Logo
news content
User
Kateqoriyalar

Xəbər

104 il sonra Krutı stansiyasında üz-üzə - Rusiya 200 meyitlə geri çəkildi

Kiyevdən 130 kilometr şimal-şərqdə yerləşən, 104 il əvvəl – 1918-ci ildə Ukraynanın müstəqilliyi uğrunda mübarizə aparan tələbə-gənclərlə bolşevik dəstələri arasında döyüşlərin baş verdiyi Krutı yaşayış məntəqəsi ətrafında ruslar və ukraynalılar yenidən üz-üzə gəliblər.

Sumı vilayətinin bu yaşayış məntəqəsi (orada eyni adlı dəmir yol stansiyası da yerləşir) ətrafında Ukrayna ərazi özünümüdafiə dəstələri və silahlı qüvvələrinin bölmələri Rusiya qoşunlarının hücum edən bölmələrini darmadağın ediblər. Martın 1-də baş vermiş döyüşlər zamanı ruslar 200-dən çox meyitlə geri çəkiliblər.

Ukrayna özünümüdafiə qüvvələrinin Facebook səhifəsində bu döyüşlər barədə məlumat yerləşdirilib. Orada deyilir ki, Rusiya qoşunları döyüşdə ölənlərin meyitlərini çöllərdən yığıb “Kamaz”larla Sumı istiqamətində aparıblar.

1918-ci ilin yanvarında Krutı ətrafında ukraynalı gənclərlə bolşevik dəstələri arasında gedən döyüşlər Ukraynanın müstəqillik tarixində qəhrəmanlıq səhifələrindən biri kimi yad edilir. Bu döyüşlərdə cəmi bir topla silahlanmış ukraynalı tələbə-gənclər hücum edən bolşevik dəstələrini ağır itkilərə məruz qoyublar. Onlardan bir qrupu daha sonra pusquya düşüb, əsir alınıb və bolşeviklər tərəfindən güllələniblər.