Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

Si Çini hara aparır?

 Seymur Həzi

Çin Kommunist Partiyasının 20-ci qurultayı işini başa vurdu. Qurultay dünyanın əhali baxımından ən nəhəng ölkəsində siyasi idarəetmənin dərin böhranlarını üzə çıxardı. Təbii ki, söhbət elmi metodik böhrandan getmir. Uzun illərdir səslənin “Çin Rusiya deyil” tezisinin əksinə olaraq, sonuncu qurultayda Pekin siyasi qərarları ilə bir növ bəyan elədi ki, Çin elə Rusiyadır, özü də necə lazımdır. Amma Çin bu mənzilə elə də asan və birbaşa gəlməyib. Bəzi mənbələrə görə, Stalinizmdən dəfələrlə qəddar olan Maoçuluq Çində sosial həyatın bütün sahələrində hökmran olanda belə kommunist elitasında belə bir ümid var idi ki, Den Siaopin kimi bir qurtarıcı var və o, gec-tez işin başına keçəcək. Maraqlıdır ki, saysız qətliamlarla, hüdudsuz repressiyalarla keçən Mao hakimiyyəti illərində Den Siaopin sürgündə olsa da, onun həyatını qoruyub saxlaya bilmişdilər. Professor Əbülhəsən Abbasov öz yazılarında bu faktı müdrikliyə söykənən qədim Çin ənənələri ilə izah etsə də, bütün ənənələri yerlə bir edən Maoçuluğun Den Siaopini “udmamasının” əsl səbəbləri hələ də tam araşdırılmayıb. Hətta Maonun ölümündən sonra hakimiyyəti ələ keçirən dördlüyün (Maonun gənc arvadı da bura daxil idi) Siaopinə toxuna bilməməsinin, əksinə, 1949-cu ildən 1978-ci ilə kimi partiya orqanlarının yığıncaqlarında yalnız məktublarla iştirak edən Siaopinin bu dördlüyü məğlub edərək Çində yeni dönəm başlatması deməyə əsas verir ki, partiya daxilində o dövr üçün sağlam deyə biləcəyimiz güclü müxalifət var idi və Siaopin də onun nəzəri lideri idi. Məhz bu cür güc onun həyatını xilas edə bilərdi. 

Ömürlük liderliyə son 

Böyük islahatlarla yadda qalan Den Siaopin erası həm də məşhur meydan qırğınları ilə xatırlanan tarixi dövr olmaqla, bir ənənənin də bünövrəsini qoydu. Heç kim iki dəfədən artıq ÇKP (Çin Kommunist Partiyasının) lideri olmayacaqdı. Bu, partiyanın nizamnaməsi ilə belə idi. İki beşillikdən sonra həm Jian Zemin, həm də Hu Jinato öz kürsülərini kommunistlərin yeni iradəsinə təhvil verdilər. Onların Si Tsinpindən fərqi həm də onda idi ki, sonuncu ölkə mediasında özünü cəsarətlə Mao və Den Siaopinlə müqayisə etdirirdi. Bununla da o, özü üçün əvvəlki liderlər kimi davranmaq çərçivəsini aradan qaldırırdı. Demək istəyirdi ki, o, qeyri-adi liderdir və sıradan rəhbərlərə qoyulan çərçivələr ona aid edilə bilməz. Hakimiyyətə gələr-gəlməz başlatdığı antikorrupsiya tədbirləri çərçivəsində partiya və komsomol təşkilatlarından olan 1,5 milyon insanın cəzalandırıldığı bildirilir. Bu rəqəm ötən 10 il ərzində Çinin daxilində hansı miqyasda rəqabətin getdiyini təsəvvür etmək üçün kifayət edir. Si artıq heç kimlə hesablaşmaq istəmir və bu niyyətini də gizlətmir. O, özünü Çinin Stalini sayılan Maonun siyasi reinkarnasiyası kimi təqdim etmək istəyir. Necə ki, Putin Stalinin onun siyasi ruhunda təcəlla elədiyinə eyhamlar edirdi. Putin “Sovet ittifaqı-2” layihəsi ilə öz avantürasını pərdələməyə cəhd etməklə, hazırkı Rusiyanı yaratdı. Si isə Tayvana hərbi müdaxilə ilə Çini bitirmək planının üzərində işləyir. Biz çox da uzaq olmayan tarixdə bu prosesin əyani şahidi olacağıq. Çünki hadisələrin sürəti bizə imkan verir ki, Sinin əsəblərinin çox dözməyəcəyini deyək. 

Çini nə yıxacaq? 

Hərbi müdaxilə, yoxsa hərbi müdaxiləyə hazırlıq? Son qurultayda özündən əvvəlki lider Hunu tədbirin qapanış mərasimindən qovduran Si, əslində, ənənələrə divan tutacağının mesajını verdi. Ancaq bu, elə iki adam arasında olan, iki kəlimə ilə ifadə ediləcək proses deyil. Kommunist Partiyası 96,7 milyon kommunisti, 73,7 milyon komsomolu və 110 milyon pioneri əhatə edən bir strukturdur. Buradakı intriqalar və qarşıdurmalar bütün ölkə boyu siyasi aparat, hərbi sənaye, ticarət, istehsalat, təhsil, səhiyyə də daxil olmaqla, həyatın bütün sahələrinə təsir edəcək milyonlarla adamın qarşıdurması deməkdir. Bu, cahangirlik iddiasında olan bir ölkəni gücləndirəcəkmi, zəiflədəcəkmi? Sözsüz ki, zəiflədəcək. Getdikcə zəifləyən Çin həm də öz liderinin timsalında əsəbiləşəcək. Deməli, aqressivləşəcək. Bununla da daha çox silahlanma və daha zəif iqtisadiyyat qaçılmaz olacaq. Nəticəni isə birlikdə görəcəyik. Bircə onu demək olar ki, hətta qurultaydan sonrakı 4 gün ərzində Çin birjalarında 40 faizə qədər enmə müşahidə edilib. Bu, hələ daxili qarşıdurmanın şəklini görən iqtisadiyyatdır, az sonra isə real daxili çəkişmələrin gətirəcəyi daha dərin fəsadları görəcəyik. Baş nazir Li Keçyanın vəzifədən göndərilməsi isə bu başdan Çinin 2000-ci illərin əvvəlindəki Rusiyanın yolunu tutduğunu deməyə əsas verir. 

Dünya liderliyi alınacaqmı? 

Görünən odur ki, hazırki Çin rəhbərliyinə dünya liderliyindən daha çox dünyadan təcrid olunmaq lazımdır. Çünki dünyaya qapıları bağlamaqla onun lideri ola bilməzsən. Qapıları açmaqla isə o, Çinin lideri ola bilməyəcək. Buna görə də Si Çinin dünya lideri olmasını deyil, özünün Çin lideri olmasını üstün tutdu. Bununla da Çinin dünya liderliyi iddiaları bir müddətliyinə Çinin mövcudluq savaşları ilə əvəzlənməyə başlayacaq.