Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakıda yenə Putin əleyhinə şüarlar səslənib

Martın 1-də müxalifətdə olan Azərbaycan Demokratik Rifah Partiyası Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Ərazidə olan polis qüvvələri aksiya iştirakçılarının qarşısını kəsib və yalnız bir nəfərin səfirliyə bəyanat təqdim etməsinə imkan yaradıb.

Aksiya iştirakçıları bildirib ki, məqsədləri Rusiyanın Ukraynaya aqressiyasını pisləməkdir. "Biz səfirliyə bəyanat təqdim etmişik. Rusiya qoşunlarının dərhal Ukrayna ərazisindən çıxarılması tələbi var idi orada. Bu məsələ ilə bağlı partiyamız mövqe sənədini də qəbul edib. Təəssüf ki, səfirliyin nümayəndəsi ilə görüşmək imkan olmadı", - aksiya iştirakçılarından biri vurğulayıb.
Aksiyanın qətnaməsini oxuyandan sonra polis dörd iştirakçını saxlayaraq naməlum istiqamətə aparıb. Həmin vaxt onlar Rusiya Prezidenti Vladimir Putin əleyhinə şüar səsləndiriblər.

Aksiyada səslənən fikirlərə Rusiyanın Bakıdakı səfirliyindən münasibət almaq mümkün olmayıb. Rusiya rəsmiləri isə son günlər vurğulayırlar ki, onların məqsədi Ukraynanı işğal etmək yox, onun neytrallığına nail olmaqdır.

İki gün əvvəl də Azərbaycanda fəaliyyət göstərən müxalif partiyaların təmsilçiləri və bir çox siravi vətəndaşlar Bakıda Ukrayna səfirliyinin önünə toplaşaraq bu ölkəyə dəstək olduqlarını vurğulamışdılar. Onda da Rusiya rəhbərliyi əleyhinə şüarlar səslənmişdi.

Xatırlatma


Fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Ondan üç gün əvvəl Rusiya Ukrayna ərazisində separatçı "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası"nın müstəqilliyini tanımışdı. Altı il əvvəl isə Ukraynanın bir hissəsini –Krımı ilhaq etmişdi. Bu ölkəyə qarşı sanksiyaların ilkin mərhələsi onda başlamışdı. Son hücumdan sonra isə Rusiyaya qarşı Qərb və başqa bəzi ölkələrin sanksiyası daha da genişləndirilib.