Logo
news content
User
Kateqoriyalar

Xəbər

ABŞ SEPAH komandirinin yerini deyənə 10 milyon dollar vəd edir

ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kiber-Elektron Komandanlığının rəsmisi Əmir Yaryabın kimliyi və ya yeri barədə məlumata görə 10 milyon dollaradək mükafat elan edib. Mükafatı Dövlət Departamentinin "Ədalət naminə mükafat" proqramı təyin edib.

Yaryab qurumun Kiberəməliyyatlar Komandanlığına rəhbərlik edir.

Dövlət Departamenti bildirir ki, Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığının "Şəhid Hemmət" və "Şəhid Şüştəri" daxil, bir neçə strukturuna da rəhbərlik edir. Məlumata görə, bu qruplar ABŞ, Avropa və Yaxın Şərqdə mühüm infrastruktur sahələrinə qarşı kiberəməliyyatlar həyata keçiriblər.

Açıqlamada deyilir ki, Yaryab SEPAH-ın Kiber-Elektron Komandanlığına bağlı "CyberAv3ngers", "Dadeh Afzar Arman" (DAA) və "Mehrsam Andişeh Saz Nik" (MASN) qruplarının əməliyyatlarına da nəzarət edir, onları idarə edir. Dövlət Departamentinin məlumatına görə, bu qruplar dünyanın müxtəlif yerlərində mülki infrastruktura qarşı zərərli proqramlardan istifadə ediblər.

"Ədalət naminə mükafat" proqramı bildirib ki, xarici hökumətin göstərişi və ya nəzarəti altında ABŞ-nin kritik infrastrukturuna qarşı zərərli kiberfəaliyyətlərdə iştirak edən istənilən şəxs barədə məlumata görə 10 milyon dollaradək mükafat təklif olunur.