Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

ABŞ-da prezident seçkisi: rəy sorğularında kim irəlidədir?

ABŞ prezident seçkilərinə az qalmış keçirilən yeni sorğuya görə, Donald Tramp Ağ Evin növbəti sahibinin kim olacağına qərar verəcək əsas ştatlarda, demək olar ki, Kamala Harrislə bərabər dəstək alır.

Ötən həftə dərc olunmuş Washington Post-Schar School-un keçirdiyi sorğu göstərir ki, seçkilərin qalibini müəyyən edəcək Arizona, Georgia, Michigan, Nevada, Şimali Carolina, Pennsylvania və Wisconsin ştatlarında hər iki namizəd, demək olar ki, bərabər dəstəyə malikdir.

Sorğu, həmçinin göstərir ki, Tramp və Harris milli miqyasda bərabər dəstək alırlar - hər biri 47 faiz. Son həftələr keçirilən sorğuların əksəriyyətinə görə, orta hesabla ölkə üzrə Harris-in cüzi üstünlüyü var.

Nəticələr Britaniyanın Financial Times nəşri tərəfindən aparılan onlarla Amerika sorğuları aqreqatorunun məlumatları ilə üst-üstə düşür.

FT-nin məlumatlarına görə, həm əsas ştatlarda, həm də orta hesabla ölkə üzrə Tramp və Harris bərabər dəstək qazanırlar. Dörd ən mühüm regionda sorğu nəticələrinin fərqi xəta həddindədir.

Şimali Carolina, Pennsylvania və Michigan ştatlarında namizədlərdən heç biri xəta həddindən kənar üstünlüyə malik deyil. Eyni zamanda, bu ştatlardan heç olmasa birində qalib gəlməyən hər hansı bir namizəd seçkilərdə qalib ola bilməyəcək.

Trump

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Seçki kampaniyası çərçivəsində Tramp özünü McDonald’s işçisi kimi sınayıb. Doğrusu, cəmi 15 dəqiqə...

New York Times-ın qeyd etdiyi kimi, bu şəraitdə "lider" termini dırnağa alınmalıdır. “Lider”lə “geridə qalan” arasında 0,2 ballıq fərq belə çox əhəmiyyətli görünə bilər, lakin seçkinin nəticəsini sorğular yox, seçicilər müəyyən edir.

Ona görə də sorğularda orta hesabla 0,2 ballıq üstünlük və ya çatışmazlıq ciddi göstəri sayıla bilməz.

Keçmiş seçkilərdə sorğular tez-tez sistematik olaraq bir namizədin şansını bir neçə faiz aşağı və ya yuxarı qiymətləndirirdi.

Sosioloqların proqnozlarına görə, bu dəfə də belə ola bilər.

Harris

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Keçən həftə ərzində Harris də Tramp kimi, tərəddüd edən ştatlardan biri olan Georgia-da fəal kampaniya aparıb

İlin əvvəlində və iyul ayında Pennsylvaniada seçki kampaniyası mitinqində baş verən sui-qəsddən sonra Tramp sorğularda Demokratlar Partiyasından prezidentliyə əvvəlki namizəd Co Bayden-dən əhəmiyyətli dərəcədə irəlidə idi.

Harris onu əvəz edəndə, bu fərq tez bir zamanda azaldı və son vaxtlara qədər o, Tramp-ı, cüzi də olsa, qabaqlayırdı – həmçinin tərəddüd edən ştatlarda.

Ancaq son həftələrdə Tramp-ın kampaniyası, görünür, yenidən sürət alıb.

FT hesab edir ki, seçicilər onun məhkəməyə düşməsini və kobud davranışını tədricən hesaba almamağa başlayıb və onun populist iqtisadi siyasətini qəbul etməyə hazırdırlar.

Namizədlər arasında əhəmiyyətli fərq seçki kampaniyasının maliyyələşdirilməsində hiss olunur: bu məsələdə Harris Tramp-ı əvvəlki kimi qabaqlayır.

Tramp 2023-cü il yanvarın əvvəlindən 894 milyon dollar toplaya bilib.

FT-nin son federal deklarasiyalarının təhlilinə əsasən, vitse-prezidentin kampaniyası və onu dəstəkləyən qruplar təkcə iyuldan sentyabrın sonuna qədər 971 milyon dollar toplayıblar.

Harrisə miras qalmış Biden-in kampaniyasının ianələri də daxil, 2023-cü ilin yanvarından bəri demokratlar 1,58 milyard dollar toplayıblar.

Harrisə, həmçinin siyasi fəaliyyət komitələrinə (Political Action committee- PAC) pul bağışlayan bəzi milyarderlərin dəstəyi vəd edilib.

ABŞ-da PAC vergidən azad təşkilatlardır. Onlar komitə üzvlərindən üzvlük haqqı yığır və bu vəsaitləri kampaniyaların keçirilməsi üçün bağışlayırlar.

Namizədlərdən fərqli olaraq, onlar namizədlərə dəstək üçün qeyri-məhdud miqdarda vəsait toplaya bilərlər.

Harrisi dəstəkləyən Future Forward komitəsi 5 milyon dollar Illinois ştatının qubernatoru J. B. Pritzker-dən (prezidentlik yarışından çıxarsa, Biden-in mümkün əvəzedicilərindən biri hesab olunurdu) və daha 10 milyon dollar Facebook-un həmtəsisçisi Dustin Moskovitz-dən alıb.

Bundan əvvəl Moskovitz komitəyə daha 3 milyon dollar ianə etmişdi.

Lakin, respublikaçılara nisbətən, demokratlar böyük ianələrə daha az güvənirlər, çünki kiçik donorlardan böyük məbləğlər alırlar.

Elun Musk

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Şəklin alt yazısı,Qarşıdan gələn prezident seçkilərində Donald Tramp-ı fəal şəkildə dəstəkləyən İlon Mask onun söz azadlığını dəstəkləyən petisiyasını imzalayan “tərəddüd edən” ştatlarda qeydiyyatda olan seçicilərə pul vermək qərarına gəlib

Öz növbəsində, Tramp-ı planetin ən varlı adamı İlon Mask və milyarderlər Timothy Mellon, Miriam Adelson və Richard Uihlein dəstəkləyiblər: ümumilikdə onlar keçmiş prezidenti dəstəkləmək üçün siyasi fəaliyyət komitələrinə 395 milyon dollar ianə ediblər – bu, demək olar ki, onun kampaniyası üçün toplanmış vəsaitin yarısını təşkil edir.

Komitələr tərəfindən toplanan vəsaitlərə əsasən, Biden-lə Harrisin tərəfdarları Tramp-ın tərəfdarlarından təxminən 370 milyon dollar çox toplayıblar: 1,89 milyard dollara qarşı 1,52 milyard dollar.

Gözlənilir ki, seçki gününə qalan son günlər ərzində Tramp və Harris öz elektoratını səfərbər etmək üçün ölkəni dolaşacaqlar: həm də ona görə ki, kimə dəstək verəcəkləri və ümumiyyətlə səs verib-verməyəcəklərinə dair hələ qərara gəlməmiş amerikalıları öz tərəflərinə cəksinlər... (BBC)