Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bundan sonra bizim reklam sifarişçimiz yalnız sizsiniz!
Təsisçinin oxuculara müraciəti

Dəyərli oxucularımız!

Cəmiyyətin maraqlarını üstün tutacağını vəd edən bir nəşrin müstəqilliyini qorumaq üçün mübarizə apardığı şəraitdə sözünü tutmağının nə qədər çətin olduğunu izah etməyə gərək varmı?


Ona görə yox ki, həqiqəti söyləmək və nəyisə sübut etmək təhlükəlidir. Hər şeydən əvvəl ona görə ki, bu, bahalıdır.

 

Gördüyümüz bütün işlər xərclərlə bağlıdır - araşdırmalar, təhlillər, birinci mənbədən məlumat əldə etmək üçün münaqişə zonalarına səfərlər və hətta dezinformasiya fabrikinin fasiləsiz işlədiyi şəraitdə faktları dönə-dönə yoxlamaq. Biz bu vəzifələri vicdanla yerinə yetirməyə çalışırıq. Çünki sizin təkcə nə baş verdiyini deyil, həm də dəyişikliklərin mahiyyəti, hadisələrin səbəbini bilmək hüququnuz var, bizsə bunlar barədə sizə çoxlu maraqlı və vacib şeylər danışa bilərik.


Müstəqil mətbuatın məhdud reklam bazarına gedən yolunun bağlı, siyasi cəhətdən neytral mənbələrin dəstəyinin isə əlçatmaz olduğu indiki şəraitdə sağ qalmağın ən təmiz yolu – pullu məzmuna keçid, oxucuların ödədiyi vəsait hesabına fəaliyyəti davam etdirməkdir. Biz də dünyanın bir çox ölkələrində tətbiq edilən bu sistemə keçməyə hazırlaşırıq.


Qərar qəbul etməzdən əvvəl fokus-qruplarda sorğular keçirmiş, bir çox oxucularla məsləhətləşmişik. Həmsöhbətlərimizin bizə verdikləri sualların sizdə də yaranacağını təxmin etdiyimiz üçün onlardan daha tez-tez səslənənlərə burada cavab verməyə çalışacağıq:


"İnternetə çıxış üçün ödəniş etmişəmsə, niyə saytın materialları üçün də pul ödəməliyəm?"


İnternetdən istifadəyə görə aylıq ödədiyiniz vəsait sayta illik abunə üçün müəyyənləşdirilmiş məbləğdən xeyli yüksəkdir. Və bu halda da biz – interneti materiallarla təmin edən mətn istehsalçıları – provayderlərin gəlirlərindən heç nə əldə etmirik. Əksinə, geniş auditoriyaya xidmət göstərmək üçün yüksək sürətli xəttə ehtiyacımız olduğuna, həm də “kommersiya təşkilatı” hesab edildiyimizə görə onlara oxuculardan çox vəsait ödəyirik.


"Xəbərləri başqa saytlarda pulsuz oxuya bilirəmsə, niyə bura ödəniş etməliyəm?"


Əlbəttə, bazarda pulsuz xəbər saytları çoxdur. Amma Pressklub.az saytına daxil olun və görəcəksiniz ki, biz “fərqli jurnalistika” ilə məşğuluq. Bizim müəlliflər hadisələri təhlil edir, “niyə?”, “bu nə verir?”, yaxud “hansı təhdidlər yaradır?” kimi suallara cavab axtarır, bir material üzərində günlərlə çalışır, ekspertlərlə danışır, sənədləri araşdırır, yeni mövzular açır, problemlərin sadalanması ilə kifayətlənməyərək, insanları onların həllinə yönəldirlər. Bu tip məqalələr düşünən oxucu üçün nəzərdə tutulub, onların hazırlanması çoxlu səy və xərc tələb edir. Yüksək keyfiyyətli məhsul istehsalına davam edə, mövzu və müəllif dairəsini genişləndirə bilmək üçün indi redaksiya oxuculardan dəstək istəyir. Gündəlik xəbərlərə gəlincə isə, onlar Pressklub.az saytında bundan sonra da pulsuz saxlanılacaq, lakin analitik xarakterli eksklüziv materiallara giriş yalnız abunəçilər üçün açıq olacaq.


"Bəs abunə haqqını ödəyə bilməyənlər necə olacaq?"


Biz müəyyən etdiyimiz qiyməti ədalətli və əslində çox kiçik (ayda 1 fincan qəhvədən də ucuz!) hesab edirik. Amma başa düşürük ki, müxtəlif şəraitlər ola bilər və mümkün qədər çox oxucuya informasiyaya çıxış təmin etmək üçün əlimizdən gələni edəcəyik. Məhz buna görə ilin sonunadək abunə haqqına böyük endirim tətbiq etmişik - ayda cəmi 1 manat. Gələcəkdə tələbələr, təqaüdçülər üçün güzəşt sistemini saxlamağı düşünürük. Ancaq büdcəniz bu qiyməti də ödəməyə imkan vermirsə, zəhmət olmasa, [email protected] ünvanına yazın, həll yolunu tapmağa çalışacağıq. Abunə ilə bağlı digər suallarınızı da eyni ünvana göndərə bilərsiniz.


Pressklub.az saytı mayın 6-dan ödənişli sistemə keçəcək. Artıq qeyd etdiyimiz kimi, xəbərlər hamı üçün açıq qalacaq, eksklüziv materiallarla isə həmin tarixdən yalnız abunəçilər tanış ola biləcəklər. Çox ümid edirik ki, bu, demək olar, məcburi yenilik bizi heç bir sadiq oxucumuzdan ayırmayacaq.


Abunə qaydalarını saytın ana səhifəsinin sağ küncündə tapa bilərsiniz. Biz bu yeri düz beş il reklam sifarişçiləri üçün saxlamışıq. İndi bizim reklam sifarişçimiz yalnız sizsiniz!


Arif Əliyev,

Bakı Mətbuat Klubunun rəhbəri