ABŞ Ukraynaya hərbi yardımı davam etdirir
17 Oktyabr 2024
Çərşənbə günü Birləşmiş Ştatlar bildirib ki, prezident Vladimir Zelenskinin açıqladığı "Qələbə planı" çərçivəsində Kiyevlə qarşılıqlı əməkdaşlığı davam etdirir.
"Biz ukraynalılarla bu plana daxil edilməyən, lakin Kiyevin döyüş meydanında qalib gəlməsinə və ədalətli və möhkəm sülhü təmin etməsinə kömək edəcək digər bəndlər üzərində də işləməyə davam edirik", deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın suallarına cavabda bildirib.
O, həmçinin əlavə edib ki, bu məsələ Co Bayden və Zelenskinin çərşənbə günü günorta saatlarında baş tutan telefon söhbəti zamanı da "açıq-aşkar" müzakirə olunub.
Ağ Evin məlumatına görə, Bayden ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edib və 425 milyon dollarlıq yeni hərbi paketi açıqlayıb. Paketə əlavə RƏM imkanları, "hava-yer" sinfinə aid döyüş sursatları, zirehli texnika daxil edilib.
"Yaxın aylarda ABŞ Ukraynaya RƏM üçün yüzlərlə raket, onlarla taktiki RƏM sistemi, artilleriya sistemləri, döyüş sursatları, yüzlərlə zirehli avtomobil və piyada döyüş maşını, həmçinin minlərlə əlavə zirehli maşın da daxil olmaqla, əlavə imkanlar verəcək", deyə Ağ Evin məlumatında bildirilir.
Baydenin Zelenski ilə telefon danışığı Ukrayna prezidentinin öz "Qələbə planı"nı açıq şəkildə təqdim edərək, beynəlxalq hərbi dəstəyin, kəşfiyyat məlumatları mübadiləsinin və siyasi öhdəliklərin müharibənin "ən gec gələn il" başa çatmasının açarı olduğunu bildirib.
Zelenski Ali Radadakı çıxışında Rusiyanın təcavüzünün qarşısını almaq üçün ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə yönəlmiş 5 əsas bəndi açıqlayıb. Ukrayna həmçinin Avropa və ABŞ-la iqtisadi və hərbi əlaqələri inteqrasiya etdirməyə çalışacaq.
Ukrayna kəşfiyyatı Şimali Koreyadan silah və qoşun göndərildiyini qeydə alıb. Koreyalılar Rusiya zavodlarında işləyirlər və Rusiya ordusunda xidmət edirlər.
ABŞ-ın NATO-dakı səfiri Culianna Smit çərşənbə günü jurnalistlərə bildirib ki, KXDR və Çin Ukraynaya qarşı müharibədə açıq şəkildə Rusiyanın tərəfində dayanıblar.