Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Bizi dəhşətə gətirir" - BMT İranda əcnəbilərlə təmas qadağasını pislədi

BMT-nin faktaraşdırıcı missiyası İranı ölkə vətəndaşlarının xarici şəxslər və qurumlarla əlaqələrini cinayət sayacaq qanun layihəsini qəbul etməməyə çağırıb.

Sənəd "Xarici təsirə qarşı mübarizə haqqında" qanun layihəsi kimi tanınır. BMT ekspertlərinin sözlərinə görə, məqsəd iranlılarla xarici subyektlər arasında əlaqələri tənzimləməkdir.

BMT-nin İran üzrə Müstəqil Faktaraşdırıcı Missiyası xəbərdarlıq edib ki, sənədin qəbulu əsas azadlıqları sarsıda bilər.

"Layihənin qəbulu əsas azadlıqların repressiyasının güclənməsi, iranlıların beynəlxalq ictimaiyyətdən təcrid olunması yönündə təhlükəli addım ola bilər", - qurum qeyd edir.

Missiyanın məlumatına görə, qanun layihəsi akademik əməkdaşlığı, nəşr fəaliyyətini, xarici media ilə əlaqələri, beynəlxalq konfranslarda iştirakı əhatə edəcək. Müəyyən kommersiya və maliyyə əməliyyatları da buraya daxil olacaq.

Layihə qanun kimi qəbul olunarsa, jurnalistlər, alimlər, fəallar və digər şəxslər xarici qurumlarla əlaqələrinə görə 30 ilədək həbs cəzası ilə üzləşə bilərlər.

"İran hökumətinin adi iranlıların xarici dünya ilə istənilən əlaqəsini bütövlükdə cinayət hesab etməyə yönələn addımları bizi dəhşətə gətirir", – üç üzvdən ibarət missiyanın sədri Sara Hüseyn deyib.

BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi May Sato da qanun layihəsinin geri götürülməsi ilə bağlı missiyanın çağırışını dəstəkləyib.