məlumata əsasən, 28 mindən çox iştirakçı COP29 konfransında iştirak üçün qeydiyyatdan keçib.
Bu barədə oktyabrın 18-də COP29 Təşkilat Komitəsinin üzvü, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.
Carçalovanın sözlərinə görə, qeydiyyatdan keçənlərin 2700-ə yaxını KİV nümayəndəsidir. Digərləri qeyri-hökumət təşkilatları, müxtəlif müşahidəçi beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlardır.
COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu isə bildirib ki, COP29 dövründə dövlət və hökumət başçılarını daşıyacaq kortejlərin keçəcəyi küçə və yollarda müəyyən məhdudiyyətlərlə əlaqədar alternativ yollar müəyyən edilib.
O qeyd edib ki, Liderlər Sammiti dövründə - 11, 12 və 13 noyabr tarixlərində hava limanından şəhərə, şəhərdən Olimpiya stadionu istiqamətlərində müxtəlif yollarda tənzimləmələr aparılacaq.
Orxan Mahmudlunun sözlərinə görə, tənzimləmələr tətbiq ediləcək yollara Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Huseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələri daxildir.
O həmçinin deyib ki, COP29 dönəmində qonaqlar, o cümlədən akkreditasiyadan keçən yerli sakinlər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər.
“Bunun üçün akkreditasiya kartını təqdim etmək yetərli olacaq. Buraya avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir", - o qeyd edib.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-dən 22-dək Azərbaycan paytaxtı Bakı şəhərində keçiriləcək.
Dubayda keçirlən son konfransda 200-ə yaxın dövlət və hökümət başçısı və 100 mindən çox adam iştirak edib. Bakıda keçiriləcək tədbirdə iştirakçıların sayı ilə bağlı hələ rəsmi məlumat açıqlanmayıb. Amma yerli mətbuat qeyri-rəsmi mənbələrin ehtimallarına əsaslanaraq 80 min iştirakçının olacağını yazır.