Logo
news content
User
Kateqoriyalar

Xəbər

Blinken və Fidan Cənubi Qafqazda sülhü müzakirə ediblər

Cümə axşamı ABŞ və Türkiyənin baş diplomatları digər aktual problemlərlə yanaşı, Cənubi Qafqazda möhkəm sülhə nail olunması məsələlərini müzakirə etmək üçün söhbət ediblər. Xəbəri Turan-ın Vaşinqtondakı müxbiri verib.

Entoni Blinken və Hakan Fidan telefonla danışıq zamanı dövlət katibi oktyabrın 23-də Ankarada baş vermiş terror aktı ilə əlaqədar xarici işlər nazirinə başsağlığı verib.

Tərəflər Livanda "mavi xətt" boyunca münaqişənin diplomatik yolla nizamlanması üzrə davam edən səyləri müzakirə ediblər.

"Dövlət katibi təkrar edib ki, Qəzzada müharibəyə son qoymağın və girovları evə qaytarmağın vaxtı çatıb", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

"Onlar həmçinin Cənubi Qafqazda ədalətli və möhkəm sülhə nail olmağın vacibliyini müzakirə ediblər, bunun bütün dünyaya fayda gətirəcəyini qeyd ediblər", deyə Miller vurğulayıb.

Blinkenin Fidana zəngi ABŞ-ın baş diplomatının Yaxın Şərq səfərini tamamladığı və Livan baş naziri, İordaniya və BƏƏ XİN başçıları da daxil olmaqla, Yaxın Şərq ölkələrinin liderləri ilə görüşmək üçün Londona gəldiyi bir vaxtda baş tutub.