ABŞ Prezidenti Hörmüz boğazının açıldığını bəyan edib
16 Aprel 2026
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadadan çıxarıldığını bəyan edib.
O, bu barədə "Truth Social"da yazıb.
"Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu həm onlar, həm də bütün dünya üçün edirəm", - o yazıb.
"Bu vəziyyət bir daha heç vaxt təkrarlanmayacaq. Onlar İrana silah göndərməməklə bağlı razılığa gəliblər", - o yazıb.
Tramp əlavə edib ki, yaxın həftələrdə Çində səmimi qarşılanmaya ümid edir.
"Prezident Si (Cinpin - red.) bir neçə həftədən sonra ora getdiyim zaman məni möhkəm qucaqlayacaq. Biz birlikdə ağılla və çox yaxşı işləyirik! Məgər bu müharibə etməkdən yaxşı deyil??? Lakin unutmayın ki, biz çox yaxşı, lazım gələrsə, hər kəsdən daha yaxşı döyüşürük!", - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb.