Logo
news content
User
Kateqoriyalar

Xəbər

Armen Bağdasaryan: Brüssel razılaşmaları "sülhə aparan addım sayıla bilməz"


Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü Avropa İttifaqı Şurasının prezidenti Charles Michel "pozitiv" adlandırıb və orada "çoxlu irəliləyiş" əldə olunduğunu qeyd edib.





Charles Michel-ın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 6 apreldə Brüsseldə azı 4 saat keçirilmiş görüşdə əsasən iki razılaşma əldə olunub.





Ermənistandan olan siyasi icmalçı Armen Bağdasaryan BBC News Azərbaycancaya sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Birgə Sərhəd Komissiyasının təşkili və sülh sazişinə hazırlıq barədə razılaşmaların əldə olunduğu görüş barədə fikirlərini bölüşüb.





BBC: Ermənistan-Azərbaycan liderlərinin Brüsseldəki son razılaşması sülhə doğru bir addım kimi sayıla bilərmi?





Armen Bağdasaryan: Xeyr, güman etmirəm ki, bunu sülhə doğru aparan addım hesab etmək olar. Çünki arada Qarabağ münaqişəsi var, "Artsax" [ermənilər Qarabağı belə adlandırır-red.] vardır və bu məsələnin xatırlanmadığı, müzakirə olunmadığı istənilən danışıqlar sülhə aparmayacaq. Azərbaycanda hesab etsələr də ki, belə bir məsələ, Qarabağ problemi yoxdur, bu məsələ, bu problem faktiki olaraq vardır və əgər buna əhəmiyyət vermiriksə, nə olursa olsun, danışıqlar nəticə verməyəcək. Odur ki, sülhə aparan addım sayıla bilməz.


BBC: Ermənistan ictimaiyyətinin bu görüşdən gözləntisi nə idi?




Armen Bağdasaryan: Ermənistan ictimaiyyətinin gözləntisi o idi ki, Nikol Paşinyan mənim bayaq dediyim məsələləri Brüsseldə qaldırar.





Yəni deyərdi ki, Azərbaycanın təqdim etdiyi beş müddəa kifayət deyil, gərək Dağlıq Qarabağ haqqında, Dağlıq Qarabağın təhlükəsizlik qarantiyaları, Dağlıq Qarabağın statusu haqqında danışılsın. Çünki, buna göz yumurlarsa, onda sadəcə danışıqlar mənasız olur.





Gözləntilər bu idi, Nikol Paşinyan bu məsələni səsləndirər, lakin gözləntilər gerçəkləşmədi. Hər halda rəsmi bəyanatlarda bu barədə bir söz də yoxdur.





BBC: Nikol Paşinyanın, necə deyərlər, "bədən dili" nə deyirdi?





Armen Bağdasaryan: Mən bu sahədə mütəxəssis deyiləm. Lakin görünürdü ki, Nikol Paşinyan özünü rahat hiss etmir.




BBC: Soçidə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinmişdi. Sizcə, bu istiqamətdə indi yaradılması nəzərdə tutulan Birgə Komissiya ilə əvvəlki razılaşma arasında hansı fərq var?





Armen Bağdasaryan: Elə bir fərq görmürəm. İstənilən halda, müəyyən bir məqamda sərhədlərin delimitasiya-demarkasiyasını etmək lazım olacaq, lakin onu güc işlətməklə, güc tətbiq etmək hədələri ilə etmək olmaz. Bu, tam əks nəticə verər, Azərbaycan-Ermənistan sərhədi boyunca yeni gərginlik eskalasiyasına gətirər. Bunun üçün əvvəlcə gərək digər münasibətlər nizamlansın, lakin bu baş tutmur. Sürətli və ya müsbət hərəkət gözləməyə dəyməz.





BBC: Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel bununla ikinci dəfədir ki, Azərbaycan və Ermənistan liderlərini görüşdürür. Charles Michel Brüssel görüşündən sonra verdiyi açıqlamada deyib ki, onlar iki ölkə arasında ortaq məxrəcə gəlinməsi üçün gərgin işləyirlər. Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülh yaratmaq təşəbbüsünü ələ alırmı və bu nə vəd edir? Və demək olarmı ki, Moskvanın sülh prosesində rolu azalır?





Armen Bağdasaryan: Rusiyanın bölgədə rolunun zəifləməsi müşahidə olunsa belə, söhbət Ukrayna hadisələri ilə bağlı müvəqqəti zəifləmədən gedə bilər. Avropa İttifaqı, təbii ki, ilk növbədə öz maraqlarına əməl edərək, bundan faydalanmağa, regionda öz iştirakını genişləndirməyə çalışır.





Məlumdur ki, Azərbaycan Avropaya, səhv etmirəmsə, qaz ixrac etməyə (artırmağa-red.) hazır olduğunu bildirib. Ehtimal edirəm ki, Avropa İttifaqının bölgəyə marağının birdən artmasının səbəbi budur. Avropa İttifaqı nəinki bizim, azərbaycanlıların və ya "Artsax" (ermənilər Qarabağı belə adlandırır, Qarabağın erməni əhalisi nəzərdə tutulur -red.) xalqının da fikrini çəkmir, Avropa İttifaqı öz maraqlarını güdür və [Aİ-nin] Rusiyanın mövqeyinin zəifləməsi fürsətindən istifadə edərək, bölgədə öz iştirakını daha da genişləndirmək cəhdləri bununla bağlıdır.





BBC: Ermənistan müxalifəti bu görüşdən əvvəl aksiyalar keçirdi. Brüssel danışıqlarının yekunlarının müxalifəti qane etmədiyinə dair fikirlər də varMüxalifətdən bu danışıqları pozacaq hər hansı fəaliyyətlər, təzyiqlər ola bilərmi?





Armen Bağdasaryan: Müxalifətin təşkil etdiyi etiraz aksiyalarının təsiri çox cüzidir. Lakin etiraz hərəkatının getdikcə güclənməsi və daha çox vətəndaşın cəlb olunması sayəsində, narazılıq və etiraz dalğası ümumxalq xarakter ala bilər və Ermənistan hakimiyyəti bunu nəzərə almaya bilməz.





Bu zaman parlamentdə təmsil olunan müxalifətin də imkanları artar. Müxalifət Azərbaycan-Ermənistan danışıqlarının yekunları əsasında qəbul olunan qərarların yalnız referendum yolu ilə həyata keçirilməsini nəzərdə tutan qanun layihəsini gündəliyə qoya bilər.





Hər şey etiraz hərəkatının kütləviliyindən asılıdır. Bu gün isə bu müşahidə olunmur.