Logo
news content
User
Kateqoriyalar

Xəbər

Babək prospektində sürücülər kütləvi şəkildə cərimələnirlər?

Bakının Babək prospektində "TŞ4-051" nömrəli təhlükəsizlik şəhər kamerasına düşən sürücülərin kütləvi şəkildə cərimələndikləri iddia olunur.

Bununla bağlı video sosial şəbəkədə yayılıb.

Videoda sürücü bildirir ki, qeyd olunan ərazidə avtomobildən istifadə edərkən ona 100 manat, 2 bal cərimə gəlib:

"Sözügedən ərazidə nə avtobus zolağı, nə düz xətt, nə də avtobus yolu olduğunu göstərən yol nişanı var. "TŞ4-051" nömrəli təhlükəsizlik şəhər kamerası necə şəkil çəkib, cərimələyib, bilmirəm".

Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü barəsində xüsusi texniki vasitənin köməyi ilə tərtib olunmuş elektron protokolda yanlışlıq yoxdur:

"Sözügedən videogörüntü ilə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində araşdırma aparılıb. Qeyd edilən ərazidə ümumi istifadədə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan zolaq və yol nişanı mövcuddur. Sürücü barəsində xüsusi texniki vasitənin köməyi ilə tərtib olunmuş elektron protokolda yanlışlıq yoxdur. Sürücülərdən xahiş olunur ki, qaydalara ciddi şəkildə riayət etsinlər, yol nişanlarına və yolun hərəkət hissələrinin tələblərinə diqqət yetirsinlər". (Oxu.az)