Logo
news content
User
Kateqoriyalar

Xəbər

Müsahibə

“Rus əsgəri ruhdan düşüb”

ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətində başladığı əks-hücum əməliyyatı irəliləməkdə davam edir. “Guardian” xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Pat Rayder bildirib.

“Xerson vilayətində gördüyümüz ilk şey ukraynalıların davam edən hücum əməliyyatlarıdır. Onlar irəliləməyə davam edirlər” - nəşr Pentaqonun sözçüsündən sitat gətirir.

Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyində Ukrayna hərbçilərinin Xerson vilayətində bir neçə yaşayış məntəqəsini azad etdiyi barədə məlumat var.

Öz növbəsində, “Cənub” əməliyyat komandanlığının nümayəndəsi Nataliya Qumenyuk təsdiq edib ki, Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində əks-hücum zamanı bəzi yaşayış məntəqələrini azad edib. Qumenyuk rusdilli telemarafonun efirində deyib ki, azad edilən yaşayış məntəqələrinin adları təhlükəsizlik səbəbindən hələlik açıqlanmır.

“Biz mövqe döyüşlərini davam etdiririk və artıq azad etdiyimiz ərazilər var. Bu ərazilərin azad edilməsinin elan olunmasnın zamana ehtiyacı var. Amma onlar artıq tamamilə Ukraynanın yurisdiksiyasındadır. Ona görə də bir az da gözləyək, bu məsələ ilə bağlı rəsmi açıqlama hazırlayırıq”, - deyə Qumenyuk bildirib.

O, izah edib ki, Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrinin azad edilməsi barədə məlumat verməyə tələsmir. Çünki Rusiya ordusunun mümkün qalıqlarını və orada atıb getdiyi partlayıcıları təmizləmək üçün vaxt lazımdır.

Qumenyuk həmçinin bildirib ki, Dnepr üzərindəki bütün körpülər keçilməz vəziyyətə salınıb. Rusiyanın qurduğu keçidlər isə Ukrayna Silahlı Qüvvələrinin atəşi altındadır.

“Biz düşmənin maddi-texniki bazasının tükənməsi üçün işləməyə davam edirik. Bu, onlarda ruh düşkünlüyü yaradır. Çünki onlar ehtiyat qüvvələri cəlb etmək və kömək gözləmək mümkün olmadığını başa düşürlər" – Qumenyuk deyib.

Onun sözlərinə görə, həftənin əvvəlindən Ukrayna qoşunları bu istiqamətdə 15 silah-sursat anbarını məhv edib və məhv etməkdə davam edir.

Bundan əlavə, Ukrayna Müdafiə Qüvvələri Xarkov vilayətində keçirdiyi hərbi əməliyyat zamanı 20 yaşayış məntəqəsini Rusiya işğalından azad edib. Ukrayna qoşunları Rusiya bölmələrinin müdafiəsini yararaq, 50 kilometr dərinliyə qədər irəliləyib. İşğaldan azad edilmiş yaşayış məntəqələrində filtrasiya aparılır. Bunu Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov deyib.

Ukrayna teleqram kanalları da Xerson yaxınlığındakı bir sıra yaşayış məntəqələrinin azad edildiyini bildirir. Maraqlıdır, atəş xəttinə yaxın ərazilərdə reallıqlar necədir və Ukrayna tərəfinin gözləntiləri nədən ibarətdir?

Məsələn, bir neçə ay əvvəl Nikolaev şəhəri və Nikolaev vilayəti Rusiya hədəfinə çevrilmişdi, davamlı atəş, raket zərbələri xəbəri gəlirdi. Elə görünürdü ki, Putinin bu torpaqları işğal etməsinə çox az vaxtı qalıb. Ancaq sonra yavaş-yavaş hər şey sakitləşdi. Bunu necə izah etmək olar? Moskvanın Odessa və Nikolayevi tutmaq niyyətindən imtina etməsi ilə?



Nikolaev merinin müşaviri, Press Klubun Ukrayna üzrə nümayəndəsi Anar Axundov vəziyyəti belə dəyərləndirir:


- Hələ əks-hücumun əvvəlində Ukrayna Silahlı Qüvvələri vətəndaşlara müraciət edərək hücum əməliyyatlarında daha böyük uğur əldə etmək üçün məxfiliyi və sakitliyi qorumağı xahiş etdi.

Bu gün rəsmi mənbələrdən məlum olduğu kimi, Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində uğurlu hücum əməliyyatı keçirir.

Hazırda 5-dən çox yaşayış məntəqəsi azad edilib, işğalçıların təchizatı sistemi tamamilə sıradan çıxarılıb.

Ağır itkilər veririk, amma irəliləyirik.

Təcavüzkarın Nikolaev və Odessanı işğal etməklə bağlı səs-küylü bəyanatları əhali arasında çaxnaşma yaratdı. Amma reallıqda məlum oldu ki, Rusiya Federasiyası onu həyata keçirmək və istədiyi reallığa çevirmək iqtidarında deyil.

Rus əsgəri ruhdan düşüb. Onlar harada olduqlarını və niyə burada olduqlarını anlamadan kütləvi şəkildə təslim olurlar.

Ukrayna Silahlı Qüvvələrinin cənubda həyata keçirdiyi əməliyyatlar sayəsində düşmənin maddi-texniki təchizat sistemi tamamilə məhv edilib.

Rusiya Federasiyası Cənub istiqamətində tükənib və bunu rəsmi mənbələrdən əldə edilməsi mümkün olan bir çox faktlar da sübut edir.

Rauf Orucov