Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycan COP28-də əldə olunmuş konsensusu konkret həllərə çevirməyi təklif edir

Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Bu barədə prezident İlham Əliyev bu gün Bakıda açılan Pre-COP29  ikigünlük konfransının iştirakçılarına müraciətində bildirib.

“Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. işğaldan azad olunmuş  və “yaşıl enerji” zonaları elan edilmiş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir”, - Əliyev qeyd edib.

Bununla yanaşı, o, "Azərbaycanın imicini ləkələmək" məqsədilə "bəzi media qurumlarında aparılan qarayaxma kampaniyasına" işarə edib.

"Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişikliyinin mənfi nəticələri ilə mübarizə üzrə nəcib missiyanı yerinə yetirməkdən çəkindirməyəcək", - Əliyevin müraciətində deyilir.

Bakıda COP29-da Birləşmiş Ərəb Əmirliklərində əvvəlki konfransda əldə edilmiş konsensusu, əsasən inkişaf etməkdə olan, xüsusilə ada ölkələrinin iqlim problemlərinin həlli üçün hər il 1 trilyon ABŞ dollarının toplanıb və istifadəsi ilə bağlı razılaşmanı dəstəkləmək vacibdir, - Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-a prezident təyin edilmiş Muxtar Babayev Pre-COP29-un açılışında bildirib.

Onun sözlərinə görə, Pre-COP29 çərçivəsində aparılan müzakirələr "Yeni kollektiv kəmiyyət hədəfi"; itkilərə və zərərlərə beynəlxalq reaksiya Fondunun formalaşdırılması məsələsinin dəqiqləşdirilməsi; Yaşıl İqlim Fondu və  digər mühüm məsələlər üzrə irəliləyişə nail olmağa kömək edəcək.

"İqlim maliyyələşməsi məsləhətləşmələrdə, Pre-COP və COP29-un gedişi zamanı əsas məsələlər arasında olacaq", - Babayev deyib.

2025-ci ilin fevral ayına qədər təqdim ediləcək iqlim öhdəlikləri üzrə milli planlarda istixana və qeyri-istixana qazlarının tullantılarını  azaltmaq üçün real addımlar müəyyən ediləcək.

"Hesab edirik ki, parlaq iqlim gələcəyi naminə bütün siyasi fikir ayrılıqları bir kənara qoyulmalıdır", - Babayev deyib və əmin olduğunu bildirib ki, "bunu COP29-un bütün iştirakçıları dəstəkləyəcəklər".

Maliyyələşdirmə iqlim dəyişikliyilə mübarizənin ən vacib elementlərindən biridir, Birləşmiş Millətlər Təşkilatı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib.

COP29-da iqlim dəyişikliyilə mübarizəni  maliyyələşdirmək üçün yeni kollektiv hədəf Birləşmiş Ərəb Əmirliklərində əldə edilmiş konsensusun həyata keçirilməsi üçün vəsaiti təmin etməlidir, - öz növbəsində Birləşmiş Ərəb Əmirliklərində sənaye və qabaqcıl texnologiyalar naziri, Əbu- Dabi Milli Neft Şirkətinin baş direktoru Sultan ben əhməd əl-Caber deyib.

"Biz əhalinin ən həssas təbəqələrinin iqlim dəyişikliyinə müqavimətinin artırılmasına  və bərpasına kömək etmək üçün vəsait ayrılmasını təmin etməliyik", - o deyib.

Birləşmiş Millətlər Təşkilatı baş katibinin müavini Əmina Ceyn Məhəmməd temperaturun daha da artmasının dayandırılmasının vacibliyini qeyd edib.

"Temperaturun get-gedə artması qlobal fəlakətlərə səbəb ola bilər. Biz inkişaf etməkdə olan ölkələrin və beynəlxalq maliyyə institutlarının səsini yüksəldərək maliyyə boşluğunu aradan qaldırmalıyıq. COP29 iddiaları və öhdəlikləri nəticələrə çevirməlidir", - o deyib.