Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ Ukraynanı danışıqlara məcbur edir?

“ABŞ Prezidenti Co Baydenin Administrasiyası Ukraynanı Rusiya ilə danışıqlara hazır olduqlarını bəyan etməyə çağırır”.

Bu barədə “The Washington Post” adı açıqlanmayan mənbələrə istinadən məlumat verib.

Bildirilib ki, amerikalı siyasətçilər heç də Kiyevi təslim olmağa sövq etmək niyyətində deyillər. Məqsəd sadəcə Ukraynanın beynəlxalq tərəfdaşlarını müharibənin illər boyu uzanmayacağına inandırmaqdır.

Qeyd edilib ki, amerikalılar Kiyevə təzyiq etmək və danışıqlar masası arxasına əyləşməyi tələb etmək fikrində deyillər. Onların təklifi daha çox digər ölkələrin Ukraynaya dəstəyini təmin etmək məqsədi daşıyır. Belə ki, bu ölkələr müharibənin illərlə uzanacağından ehtiyat edirlər.

Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Vladimir Putinlə danışıqlardan imtina etməsi ərzaq və yanacaq qiymətlərinin artması ilə üzləşən bəzi Avropa, Afrika və Latın Amerikası ölkələrində narahatlıq yaradıb. Eyni zamanda bir çox siyasətçilər nüvə müharibəsindən qorxurlar.

“Ukrayna məsələsinə görə yorğunluq bəzi tərəfdaşlarımız üçün əsl problemdir”, - deyə ABŞ rəsmilərindən biri qeyd edib.

Öz növbəsində “La Repubblica” qəzeti yazır ki, ABŞ və NATO Kiyevin həm strateji, həm də diplomatik əhəmiyyəti olan Xersonu geri alacağı təqdirdə Ukrayna üzrə sülh danışıqlarının başlamasını mümkün hesab edir.

Bildirilib ki, Vaşinqton bu məsələdə Brüssel və müttəfiqləri ilə daim əlaqədədir və Ukrayna hakimiyyətini də bu düşüncəyə sövq edir.

Nəşrin yazdığına görə, Vaşinqton və NATO-nun Kiyevə pilotsuz uçuş aparatlarına qarşı hava hücumundan müdafiə raketlərinin partiyasının göndərilməsini təsdiqləmələri təsadüfi deyil: "Əsas müddəa ondan ibarətdir ki, dənizə çıxış və su ehtiyatlarına nəzarət baxımından strateji məqsəd olan Xersonun geri qaytarılması münaqişənin gedişatını dəyişə bilər və onun azad edilməsindən sonra güclü mövqedən danışıqlara başlamaq olar".

Qəzet iddia edir ki, Ağ Ev ilk dəfə belə bir konkret ssenari təklif etməyə başlayıb.