Bakı Kənar Dairəvi-1 avtomobil yolundakı yamacda uçqun olub
29 Oktyabr 2024
Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.
Bunu Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub:
"Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".
O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır:
"Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".