Aviqdor Liberman İsraildəki "azərbaycanlı casuslar" barədə açıqlama verib
22 Oktyabr 2024
İrana casusluqda ittiham olunan ailə İsrailə 35 il əvvəl, 1989-cu ildə köçüb və mətbuatın dediyi kimi "Azərbaycandan" yox, SSRİ-dən. Bu ailənin hamısı qalaxi yəhudilərdir. Bu barədə İsrailin keçmiş müdafiə və xarici işlər naziri, Evimiz İsrail Partiyasının rəhbəri Aviqdor Liberman İsrail mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, "casus şəbəkəsi"nin rəhbəri İsrailə repatriasiya zamanı 8 yaşında olub və İsraildə böyüyüb. Qrupun digər iştirakçıları da İsraildə anadan olublar. Buna görə də bu hadisəni keçmiş SSRİ-dən gələnlərin bütün icmasına aid etmək səhvdir, Liberman deyib.
İranın xeyrinə casusluq əvvəllər İsraildə dəfələrlə baş verib və bütün hallarda səbəb bir şey olub - pul. Bunun arxasında heç bir ideologiya dayanmır. Söhbət pulun cazibəsi qarşısında duruş gətirməyən adamlardan gedir.
İranın xeyrinə casusluq əvvəllər də, hətta indiki müharibə zamanı da baş verib.
Xatırladaq ki, bir neçə gün əvvəl İsrail hakimiyyəti İrana casusluq ittihamı ilə 7 nəfəri həbs edib. Eyni zamanda, onların Azərbaycandan olduğu bildirilib. Məlum olub ki, bu adamlardan yalnız biri SSRİ dönəmində Azərbaycanda anadan olub və milliyyətcə yəhudidir.