Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakının dərdi var, Bakı xəstədir....

Koronavirus pandemiyası təkcə səhiyyə və iqtisadiyyatda deyil, demək olar, bütün istiqamətlərdə statistik göstəriciləri dəyişdirib. Dövlət Statistika Komitəsinin (DSK) yayımladığı bilgilərdən aydın olur ki, pandemiyadan sonra Azərbaycanda zərərli maddələrin atmosferə atılmasına dair göstəricilərdə ciddi dəyişikliklər var. Rəsmi rəqəmlərə görə, pandemiyaöncəsi 2019-cu ildə Azərbaycanda atmosferə atılan çirkləndirici maddə həcmi 1 milyon 122 min ton olub. Pandemiya ilə bağlı məhdudiyyətlərin tətbiq edilməyə başlandığı 2020-ci ildə bu rəqəm 25 faiz və ya 300 min tona yaxın azalıb. 2021-ci ildə atmosferə atılan zərərli maddələrin həcmi bir qədər artsa da, yenə də pandemiyadan öncəki göstəricinin uzağında qalıb. Ötən il ölkədə atmosferə toplam 880 min ton zərərli maddə atılıb.

Avtomobillərin sayı artsa da, atmosferə təsiri azalıb


Rəsmi göstəricilərdə atmosferə atılan zərərli maddələr iki mənbə üzrə gözdən keçirilir: 1) Avtomobil nəqliyyatından atmosferə atılan zərərli maddələr və 2) stasionar mənbələrdən atmosferə atılan zərərli maddələr. Azərbaycanda atmosferə atılan zərərli maddələrin əsas hissəsi avtomobil nəqliyyatının payına düşür. Pandemiyayadək ölkədə belə maddələrin 85 faizi məhz avtomobil nəqliyyatının payına düşürdü. Pandemiya dövründə ciddi hərəkət məhdudiyyətlərinin tətbiq edilməsi avtomobillərin atmosferə təsirini də azaldıb. Əgər 2019-cu ildə Azərbaycanda avtomobillər atmosferə 945 min ton zərərli maddə "qazandırmışdısa", 2020-ci ildə bu rəqəm 694 min tona enib. 2021-ci ildə bu göstərici 723 min tona yüksəlsə də, yenə də pandemiyaöncəsi göstəricidən 20 faizə yaxın aşağı olub.

Avtomobillərlə bağlı bir məqam da diqqət çəkir. 2020 və 2021-ci illərdə avtomobil nəqliyyatından atmosferə atılan zərərli maddələrin həcmi azalsa da, avtomobil qəzalarının sayı nisbətən az azalıb. Əgər 2019-cu ildə ölkədə toplam 1 min 870 avtonəqliyyat hadisəsi baş vermişdisə, 2020-ci ildə bu rəqəm 15 faiz azalıb və 1 min 587-ə enib. Eyni dövrdə avtomobillərin atmosferə atdığı zərərli maddələrin həcmi daha yüksək həddə - 25 faizdən çox azalıb. Ötən il avtonəqliyyat hadisələrinin sayı bir qədər də yüksələrək 1 min 649-a çatıb. 2019-cu ildə Azərbaycanda yol qəzalarında həlak olanların sayı 821 nəfər, ötən il 706 nəfər olub.

Avtomobillərlə bağlı daha bir diqqətçəkən məqam: Onların atmosferə yaydığı zərərli maddə və yol-nəqliyyat hadisələrinin sayı azalsa da, ölkədə son iki ildə avtomobil sayı artıb. Rəsmi göstəricilərə görə, 2019-cu ildə Azərbaycanda 1 milyon 214 min minik avtomobili olub. 2020-ci ildə bu rəqəm 1 milyon 264 minə, 2021-ci ildə isə 1 milyon 349 minə yüksəlib. Başqa deyimlə, pandemiya müddətində ölkədəki avtomobil sayı 135 min və ya 11 faiz artıb. Pandemiya dönəmində çatdırılma xidmətlərinə tələbatın artması Azərbaycandakı motosikletlərin də sayını kəskin artırıb. Əgər 2019-cu ilin sonunda ölkədə 4 min motosiklet vardısa, ötən ilin sonuna bu rəqəm 5 min 300-ə yaxınlaşıb, yəni iki ildə 30 faizdən çox artıb.

Su istehlakı artıb


Son dövrlər Azərbaycanda ekoloji məsələlərlə bağlı ən çox müzakirə edilən mövzulardan biri sudur. Azərbaycanda su resurslarının məhdudluğu bu sahədə ciddi çətinliklər yaradır. Su resursları məhdud olsa da, su istehlakçıları çoxalmaqdadır. DSK-nın açıqladığı rəqəmlərə görə, ötən il su istehlakı 10 milyon kubmetri ötüb. 2019-cu ildə bu göstərici 9.5 milyon kubmetr idi. Azərbaycanda sudan istifadə ilə bağlı təəssüf doğuran məqamsa su itkisinin çoxalmasıdır. Ölkədə su resursları ilə bağlı ciddi problem yaşansa da, ötən il təbii qaynaqlardan götürülən 13 milyon 200 min kubmetr suyun 3 milyon 100 min kubmetri nəql zamanı itkiyə gedib. Bu o deməkdir ki, ölkədəki suyun dörddə biri itkiyə məruz qalır.

Adambaşına 0.2 hektar


Azərbaycanda ekoloji mövzularda ən ciddi problemlərdən biri də yaşıllıq sahəsinin azlığıdır. Rəsmi açıqlamaya görə, ölkədə adambaşına düşən yaşıllığın miqdarı 0.2 hektardır. Dünyada bu rəqəm ortalama olaraq 0.48 hektardır. Rəqəmləri müqayisəsi göstərir ki, Azərbaycanda adambaşına düşən yaşıllıq göstəricisi dünya ortalamasından 2.4 dəfə azdır. Bugünlərdə paytaxt Bakıdakı yaşıllıq sahələri ilə bağlı maraqlı rəqəm açıqlanıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi nümayəndəsinin sözlərinə görə, indi paytaxtın 213 min 500 hektar olan inzibati ərazisinin 11 min 528 hektarı yaşıllıq sahələri və açıq məkanlardır. Bu o deməkdir ki, yaşıllıq sahələri Bakının cəmi 5.43 faizini tutur. Bakının baş plan layihəsində həmin göstəricinin 2040-cı ilədək 10 faizə yüksəldilməsi nəzərdə tutulur.

Açıqlanan rəsmi göstəricilərdən həm də bu üzə çıxır ki, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadə ilə bağlı investisiyaların həcmi azalıb. Əgər 2019-cu ildə Azərbaycanda bu məqsədlər üçün 310 milyon manat yatırım edilmişdisə, 2020-ci ildə bu rəqəm cəmi 170 milyon manata geriləyib. 2021-ci ildə isə belə yatırımlar daha da azalaraq 71 milyon manat olub. (Azadlıq Radiosu)