Logo
news content
User
Kateqoriyalar

Xəbər

Brüsseldən Ermənistana gömrük güzəşti: İxracın 80 faizi rüsumdan azad edilir

"Ermənistan və Avropa İttifaqı heç vaxt olmadığı qədər yaxındır" – bu sözləri baş nazir Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında deyib. Paşinyan qeyd edib ki, yaxınlaşma təkcə siyasi açıqlamalardan ibarət deyil, eyni zamanda iqtisadi və praktiki sahələrdə də real şəkildə özünü göstərir.

Görüşdə Ermənistan iqtisadiyyatının şaxələndirilməsi və Aİ-nin dəstək mexanizmlərinin tətbiqi ilə bağlı birgə fəaliyyət müzakirə olunub. Baş nazir erməni məhsullarının avtonom ticarəti layihəsini üzv dövlətlərə təqdim etdiyinə görə Avropa Komissiyasına minnətdarlığını bildirib. "Bu qərar qüvvəyə mindikdən sonra Ermənistan nə namizəd ölkə, nə də azad ticarət sazişi olmadan Aİ-nin bu mexanizmindən faydalanacaq ilk dövlət olacaq".

Paşinyan layihənin yaxın vaxtlarda qəbul olunacağına ümid etdiyini söyləyib.

Fon der Lyayen: "Ermənistan Aİ-yə yaxınlaşdıqca, Cənubi Qafqaz da yaxınlaşır"

Ursula fon der Lyayen isə çıxışında Yerevana tam dəstək ifadə edib: "Bura bizə güvənə biləcəyinizi demək üçün gəlmişəm. Ermənistan Avropa İttifaqına yaxınlaşdıqca, Cənubi Qafqaz da bizə yaxınlaşır".

Komissiya sədri Ermənistanın qarşılaşdığı iqtisadi çətinliklərə də toxunub: "Bilirəm ki, Ermənistan hələ də Rusiyanın iqtisadi təzyiqləri ilə üzləşir – bu, artıq iqtisadi zorakılıq həddinə çatıb. Amma əmin olun, tərəfdaşlarımıza təzyiqlər artdıqca, Aİ fəallaşır və lazımi addımları atır".

Bu çərçivədə Ermənistanın ticarət imkanlarını artırmaq məqsədilə tezliklə əlavə 18 milyon avro ayrılacağı açıqlanıb. Həmin vəsaitin erməni şirkətlərinin ixrac potensialını gücləndirəcək xüsusi agentliyin yaradılmasına yönəldilməsi nəzərdə tutulur.

Sözügedən məbləğ iyunun əvvəlində Paşinyanla telefon danışığı zamanı razılaşdırılan 52 milyon avroluq dəstək paketinin son hissəsidir. Həmin vaxt fon der Lyayen Rusiyanın məhdudiyyətlərinə qarşı durmaq üçün Ermənistana 50 milyon avroluq xüsusi paketin hazırlandığını da bəyan etmişdi

"İkincisi, biz avtonom ticarət qaydalarını təklif edirik. Bu o deməkdir ki, Avropa İttifaqına ixracın təxminən 80 faizi liberallaşacaq. Yəni bizimlə ticarətinizin 80 faizi rüsumsuz olacaq", - Fon der Lyayen əlavə edib.