Ağdamda iritutumlu 4 su anbarı tikilir
02 Oktyabr 2024
Böyük qayıdış planına uyğun olaraq Ağdam şəhərinin düşmən tərəfindən viran qoyulan bütün infrastrukturu yenidən qurulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Pressklub.az-a verilən məlumata görə, “İşğaldan azad olunmuş ərazilərdə yerləşən yaşayış məntəqələrinin xarici su təchizatı, kanalizasiya və yağış suları sisteminin tikintisi” layihəsi çərçivəsində Ağdamda iritutumlu 4 su anbarının tikintisinə başlanılıb. Su və kanalizasiya sahəsində işlər sürətli və planlı şəkildə həyata keçirilir.
Texniki nəzarət mühəndisi Mahir Həmidov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, Ağdam şəhərinin xarici su təchizatı kanalizasiya və yağış kollektoru layihəsi çərçivəsində +440 metr yüksəklikdə 2 ədəd tutumu 10000 kubmetr və +410 metr yüksəklikdə 2 ədəd tutumu 7500 kubmetrlik su anbarının tikinti işləri davam etdirilir: “Hazırda 10000 kubmetrlik su anbarının 1-ci kamerasının dəmir-beton işləri yekunlaşmaq üzrədir, 2-ci kameranın isə bünövrə betonu verilib. Demək olar ki, tikintinin 80 faizi icra olunub. 7500 kubmetrlik su anbarının da dəmir-beton işləri yekunlaşmaq üzrədir”.
O, həmçinin söyləyib ki, Qaraqayadan gələn magistral xəttin tikintisi davam etdirilir, 9 kilometrlik magistral xətdən 6.5 kilometri inşa olunub.
Məlumata görə, hər iki anbardan şəhər şəbəkəsinə birləşdirilməsi üçün diametri 710 mm olan polietilen su borularının inşası həyata keçirilir. Anbarlardan şəhər şəbəkəsinə çəkiləcək 2500 metr borudan 2332 metri tamamlanıb. Eyni zamanda, layihə çərçivəsində kanalizasiya kollektorunun tikintisi də davam edir. 6 kilometrlik xətdən 1.8 kilometri çəkilib. Və 2 ədəd subartezian quyusundan birinin tikintisinə başlanılıb.
Agentlikdən bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə sakinlər – keçmiş köçkünlər bərpa işlərinə cəlb olunurlar və layihələrin icrası zamanı onların irəli sürdükləri təkliflər də nəzərə alınır.