Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan və Ermənistan arasındakı döyüşlərdə "rus barmağı" varmı?


Azərbaycan və Ermənistan arasında son vaxtlar davamlı olaraq baş verən atəşkəsin pozulması halları çərşənbə axşamı bəzi sərhədboyu ərazilərdə aktiv döyüşlərə çevrilib.





Baş verənləri BBC News Azərbaycancaya şərh edən təhlilçilər silahlı toqquşmalara görə Azərbaycan və Ermənistanı ittiham etsələr də, bu məsələdə “Rusiya barmağı”nın olduğu qənaətindədirlər.




ABŞ Dövlət departamentinin katibi Anthony Blinken Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirərkən, Rusiyanın "aranı qarışdırdığını" istisna etməyib.





Sentyabrın 15-16 tarixlərində Özbəkistanda keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə Azərbaycan və Ermənistan liderlərinin də dəvət edilməsi, Rusiya Prezidentinin iştirakı ilə tərəflər arasında son vaxtlar baş verən hadisələrin müzakirə ediləcəyi ehtimalını gündəmə gətirib.





Bundan əlavə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin də yaxın günlərdə görüşü nəzərdə tutulub.





Bundan əvvəl isə Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan avqustun sonunda Brüsseldə Avropa İttifaqı vasitəçiliyilə görüşərək, sülh razılaşması üzərində işləməyə razılaşmış və hətta əl sıxaraq görüşmüşdülər.





Bəs sülh razılaşmasının hazırlanmasına ümidlərin artdığı bir zamanda və rəsmi təmasların gözlənildiyi ərəfədə Azərbaycan və Ermənistan sərhədində döyüşlərin baş verməsinin səbəbi nədir?




Döyüşlərdə “rus barmağı”




ABŞ Dövlət Departamentinin katibi Anthony Blinken Azərbaycan və Ermənistan sərhədində gərginliyin artmasına münasibət bildirərkən deyib ki, rəsmi Vaşinqton münaqişənin qızışmasında Rusiyanın "aranı qarışdırmış" olmasından narahatdır.





“Bu yolla Rusiya diqqəti Ukraynadakı vəziyyətdən yayındırmağa çalışır”, - amerikalı rəsmi bildirib.





O, Azərbaycan və Ermənistanı düşmənçiliyə son qoymağa çağırıb və əlavə edib ki, Rusiya öz nüfuzundan istifadə edərək, tərəflər arasında “suları durulda” da bilər.





Döyüşlərin müsbət keçdiyi düşünülən son Brüssel görüşündən sonra baş verməsi də, Rusiyanın bu görüşə qısqanclıqla yanaşmış olması barədə spekulyasiyaları da artırıb.










Antony Blinken, ABŞ dövlət katibi





ABŞ Dövlət departamentinin katibi Anthony Blinken Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirərkən, Rusiyanın "aranı qarışdırdığını" istisna etməyib.




Ancaq siyasi tədqiqatçı Laurence Broers-in fikrincə, döyüşlərin Brüssel görüşündən sonra baş verməsi heç də Rusiyanın bu işdə barmağının olması kimi anlaşılmamalıdır.





Onun sözlərinə görə, əksinə hərbi toqquşmalar Rusiyanın regiondakı maraqlarına ziddir. Çünki döyüşlərin intensiv xarakter alması onu göstərir ki, Rusiya bölgədə sülhü qorumaqda acizdir.





“Bu isə Rusiyanın həm Azərbaycanda, həm də Ermənistanda nüfuzunun aşağı düşməsi deməkdir. Kremlin bu cür silahlı toqquşmalarda maraqlı olduğuna inanmıram”, - Broers BBC Azərbaycancaya müsahibəsində deyib.





Bakıda yaşayan siyasi təhlilçi Şahin Cəfərli isə əksini düşünür. Onun fikrincə, bu tip gərginliklərin və lokal toqquşmaların baş verməsində maraqlı olan tərəf "elə Rusiyadır".





O deyib ki, Azərbaycan və Ermənistan arasındakı problemlərin qəti həlli, yəni, hərtərəfli sülh müqaviləsi imzalanaraq, bütün bu mübahisəli məsələlərə son qoyulması və Qarabağ problemi deyilən məsələnin tarixə qovuşması Rusiya üçün "sərfəli" deyil.





“Çünki bu münaqişə tamamilə həll olunduqdan sonra, Rusiya hərbi kontingentinin sülhməramlı adı altında Qarabağda qalmasına da əsas olmayacaq. Digər tərəfdən, hətta mən düşünürəm ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə öz problemlərini həll etməsindən sonra hətta gələcəkdə Rusiya hərbi bazalarının Ermənistandan çıxarılması məsələsi də gündəmə gələ bilər. Rusiya üçün bu təhlükələr var. Ona görə də məncə, bu tip lokal toqquşmaların baş verməsinə Rusiya dövləti şərait yaradır”, - deyə Cəfərli iddia edib.





Şahin Cəfərli hesab edir ki, hər dəfə Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-in təşəbbüsü ilə keçirilən görüşlərdən sonra bu cür lokal hərbi toqquşmaların baş verməsi təsadüfi deyil və burada “Rusiya barmağı” çox açıq-aşkar hiss olunur.





Avqustun 31-də Charles Michel-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan müzakirələrdə tərəflər sülh müqaviləsinin hazırlanması məsələsini gündəmə gəlib.





Hətta sonuncu görüşdə qərara alınıb ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bir ay ərzində görüşüb, sülh müqaviləsinin mətnini hazırlasınlar.





Bu razılaşmadan sonra atəşkəsin pozulma hallarının intensivləşməsini Şahin Cəfərli Rusiyanın bu prosesi pozmaq istəməsi ilə əlaqələndirib.





“Yəni, hər iki tərəf -Azərbaycan və Ermənistan hələ də dərk etmir ki, bütün bunlar onları sülhdən uzaqlaşıdırır, Rusiyanın maraqlarına xidmət edir. Və onlar əslində, Rusiyanın cızdığı qapalı dairənin içində vurnuxmağa davam edirlər”, - təhlilçi qeyd edib.





"Rusiya hazırda Ukraynada baş verənlərlə məşğuldur. Daha bir münaqişəyə başlamaq və ikinci cəbhə açmaq Rusiyanın xeyrinə deyil. Buna görə də, Rusiyanın tamamən fəaliyyətsiz olduğunu görürük", Beynəlxalq Böhran Qrupundan Olesya Vartanyan BBC-yə deyib.





ATƏT-in Minsk qrupunu "dirçəltmə cəhdi"




Hərbi təhlilçi Ədalət Verdiyev isə günahı Ermənistanda görür. O hesab edir ki, döyüş şəraitinin gündəmdə qalması Ermənistana imkan verir ki, dünyanı münaqişənin hələ də bitmədiyinə inandırsın.





Onun fikrincə, Yerevanın məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu məsələyə qoşmaqdır.





“Ermənistan problemlərin həllinə daha çox ölkənin cəlb olunmasında maraqlıdır. Erməni rəsmilərin keçirdiyi son görüşlər də Yerevanın məqsədini tam ortaya qoyur. Ermənistan Müdafiə nazirinin ABŞ-a səfəri, ABŞ Dövlət katibinin köməkçisinin Yerevana gəlməsi, Fransa ilə münasibətlər, ABŞ konqresmenlərindən gələn mesajları buna nümunə göstərmək olar”, - hərbi təhlilçi BBC News Azərbaycancaya bildirib.





Ancaq hazırda Ermənistanda olan BBC müxbiri Qriqor Atanesyan deyir ki, ona danışan təhlilçilərə görə, Ermənistanın təxribat törətməsi barədə iddiaları orada qəbul etmirlər.





"Ermənistan ordusu Azərbaycanın hərbi üstünlüyünü göstərən 2020-ci ildəki müharibədə ağır məğlubiyyətdən sonra, sadəcə olaraq, buna qadir deyil", - deyə Atanesyan yazır.





Millət vəkili Rasim Musabəyov baş verən hərbi toqquşmaların sülh prosesinə əlavə maneə yaratdığın düşünür.





Onun fikrincə, Ermənistan bu cür silahlı toqquşmalara getməklə Minsk qrupu formatını yenidən aktuallaşdırmaq niyyəti güdür.





“Ermənistanın əsas məqsədi isə, Minsk qrupu çərçivəsində sülh danışıqlarında ermənilərin istəklərinin daha çox nəzərə alınmasına şərait yaratmaqdır”, - deputat deyib.





Onun sözlərinə görə, Ermənistan baş verənlərlə bağlı KTMT-yə müraciət etsə də, özü də bilir ki, bu təşkilat ona dəstək verməyəcək.





“Belə olan halda Paşinyan Rusiyadan üz döndərmək üçün müəyyən bəhanələr qazanır və Fransa və ABŞ-ı yenidən bu məsələyə cəlb etməyə çalışır. KTMT-də Ermənistana kömək edə biləcək yeganə ölkə Rusiyadır ki, onun da başı Ukraynaya qarışıb və Ermənistana dəstək olmaq iqtidarında deyil”, - millət vəkili əlavə edib.





“Silah gücünə sülh”




Qafqaz və Mərkəzi Asiya regionu üzrə siyasi tədqiqatçı Laurence Broersin fikrincə, 44-günlük müharibədən sonra Azərbaycan öz üstünlüyündən istifadə edib, tələblərini Ermənistana “təzyiq yolu ilə qəbul etdirməyə” çalışır.





Lakin bu addımın təhlükəli olduğunu bildirən Broers, sülh quruculuğunda güc amilindən yararlanmağın uzunmüddətli sabitliyə risk yaratdığı qənaətindədir.





Onun sözlərinə görə, bu gün Azərbaycan güclüdür və Ermənistanı sülhə məcbur edərək hansısa müqaviləni imzalatdıra bilər, amma növbəti 20-25 il ərzində güc balansının necə dəyişəcəyini heç kəs bilmir.





“Ermənistan yenidən güclənsə, o zaman Yerevan öz mövqeyindən istifadə edib vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Bu isə o deməkdir ki, Azərbaycanın güc yolu ilə əldə etməyə çalışdığı sülh sazişinin ömrü uzun olmayacaq”, - Laurence Broers BBC News Azərbaycancaya bildirib.





“Uzunmüddətli maraqlara uyğun deyil”




Siyasi təhlilçi Şahin Cəfərli qeyd edib ki, bəzi lokal uğurların, hansısa təpələrin, yüksəkliklərin nəzarətə götürülməsi Azərbaycanın uzunmuddətli maraqlarına uyğun deyil.





Onun sözlərinə görə, bu məsələ ilə bağlı əsas problem ondan ibarətdir ki, Azərbaycan Qarabağda Rusiya hərbi kontingentinin olduğu ərazilərə qayıda bilmir.





“Yəni, həmin ərazilər Azərbaycan dövlətinin suverenliyindən kənardadır, faktiki olaraq, Rusiyanın nəzarətindədir. Azərbaycan dövləti çalışmalıdır ki, həmin əraziləri geri qaytarmağa nail olsun”, – Şahin Cəfərli deyib.





O bildirib ki, bu tip toqquşmaların baş verməsi Azərbaycanı bu məqsəddən uzaqlaşdırır, Rusiyanın həmin ərazilərdə qalmasını şərtləndirir.





 Zəngəzur korridoru “düyün”ü




Sosial şəbəkələrdə gedən müzakirələrdə bəzi təhlilçilər və soisal media fəalları döyüşlərin baş verməsini Zəngəzur korridoru ətrafında yaranan “düyün”ün açılmaması ilə əlaqələndirirlər.





Hərbi ekspert Ədalət Verdiyev bu məsələni Azərbaycanın “əks-hücum əməliyyatları” kontekstində şərh edir və bildirir ki, burada əsas məqsəd yalnız Naxçıvanla gediş-gəlişin açılması deyil, Noyabr sazişində yer alan erməni qoşunlarının Qarabağdan çıxarılması, yekun sülh müqaviləsinin imzalanması kimi öhdəliklərin yerinə yetirilməsidir.





Şahin Cəfərli deyir ki, Zəngəzur dəhlizinin hərbi yolla nəzarətə götürülməsinə heç kim imkan verməz.





“44 günlük müharibədən sonra üstünlük Azərbaycana keçib və Azərbaycan öz diplomatiyasını hərbi güclə müşayiət edir. Bu, İlham Əliyevin siyasi kursunda çox açıq hiss olunur. Lakin Zəngəzur marşrutunun hərbi yolla ələ keçirilməsinə nə Rusiya imkan verər, nə də İran. Heç Qərb də bunda maraqlı deyil”, - təhlilçi əlavə edib.





Onun fikrincə, nə qədər ki, tərəflər arasında hərtərəfli sülh müqaviləsi imzalanmayıb, o cümlədən, sərhəd problemləri öz həllini tapmayıb, bu cür insidentlərin baş verməsi ehtimalı hər zaman qüvvədə olacaq.