Çexiya şirkətlərin "qara siyahı"sına görə Rusiyadan izahat tələb edir
18 Aprel 2026
Rusiya Avropada bir sıra şirkətlərin siyahısını açıqladıqdan sonra Çexiya rəsmi Moskvadan izahat tələb edib. Çexiyanın xarici işlər naziri Petr Matsinka aprelin 16-da Rusiyanın Praqadakı səfirini çağıraraq bu bəyanatları Çexiya tərəfinə izah etməsini istəyib. Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Rusiya Müdafiə Nazirliyinin siyahısı və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin açıqlamaları fonunda "Çexiyanın bir neçə şirkəti… Rusiya hücumlarının mümkün hədəfləri kimi göstərilib".
Rusiya Müdafiə Nazirliyi (MN) aprelin 15-də, əsasən, Avropa ölkələrində yerləşən çoxsaylı şirkətlərin ünvanları yer alan siyahı yayıb, bu şirkətlərin Ukrayna üçün hücum dronlarının istehsalına dəstək verdiyini iddia edib. Nazirlik xəbərdarlıq edib ki, bu cür əməkdaşlıq "bu ölkələri Rusiya ilə müharibəyə daha sürətlə cəlb edir" və "gözlənilməz nəticələrə səbəb ola bilər".
Kreml dəfələrlə Qərbi, xüsusilə Avropanı Ukraynada müharibəni eskalasiyaya sürükləməkdə ittiham edib. Rusiyanın işğalçı müharibəsi artıq beşinci ildir davam edir.
Avropanın bir sıra ölkələri Ukrayna ilə müdafiə əməkdaşlığını genişləndirmək planlarını açıqlayıb. Bu təşəbbüslərə birgə dron istehsalı ilə yanaşı, Kiyevin döyüş meydanında dronlardan istifadə təcrübəsinin öyrənilməsi də daxildir.
Almaniya Ukraynanın dron sənayesinə dəstəyini davam edəcəyini və birgə istehsal layihələrinə start verəcəyini bildirib. Norveç isə Kiyevlə əməkdaşlığı, o cümlədən Ukrayna dronlarının istehsalını artıracağını açıqlayıb.
Rusiya Kiyev üçün dron istehsal edən Avropa şirkətlərinin siyahısını yayıb
Aprelin 15-də Rusiya Müdafiə Nazirliyi müxtəlif ölkələrdə yerləşən şirkətlərin siyahısını dərc edib. Nazirlik bu şirkətlərin Ukrayna üçün zərbə dronlarının istehsalı ilə əlaqəli olduğunu bildirir.
Siyahıya 11 Ukrayna müəssisəsinin Böyük Britaniya, Danimarka, Latviya, Almaniya, Niderland, Litva, Polşa və Çexiyadakı filialları daxil edilib. Çexiya, İsrail, Türkiyə, İtaliya, İspaniya və Almaniyada yerləşən daha 10 şirkət dron komponentlərinin istehsalçısı kimi göstərilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, bu siyahının yayımlanmasında məqsədi Avropa ictimaiyyətini Ukrayna üçün dron istehsalı ilə bağlı müəssisələrin ünvanları barədə məlumatlandırmaqdır.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bunu Rusiya hərbi qüvvələri üçün "potensial hədəflərin siyahısı" adlandırıb.
"Zərbələrin nə vaxt reallığa çevriləcəyi bundan sonra baş verənlərdən asılıdır. Avropalı tərəfdaşlar, rahat yatın!", – Medvedev yazıb.
Bu açıqlama Ukrayna prezidenti Volodimir Zelenskinin aprelin 14-də Berlində Almaniya kansleri Fridrix Merts ilə görüşündən sonra verilib. Görüşdə Kiyev və Berlin 4 milyard avro dəyərində müdafiə paketi barədə razılığa gəliblər. Paketə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxildir.
Bundan sonra Rusiya bir daha bəyan edib ki, Ukraynaya silah tədarükü münaqişəni yalnız uzadır.