Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda problemli kreditlər yenidən artır

Bu il iyunun 1-nə olan məlumata görə, ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 635.4 milyon manata çatıb. Mərkəzi Bankın hesabatına əsasən, bu göstərici mayın 1-i ilə müqayisədə 21.2 milyon manat artıb.

Apreldə isə problemli kreditlərin həcmində 5 milyon manatdan çox azalma qeydə alınmışdı.

Buna baxmayaraq, vaxtı keçmiş öhdəliklərin ümumi məbləği ilin əvvəlindən bəri 78 milyon manat, son bir ildə isə 127 milyon manat artıb.

Rəsmi qurumlar problemli kreditlərdəki bu artım tendensiyasını hələlik şərh etməyiblər. Müstəqil ekspertlər isə prosesi birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin getdikcə pisləşməsi ilə əlaqələndirirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. O dövrdə problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman imzaladı. Həmin fərmana əsasən, 10 min dollara qədər kredit götürmüş fiziki şəxslərin 2015-ci il devalvasiyaları nəticəsində yaranmış borc fərqi dövlət tərəfindən ödənildi. Bu addımdan sonra problemli kreditlər azaldı.

2021-ci ilin əvvəlində vaxtı keçmiş kreditlərin yenidən artdığı açıqlandı və bu, koronavirus pandemiyası ilə əlaqələndirildi.

2022-ci ildə isə problemli kreditlərin azaldığı vurğulanırdı.

Amma son bir ildə, əsasən, əks proses müşahidə edilir.