Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çin Trampın tarifləri fonunda Asiya və Avropaya göz dikib

Çin lideri Si Cinpin Cənub-Şərqi Asiyanın ixraca ən çox bağlı olan ölkələrinə strateji əhəmiyyətli səfər turu çərçivəsində Vyetnamda olarkən çoxtərəfli ticarət sisteminin qorunmasının vacibliyini vurğulayıb. Onun bu səfəri ABŞ ilə qlobal ticarət gərginliyi fonunda baş tutur.

Aprelin 14-də Vyetnama ikigünlük dövlət səfəri ilə başlayan tur çərçivəsində S.Cinpin Malayziya və Kambocaya da gedəcək. Səfərin məqsədi regionda sərt tariflər tətbiq edən ABŞ-dən fərqli olaraq Çini sabit və etibarlı tərəfdaş kimi təqdim etməkdir.

"Ticarət müharibələrinin və tarif qarşıdurmalarının qalibi olmur, proteksionizmin isə çıxış yolu yoxdur", –Cinpin səfəri ərəfəsində Vyetnamın dövlət mediasında dərc olunan məqaləsində yazıb. O, ABŞ-nin adını çəkmədən bu fikirləri səsləndirib.

Pekin və Hanoy arasında 45 sənəd imzalanıb, lakin bu razılaşmaların hamısının detalları hələ açıqlanmayıb. S.Cinpin bu gün - aprelin 15-də Vyetnamla Çin arasında 8 milyard dollar dəyərində yeni dəmiryol layihəsinin təməlqoyma mərasimində də iştirak edir. Bu layihə Çinin qlobal infrastruktur strategiyası olan "Bir kəmər, bir yol" təşəbbüsünün tərkib hissəsidir.

ABŞ-nin qlobal tariflərinin elanından əvvəl planlaşdırılsa da, səfər indi Vaşinqton və Pekin arasında dərinləşən ticarət müharibəsi fonunda Çinin cazibəsinin təşviqinin bir hissəsinə çevrilib. Sözügedən ticarət qarşıdurması çərçivəsində ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan məhsullara 145 faiz, Pekin isə buna cavab olaraq ABŞ mallarına 125 faiz tarif tətbiq edib.

ABŞ-nin qlobal tariflərinə 90 günlük fasilə verilməzdən əvvəl Vyetnam və Kambocaya, müvafiq olaraq, 46 faiz və 49 faiz tariflər tətbiq edilmişdi. Hər iki ölkənin - həm Çin, həm də ABŞ ilə əhəmiyyətli iqtisadi tərəfdaşlıqları olduğu üçün onlar iki güc arasında münasibətlərdə diqqətli bir tarazlıq saxlayırlar.

Tariflərin səbəb olduğu xaos fonunda Çin, həmçinin Avropaya da yol axtarır.

S.Cinpin aprelin 11-də Pekində İspaniyanın baş naziri Pedro Sançesi qəbul edib. Görüş zamanı o deyib ki, Çin və Avropa İttifaqı "birtərəfli təzyiq siyasətinə birgə qarşı çıxmalıdır".

Çin baş naziri Li Çian isə keçən həftə Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen ilə telefonla danışıb. O, danışıq zamanı "güclü, islahat aparılmış" ticarət sisteminin azad, ədalətli və bərabər şərtlər üzərində qurulmasının vacibliyini vurğulayıb.

"ABŞ tarifləri, həqiqətən də, mövcudluq məsələsi kimi qəbul edilirdi. Qarşılıqlı tariflər üzrə fasilənin tətbiqinə baxmayaraq, gələcək tariflər təhdidi ilə bağlı hələ də qeyri-müəyyənlik hissi var", –Avropa Siyasəti Təhlili Mərkəzinin (CEPA) baş tədqiqatçısı Keytlin Qarman bildirib.

"Siz qısa və uzunmüddətli ssenariləri görə bilərsiniz. Siyasi qərarlar ABŞ ilə yeni bir qarşıdurma nöqtəsi açmaq potensialı və ticarət müharibəsinin böyümə riskini nəzərə alaraq qiymətləndirilməlidir", –o əlavə edib.

Həssas balanslaşdırma

Prezident Tramp tariflərin məqsədinin ABŞ-nin ticarət kəsirini birdəfəlik aradan qaldırmaq olduğunu söyləyib. O hesab edir ki, bu qərar daha çox istehsalın ABŞ-yə qayıtmasına, ölkədə iş yerlərinin yaradılmasına və ABŞ pullarının Çinə axınının qarşısını almağa kömək edəcək.

Tariflər həm də Vaşinqtonun dünyanın əksər ölkələri ilə ticarət əlaqələrini yenidən qurmaq üçün danışıqlar aləti kimi görünür.

Hazırda 70-ə yaxın ölkənin tariflərin yüngülləşdirilməsi ilə bağlı Vaşinqtonla danışıqlar apardığı deyilir. ABŞ-nin maliyyə naziri Skott Bessent keçən həftə bildirib ki, bu ölkələr ABŞ ilə birlikdə Çinə "bir qrup olaraq" yanaşmalıdır.

Lakin Asiyanın bir çox ölkəsi yüksələn tariflərlə qarşı-qarşıyadır və 90 günlük fasilənin sonunda tariflərin tam şəkildə bərpa ediləcəyi təqdirdə necə reaksiya verəcəklərini müzakirə edirlər. Bu şəraitdə Pekin Cənub-Şərqi Asiyada strateji qonşuları ilə münasibətlərini və mövqeyini möhkəmləndirməyə çalışır.

Vyetnam və regiondakı bir sıra ölkələr ənənəvi olaraq Çin və ABŞ arasında tərəf tutmaqdan çəkiniblər. Vaşinqton Cənub-Şərqi Asiya üçün vacib ixrac bazarı və mübahisəli Cənubi Çin dənizində Pekinin iddialığına qarşı təhlükəsizliyi təmin edən tərəfdaşdır.

Bununla belə, regiondakı ticarət Çinə sıx bağlıdır və regional blok olan Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına (ASEAN) üzv ölkələr keçən il Çin ixracatının ən böyük alıcıları kimi qeydə alınıb

Vyetnam Tramp administrasiyası ilə ticarət əlaqələrini müzakirə prosesindədir və baş nazirin müavinini artıq Vaşinqtona göndərib. Vyetnam hökuməti 46 faizlik rüsumun yenidən tətbiq olunmaması üçün müdafiə sistemləri də daxil olmaqla daha çox ABŞ malları alacağını vəd edib.

ABŞ-yə ixracat Vyetnamın ümumi daxili məhsulunun (ÜDM) 30 faizini təşkil edir. Həmçinin son illərdə Çinin bir çox şirkəti Vaşinqtonun tətbiq etdiyi tariflərdən yayınmaq üçün Vyetnama köçüb ki, bu da ölkənin iqtisadiyyatına müsbət təsir edib.

Çin digər bölgələrə nüfuz etmək üçün diplomatik imkanlar axtarır

Pekin ABŞ tariflərindən sonra diplomatik mənada faydalanmaq üçün geniş şəbəkə qurmağa çalışır.

Keçən həftə Çin Malayziya, Səudiyyə Ərəbistanı və Cənubi Afrika Respublikası ilə videozənglər vasitəsilə müzakirələr aparıb. S.Cinpin aprelin 13-də İndoneziya prezidenti Prabovo Subianto ilə telefonla danışıb və bildirib ki, Pekin İndoneziya ilə strateji tərəfdaşlığı dərinləşdirmək niyyətindədir.

Brüssel isə iyulda Aİ-Çin sammitinə ev sahibliyi etməyi planlaşdırır. Həmçinin, keçən həftə Avropa İttifaqı bəyan edib ki, blok Çindən idxal edilən elektrikli avtomobillərə tətbiq etdiyi tariflərə görə yaranan mübahisəni çözmək üçün Pekinlə danışıqları bərpa etməyə razıdır. Aİ müvafiq tariflə bağlı qərarı 2024-cü ildə qəbul edib.

İspaniya baş naziri P.Sançesin Pekin səfəri də manşetlərə çıxıb, o, ABŞ ilə münasibətlərdə yeni reallıqlara uyğunlaşarkən Avropanı Çinlə münasibətlərini bir daha nəzərdən keçirməyə çağırıb. Bu şərhlərə ABŞ maliyyə naziri Bessent etirazla cavab verib. O, Pekinlə əməkdaşlığı "öz boğazını kəsmək" ilə müqayisə edib.

Analitiklər bildirir ki, Brüssel və Pekin arasında yaxınlaşma ehtimalı yoxdur. Çünki Çin Ukraynadakı müharibədə Rusiyanı dəstəkləməklə Avropa İttifaqı ilə münasibətləri ciddi şəkildə zədələyib.

Lakin Trampın tariflərlə bağlı təhdidləri, eləcə də Ukraynadakı müharibəni necə bitirmək barədə ABŞ ilə bağlı fikir ayrılığı Avropa hökumətlərini xarici siyasətlərini tənzimləməyə vadar edir. Bu da onların Asiyada Hindistan, Yaponiya və Cənubi Koreya kimi və Avropada Norveç və Britaniya kimi digər "oxşar düşüncəli" tərəfdaşlarla daha sıx ticarət tərəfdaşlığı qurmağa imkan verə bilər.

"Avropa, oxşar fikirdə olan tərəfdaşlar vasitəsilə ticarəti möhkəm şəkildə təşviq etməyə sərmayə qoyacaq. Avropa İttifaqı çox fəal bir ticarət siyasəti həyata keçirəcək və yeni ticarət razılaşmaları imzalamağa çalışacaq", –Avropa Parlamentinin keçmiş üzvü Reynhard Butikofer bildirib.

Yazı AzadlıqRadiosunun müxbiri Rid Stendiş tərəfindən hazırlanıb.