Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarusda "əcinnə ovu" davam edir: Daha bir jurnalist 6 il həbs cəzası aldı

Belarus məhkəməsi Azadlıq Radiosu Belarus xidmətinin müxbiri Andrey Kuzneçikə 6 il həbs cəzası kəsib.

Azadlıq Radiosu Nastoyaşie Vremya TV proqramının məlumatına görə, bu barədə iyunun 8-də onun həyat yoldaşı özünün Feysbuk səhifəsində yazıb.

Mənbə yazır ki, iyunun 8-də Mogilev Vilayət Məhkəməsində qapalı məhkəmə prosesi keçirilib və jurnalist “ekstremist qrup yaratmaq” maddəsi ilə təqsirli bilinib. Proses bir neçə saat sürüb.

Andrey Kuzneçik Azadlıq Radiosu Belarus xidmətinin teleqram kanalını idarə edirdi.

Jurnalist 2021-ci il noyabrın 25-də saxlanıb. Onun mənzilində axtarış aparılıb, təhlükəsizlik qüvvələri telefonlar, kompüterlər və digər avadanlıqları müsadirə edib.

Hökumətyönlü teleqram kanallarının məlumatına görə, noyabrın 26-da Minsk məhkəməsi onu “xırda xuliqanlıq”da təqsirli bilərək 10 sutka həbs cəzasına məhkum edib.

Bu müddət bitdikdən sonra jurnalistin həbs müddəti eyni maddə ilə daha 10 sutka uzadılıb. Jurnalist həmin vaxt bütün ittihamları rədd edib.

Ötən il dekabrın ortalarında ikinci müddət başa çatsa da jurnalist azadlığa buraxılmayıb. Qohumlarına onun barəsində cinayət işi açıldığı bildirilib, amma bunun hansı maddə ilə bağlı olduğu barədə heç nə deyilməyib.

Belarusun təhlükəsizlik qüvvələri 2021-ci ilin iyulunda Azadlıq Radiosu Belarus xidmətinin Minskdəki ofisinə soxulub. Reyd zamanı bir neçə jurnalist saxlanıb və bir qədər sonra ölkədən çıxmamaq şərti ilə sərbəst buraxılıblar.

Belarus Daxili İşlər Nazirliyi dekabrın 3-də Azadlıq Radiosu Belarus xidmətinin internet resurslarını “ekstremist birləşmə” kimi tanıyıb.

2022-ci il martın 3-də məhkəmə Azadlıq Radiosu Belarus xidmətinin jurnalisti Oleq Qruzdiloviçi bir il yarım azadlıqdan məhrum edib.

O, akkreditasiyasının ləğvindən sonra icazəsiz mitinqdə iştirakda ittiham edilib. Qruzdiloviç ittihamı rədd edir. O aksiyada iştirak etmədiyini, sadəcə işini gördüyünü, hadisə yerindən reportaj hazırladığını bildirib.

Onun sözlərinə görə, akkreditasiyanın olmamasına baxmayaraq, o, həmin vaxt , həmçinin “Narodnaya volya” qəzetinin müxbiri olub.