ABŞ Hörmüzdə dörd ay gizli əməliyyat keçirib
06 Sentyabr 2026
ABŞ dörd ay ərzində gecələr Hörmüz boğazını minalardan təmizləyib.
Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, son aylarda ABŞ-nin Hörmüz boğazında İranla qarşılıqlı zərbə mübadiləsi aparmasına baxmayaraq, onlar həm də gizli əməliyyat həyata keçiriblər.
"Əsasən, gecələr dörd aylıq minatəmizləmə missiyasını həyata keçirmək üçün təhlükəli boğaza ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı dalğıcları, robotlaşdırılmış katerlər və ixtisaslaşdırılmış sualtı aparatlar göndərilirdi", - məlumatda bildirilib.
Dəqiqləşdirilib ki, dalğıclar minaları yedəyə alınan hidroakustik anten şəbəkələri ilə təchiz edilmiş robotlaşdırılmış katerlər və sualtı aparatların köməyi ilə tapıblar.
FT vurğulayıb ki, ABŞ hərbçiləri arasında məhz minalardan təmizləmə ilə bağlı itkilər qeydə alınmayıb.