“Cəbhədən cəbhəyə”: azərbaycanlı legionerlərin heyrətamiz taleyi Pressklub.az-da...
29 Oktyabr 2024
Müharibələr tarixi müxtəlif millətlərdən olan insanların bənzərsiz həyat hekayələri ilə doludur. Məşhur ingilis filosofu Tomas Hobsun da qeyd etdiyi kimi, savaş - insanın ən təbii reaksiyasıdır. Hətta Nitşe və Froyddan ilhamlanan bəzi psixoloqlar insanın psixoloji özünüdərki prosesinin məhz isti döyüşdə üzə çıxdığını vurğulayırlar.
Haqqında danışacağımız şəxsiyyətlər isə bir anda özlərini iki düşmən dövlətin qanlı savaşının ortasında tapıblar. Və ən ağrılı olanı budur ki, bu savaş onların nə seçimi, nə də arzusu olub. Fəqət onlar qaçıb gizlənmək yerinə döyüşərək həyatda qalmaq yolunu seçiblər. Canlarını qorusalar da adlarını xilas etmək onlara müyəssər olmayıb…
Bu dəfə sizlərə baş qəhrəmanları Molla Məzahir, Adil müəllim, “fransız Daxil” və “alman İsa” olan, İkinci Dünya Müharibəsi kimi nəhəng bir savaşın hər iki cəbhəsində vuruşmuş bir qrup azərbaycanlının möhtəşəm həyat hekayəsindən danışacağıq.
Bəli, düz tapdınız, adlarını çəkdiyim şəxslər Almaniya tərəfindən formalaşdırılmış Azərbaycan legionunun əsgərləri olub. Keçdikləri döyüş yoluna istinadən biz onlara həm SSRİ müharibə veteranı, həm legionçu, həm də partizan deyə bilərik.
Əfsus ki, SSRİ istintaq orqanlarının arxivlərində onlara sadəcə bir ad verilib – “vətən xaini”.
SSRİ-nin onlara vurduğu bu damğa bizləri adları çəkilən dörd dostun taleyini araşdırmağa və onların təmiz adlarını tarix səhifələrində bərpa etməyə sürüklədi…
***
Bu şəxslərin həyatını araşdırdıq. Onların taleyini nəhəng bir dənizin üzərində yelkəni qırılmış qayığa bənzədə bilərik. Amansız dalğalar bu qayığı Lənkərandan Ukrayna cəbhəsinə, oradan Polşaya, daha sonra Fransaya və digər Avropa ölkələrinə, ən nəhayət yenidən vətənə sürükləyib. Sovet hakimləri onların müharibədə sınmayan qələmlərini məhz Bakıda, bir fərmanla qırıb atıb.
Lakin ən sonunda taleyin hökmü hökmdarın zəhmindən üstün gəlib.
Qısası, bu 4 dostun birlikdə çıxdıqları yolda başlarına gəlməyən müsibət və bəla qalmayıb. Onlar döyüşüb, dəfələrlə ölümlə üz-üzə gəlib, bir-birilərinin həyatını xilas edib, əsir düşüb, azadlıq üçün çarpışıb və sonda gözlənilməz xəyanətin qurbanı olaraq özlərini bir istintaq təcridxanasında tapıblar.
***
Bir təsadüf nəticəsində izlərinə düşdüyümüz bu qəhrəmanlar barədə aylarla davam edən araşdırmalarımız onların dünyaya göz açdığı yerdə, Lənkəranda başladı. Burada onların ailə üzvlərini tapdıq, onlarla söhbət edib, həyat hekayəsini yazdığımız şəxslərin xarakterlərini öyrənməyə müyəssər olduq. Hətta Adil Quliyev və Daxil Əsədovun övladlarının atalarının legiondakı fəaliyyətindən xəbərsiz olduqlarını müəyyən etdik. Lənkəranın kəndlərini dolaşıb, onları tanıyan insanlarla ünsiyyət qurduqca bir çox yeni məlumatlar əldə etdik.
Ardınca Bakıya yollandıq. Araşdırmamız paytaxtdakı arxivlərin tozlu rəflərində davam etdi. Milli Arxiv İdarəsi və Dövlət Təhlükəsizlik Xidməti başda olmaqla bir çox qurumlara müraciət etdik ki, heç olmasa legionçuların ölkəyə qayıtdıqdan sonra nədə ittiham edildiklərini daha aydın öyrənək.
Varşavada II Dünya müharibəsi veteranlarına qoyulan abidə önündə
Tədqiqatımız ölkə daxilində yekunlaşmadı. II Dünya müharibəsində legionçuların qərargahına çevrilmiş Polşanın paytaxtı Varşavaya yollandıq. Burada bir neçə universitetin tarixçiləri və arxiv idarələrinin əməkdaşları ilə həmsöhbət olduq. Hekayəmizin qəhrəmanları barədə əsaslı bir sənəd, yaxud tarixi fakt aşkar edə bilməsək belə, çox ciddi bir iddia, bəlkə də ittihamla geri döndük...
Qısası, Azərbaycan legionunun mollası Məzahir Tağıyevi araşdırmaq üçün çıxdığımız yolda, hələ tarix kitablarımızın yazmadığı cahan savaşının yeni azərbaycanlı mücahidlərini kəşf etdik. Aylarla davam edən axtarışlarımızın nəticəsində möhtəşəm bir həyat hekayəsini yaratmağa müyəssər olduq.
Yaxın günlərdə Pressklub.az-da bu hekayətlə qarşınıza çıxacağıq.
Nicat İsmayılov