Logo
news content
User
Kateqoriyalar

Xəbər

Belarus sərhədində 120 minlik qoşun toplanır, Ukrayna mümkün hücuma hazırlaşır

“Belarusda gələn il fevralın sonunadək Rusiya qoşunlarının iştirakı ilə Ukraynaya şimaldan hücum hazırlamaq üçün 120 min hərbçidən ibarət qruplaşma yaradıla bilər”.

"Ukraina online" xəbər verir ki, bunu Belarusun siyasi və dövlət xadimi Pavel Latuşko bildirib.

Onun sözlərinə görə, Prezident Aleksandr Lukaşenkonun guya Ukrayna, Polşa, Litva, NATO-nun ölkəsini təhdid etməsinə dair bütün bəyanatları Rusiya qoşunlarının Belarus ərazisinə gətirilməsi məqsədi daşıyır.

P.Latuşko deyib ki, növbəti mərhələ Belarusda səfərbərlik olacaq.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev isə deyib ki, Ukrayna qoşunları düşmənin Belarusdan mümkün hücumuna hazırdır: "Əgər lazım gələrsə, Ukrayna Silahlı Qüvvələri şimal sərhədində qüvvələr toplaya bilər”.

Onun sözlərinə görə, Ukrayna ordusu Belarus istiqamətindən ehtimal edilən istənilən hücumun qarşısını almağa hazırdır: "Hazırda Ukraynanın şimal sərhədi yaxınlığında vəziyyət nəzarət altındadır".

Qeyd edək ki, Pavel Pavloviç Latuşko 1973-cü il fevralın 10-da Belarusun Minsk şəhərində anadan olub. Bir sıra dövlət vəzifələrində işləyib. 2009-2012-ci illərdə Belarusun mədəniyyət naziri, 2000-2002-ci illərdə Belarus Xarici İşlər Nazirliyinin informasiya şöbəsinin rəhbəri, mətbuat katibi, 2002-ci il dekabrın 6-dan 2008-ci il oktyabrın 31-dək ölkəsinin Polşada fövqəladə və səlahiyyətli səfiri, 2012-2019-cu illərdə Fransada fövqəladə və səlahiyyətli səfiri, Belarusun UNESCO yanında daimi nümayəndəsi, eyni zamanda 2013-cü il mayın 20-dən İspaniya Krallığı və Portuqaliyada səfiri olub.

O, 2019-cu ilin mart ayında Yanka Kupala Milli Akademik Teatrının direktoru vəzifəsinə təyin edilib. 2020-ci ildə kütləvi etirazlar zamanı teatr aktyolarının tətilini dəstəkləyib. Həmin il avqustun 17-də Yan Kupala Teatrının direktoru vəzifəsindən azad edilib.