Logo
news content
User
Kateqoriyalar

Xəbər

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, 1 nəfər ölüb, 18 nəfər yaralanıb

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub. Qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub. Hadisə nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində 18 nəfərin xəsarət alması, bir nəfərin isə ölməsi ilə bağlı araşdırma aparılır.

Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.