Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda qıtlıq və böyük bahalaşma gözlənilir? - AÇIQLAMA

“Bu il dünyada kəskin qida çatışmazlığından əziyyət çəkən insanların sayı 349 milyona çata bilər”.

Bunu Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli bildirib.

Onun sözlərinə görə, 2023-cü ildə ciddi ərzaq qıtlığı proqnozlaşdırılır. İcraçı direktor buna səbəb kimi aclıq, quraqlıq, tədarük zəncirlərinin pozulması, yüksələn yanacaq qiymətləri və nəqliyyat xərcləri, səhiyyə sisteminin hazırkı ağır yükü fonunda qiymətlərin artmasını göstərib.

Bəs görəsən, böhran Azərbaycana təsir edəcəkmi?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, 2023-cü ili iqtisadi cəhətdən gərgin il hesab etmir:



“Bu proqnoz 2022-ci ilin əvvəli üçün daha aktualdır. Doğrudur, bir qədər qiymət səviyyəsi yüksəkdir. Lakin 2023-cü ili gərgin il hesab etmirəm. Ümumdünya Ərzaq Təşkilatı ərzaq qiymətlərinin indeksi ilə bağlı hər ay hesabat verir.

Son 9 ayda apreldən etibarən demək olar ki, hər ay ərzaq qiymətləri 1-2 faiz düşüb. Dekabr ayında da düşüb. Yanvarın əvvəlində hesabata baxsaq, dekabrda təqribən 1,9 faiz aşağı düşüb. Çox əhəmiyyətli deyil. 2021-ci ilin fevralında həm ət, həm dənli bitkilər, yağlar, tərəvəz məhsulları 6,7 faiz düşmüşdü. Birjalar təkcə bu günə qiymət vermir, sabahın risklərini, qorxularını da nəzərə alırlar. Bununla da qiymət formalaşdırırlar”.

Ekspert qeyd edib ki, hazırda dəyər zəncirində problem var:

“Qiymət səviyyəsinin ardıcıl düşməsi birjaların reaksiyasıdır. Ötən ilin ərzaq qiymətləri maksimal idi. 2022-ci ilin orta qiymətləri 2021-in orta qiymətlərindən 14,3 faiz çox idisə, 2022-ci ilin axırı  yəni, 2023-cü ilin əvvəlinə olan qiymətlər 2022-ci orta qiymətlərindən 9 faiz azdır. 2022-ci ili 2021-ci illə müqayisə etsək, 5 faiz artım qalır. Bu, o deməkdir ki, dəyər zəncirində olan problemlər, inflyasiya ilə əlaqədar gözləntilər də aşağı düşüb”.

X.Kərimli əlavə edib ki, Azərbaycanda qıtlıq gözlənilmir:

“Çünki ölkələrlə, məsələn, Rusiya ilə münasibətlərimiz normaldır. Qiymətin birjada dəyişməsi 6 aydan sonra bazarlara gəlib çıxır. Səbəb isə yolda olan mallardır.

Bazarların rəqabətdə olub-olmaması əhəmiyyətlidir. Əgər inhisarçının əlindədirsə, qiyməti qaldırır. Sonra görür ki, camaat öyrəşib, daha endirmirlər. Rəqabətli bazar olanda onu aşağı dartır. Azərbaycanda bir çox bazarlarda bu problem var. Qiymətlərin bu il aşağı düşməsini görəcəyik. 2023-cü ildə qiymətlər stabilləşəcək. Qıtlıq gözlənilmir”. (oxu.az)