Qumla London arasındakı Bakı
06 Avqust 2022
Londondakı səfirliyimizi ələ keçirən “Mehdinin nökərləri”nin hərəkətləri o gündən bəri təkrar-təkrar gözümün qabağında canlanır. “Şər deməsən, xeyir gəlməz”, bəzən qarabasma da olur – səfirlik binası yerinə bizim Prezident Aparatı, Milli Məclis görünür. Mənzərədən ətim ürpəşir.
İki gün gözlədim, emosiyalar bir az soyuyar, bəlkə təxribatın arxasında hansı qüvvənin durduğu, məqsədinin nə olduğu barədə aydınlıq yaranar deyə. Aydınlıq yaranmasa da indi soyuq başla düşünmək olur. İndi soyuq başla düşünürsən: bəlkə heç deyildiyi kimi deyil, o hadisənin ölkəmizin imicinə mənfi yox, müsbət təsiri var? Azərbaycanda mövcud sekulyar avtoritarizmin alternativinin radikal islamın ola biləcəyi mesaj verilir? Ölkənin şəriət qanunları ilə idarə olunmasını istəyən siyasi islamla mübarizəyə zəmin yaratmaq – beynəlxalq ictimai rəy hazırlamaq üçün təşkil olunub? Belə deyilsə, olay yeri niyə hakimiyyətimizin ən böyük xarici dəstəkçisi olan BP kimi nəhəng gücün vətəni seçilib? London polisi bir ölkə səfirliyinin dağıdılmasına niyə 2 saat qıraqdan durub tamaşa edib?
Siyasətdən, özü də beynəlxalq siyasətdən başım çıxmadığına görə cavablarla işim yoxdur, köhnə jurnalist kimi mənim işim suallarladır.
Dövlətçiliyimizə xarici təhlükə öz yerində, bu, həmişə olub, olacaq! İstər yaxın qonşu, istər uzaq dost bildiyin ölkə olsun. Məni toplumun cəhalət qarşısında immunitetinin ilbəil zəifləməsi narahat edir.
“Mehdinin nökərləri”nin başçısı Qumda təhsil alanlardanmış. Qum dini təhsil mərkəzinin dövlətimiz üçün nə qədər təhdid mənbəyi olduğunu bilənlər bilir. Odur ki, məni daha çox qayğılandıran özünü ölkəmizdəki Mehdi, Zeynəb “nökərləri” kimi aparanlar və onların dinlə pərdələnmiş siyasi məramlarını anlamayan məsum mömin kütlədir. Aşağıda hələ 7 il qabaq yazdığım “Əmmaməli gələcək” yazısından bir parça bölüşürəm:
“Evindəki televizoru “haramdı” deyib çölə atan bir qohumum övladının toyuna çağıranda getmədim. Musiqi, çalıb-oynamaq necə haram ola bilər? Sualıma ağlabatan cavab verə bilməmişdi.
Qonum-qonşuda, qohum-əqrəbada neçə qız-gəlini çarşabda görüb indi tanıyı bilmirəm.
20 ildi Qarabağdan qaçqın düşüb hələ də sərgərdan həyat yaşayan bir tanışımın bankdan kredit götürüb Məkkə ziyarətgahına getdiyini eşidəndə dərin kədərə daldım.
“İslamçılara qoşulan oğlum deyir ki, içki içdiyinə görə səni öldürsəm, qanın mənə halaldı”. Bunu bir soydaşımız başılovlu danışırdı. Oğlunu Avropaya xoşbəxtlik dalınca gətirmişdi, dini fanatizmin qurbanı olduğundan gec xəbər tutub.
“Əli və Nino” romanında məni təsirləndirən səhnələrdən biri də Aşura günü Əlinin sinə döyüb, baş yaran kütləyə qoşulması, ələlxüsus da bu səhnəni Ninonun görməsidir!
İndi Ninoları olmayan nə qədər Əliləri kütlə havasına xürafat izdihamına qoşulan görürəm.
Sekulyar avtoritarizm quruculuğunda tər tökmüşlərdən, məsələn, Zahid Oruc parlament seçkisinə indi dini şüarlarla gedir: “Dində mübarək Oruc, namizəddə Zahid Oruc”, “Sizə vəkil olmaq Allaha ibadət qədər gözəldir”.
Buyurun, gəlib çatdıq!
Bu gün parlamentin qapısını “döyən” şüar, sabah prezident kürsüsünə yol alacaq, birisi gün də konstitusiyaya dəyişiklik referendumu keçirəcək. Küçələrə axışıb inqilab bağırtısına dönəcəyini demirəm heç! Qorxumdan!”
Cəhalət qaranlığının sərhədlərinin indi nə qədər böyüdüyünü özünüz də təsəvvür edə bilərsiniz. Yazının linkini şərhə qoyacam, istirahət günüdür, vaxt edib oxuyarsınız.
Sözümün canı nədir?
Dövlətin vəzifəsi cəhalətə meydan açan təhsilsizliyə, savadsızlığa qarşı mübarizə aparmaqdır, təhsili bərbəd günə qoymaq deyil. Dövləti idarə edənlər, nəhayət, anlamalıdırlar ki, Azərbaycan reallığında demokratik, sekulyar dəyərlərin daşıyıcısı olan kəsimi ictimai-siyasi həyatın künc-bucağına sıxışdırmaq meydanı dini radikallara vermək deməkdir.
Meşşan həyatın gözünü pərdələdiyi iqtidarla, hakimiyyətə gəlmək üçün “şeytanla” (dini şarlatanlarla) belə əməkdaşlığa hazır müxalifətlə ölkəni sarmaqda olan dini cəhalətin üstünə getmək nə qədər effektlidir, ümidvericidir, açığı bilmirəm. Mənə görə hər iki zümrənin fövqündə durası ziyalı – düşünən və düşündürən vətəndaşlar – təbəqəsinin nazilib-süzülüb yox olma həddinə çatması da bir başqa qorxunc mənzərədir.
Amma yenə ümidliyəm! Əminəm ki, gözümə səfirlik binası yerinə Prezident Aparatının, Milli Məclisin görünməsi halüsinasiyadan başqa bir şey deyil! Ümid edirəm ki, London olayını bir siqnal kimi qəbul edəcəyik; iqtidarlı, müxalifətli, xalqlı dini fanatizmi dövlətçiliyə təhlükələr sırasında görüb, ondan merkantil maraqlar üçün istifadə yox, ona qarşı ciddi mübarizə – maarifçi mübarizəyə başlayacağıq.
Viktor Hüqo “Səfillər” romanında yazırdı: “Cahillərə bacardığınızı öyrədin. Onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır”.
Azad, ədalətli, sekulyar Azərbaycan ümidiylə...