Logo
news content
User
Kateqoriyalar

Müsahibə

İran səfiri detalları açıqladı: “Yeni şərtlər formalaşacaq” – EKSKLÜZİV MÜSAHİBƏ
“Bəzi itkilərimiz əvəzolunmazdır”

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilunun Pressklub.az-a müsahibəsi 

- Cənab səfir, müsahibə üçün təşəkkür edirəm. Əvvəlcə, dünən axşam İran islam Respublikası və ABŞ arasında əldə olunan razılıq barədə danışaq. Atəşkəsə riayət olunurmu? Son saatlarda vəziyyət necədir?  

- Bu müharibəni biz başlamamışıq. Biz, həqiqətən, çox istəyirdik ki, müharibə olmasın. Təəssüf ki, qarşı tərəf həm ötən ilin iyununda - 12 günlük müharibədə bunu göstərdi, həm də bu il fevralın 28-də başlayan müharibədə nümayiş etdirdi ki, onlar həqiqətən müzakirə və razılıq əldə etmək niyyətində deyillər. Ancaq istəyirdilər ki, öz istəklərini diktə formasında qarşı tərəfə qəbul etdirsinlər. Buna baxmayaraq, biz yanvar və fevral aylarında müzakirələr aparırdıq və çox təəssüf ki, ikinci dəfə, məhz müzakirələr getdiyi vaxt ölkəmizə yenidən təcavüz olundu. Belə bir şəraitdə biz özümüzü müdafiə etməli idik və bu, beynəlxalq hüquqla tanınmış haqqımızdır. Təbii ki, onların hücumları davam edirdi, biz də müdafiə olunmalı idik və olunduq. Bəzi cəhdlər oldu, xüsusilə Türkiyə, Pakistan və Misir tərəfindən ki, kömək göstərsinlər və bu müharibə dayansın. Onlar 15 maddəlik bir mətn göndərmişdilər, onun mahiyyəti ancaq ultimatum və təslim olmaqdan ibarət idi. Orada düzəliş edilə biləcək, məntiqli heç nə yox idi. Yəni, onlar elə fikirləşirdilər ki, 3-4 gün ərzində hərbi əməliyyatlarla istədiklərinə nail olacaqlar, baxmayaraq ki, onların istəkləri həqiqətən əsassız idi. Elə düşünürdülər ki, məqsədlərinə çatacaqlar, amma gördülər ki, bu baş vermədi. Daha sonra istədilər ki, bunu 15 maddə şəklində əldə etsinlər. Təbii idi ki, İran bunu qəbul edə bilməzdi və biz öz şərtlərimizi, tələblərimizi yazaraq, qarşı tərəfə təqdim etdik. Qeyd etdiyiniz kimi, dünən axşam belə bir vəziyyət yarandı ki, onlar İranın təklifi əsasında müzakirələrin başlanmasına hazır olduqlarını bildirdilər və eyni zamanda 2 həftəlik atəşkəs elan olundu. Nəzərə alsaq ki, bu qərar təxminən saat 4:30 radələrində elan olunmuşdu, bundan sonra da bir neçə hadisə baş verdi. Buna baxmayaraq, deyə bilərik ki, vəziyyət tamamilə dəyişib və hər iki tərəfdən olan şiddətli zərbələr hazırda dayandırılıb. Ümid edirik ki, bu proses davamlı olacaq, atəş tam dayanacaq və müzakirələr başlayacaq. Amma qarşı tərəfin davranışı müəyyən suallar yaradır - onlar həqiqətən bu məsələnin tam həllində maraqlıdırlar, yoxsa sadəcə vaxt qazanaraq yeni müharibəyə hazırlaşmaq niyyətindədirlər? Bu baxımdan, İran hesab edir ki, davamlı sülh üzərində işləmək lazımdır, təkcə atəşkəs kifayət etmir.

- Atəşkəs razılaşması ABŞ-nin İranın həyati infrastrukturunu, o cümlədən elektrik stansiyalarını, körpülərini dağıdacağı hədəsi fonunda baş tutdu. İlkin razılaşma hansı məsələləri əhatə edir? Daha əvvəl əldə edilməsi mümkün olmayan razılıq necə oldu ki, məhz bu təhdidlər altında baş tutdu?  

- Onlar müharibəni başlayanda həm hərbi, həm də mülki obyektlərə zərbələr endirdilər. Və bu müddət ərzində zərər görən qeyri-hərbi obyektlərin sayı daha da artdı. Necə ki, qeyd etdiniz, elə keçən gün biz şahid olduq ki, 8 körpü zərbəyə məruz qaldı. Onların heç biri hərbi obyekt deyildi. Bütün bu körpülər mülki infrastruktura aid idi – həm dəmir yolu, həm də avtomobil yolları üzərində yerləşirdi. Eyni zamanda, üç gün əvvəl də eşitdiniz ki, İranda, Tehranın yaxınlığında yerləşən böyük bir körpü hədəf alındı. Onlar bunu guya hərbi məqsədlərlə istifadə olunmasının qarşısını almaq üçün etdiklərini bildirdilər. Halbuki həmin körpü hələ istismara verilməmişdi, sadəcə tikilib hazır vəziyyətə gətirilmişdi. Hamıya məlumdur ki, bu körpü Tehranın şimal bölgələri ilə əlaqəni təmin edir, dağlıq ərazilərdən keçərək, Xəzər dənizi istiqamətinə uzanır. Oradan iri nəqliyyat vasitələrinin hərəkəti faktiki olaraq mümkün deyil. Bu səbəbdən, irəli sürülən arqumentlər əsassızdır və bunu hər kəs anlayır. Bunu deməkdə məqsədim odur ki, son günlərdə biz mülki obyektlərə – xüsusilə enerji, nəqliyyat, sənaye və istehsal sahələrinə hücumların şahidi olmuşuq. Belə bir gərgin və intensiv zərbələrin davam etdiyi şəraitdə birdən-birə atəşkəs razılaşmasının əldə olunması diqqət çəkir. Sanki heç bir zəmin yox idi, amma birdən razılaşma baş verdi. Eyni zamanda, məlumdur ki, hər hansı razılaşma birdən-birə yaranmır. Onun arxasında günlərlə davam edən birbaşa və ya dolayı danışıqlar, mesaj mübadiləsi və üçüncü tərəflərin vasitəçiliyi dayanır. Yəni, bu proseslər elə deyil ki, bir tərəf hədələdi və qısa müddət sonra razılaşma əldə olundu. Məsələn, qeyd etdiyiniz 15 maddəlik təklif və ya İranın 10 maddəlik qarşı təklifi göstərir ki, bu sənədlər üzərində günlərlə işlənib, hazırlanıb və müəyyən mərhələdə tərəflər razılığa gəliblər.

- Birləşmiş Ştatlar və İsrail koalisiyasının ilkin tələbləri İranın nüvə sənayesinin, uzaqmənzilli raketlərinin məhdudlaşdırılması və proksi qüvvələrə dəstəyinin azaldılması və s. idi. İran isə bildirirdi ki, bunlar onun “qırmızı xətləri”dir. Bu baxımdan, atəşkəs təklifi həmin qırmızı xətləri aşırmı? Çünki qarşılıqlı ziddiyyətli informasiyalar mövcuddur: həm ABŞ bəyan edir ki, biz qalib gəlmişik, tam qələbədir, həm də İranın Ali Milli Təhlükəsizlik Şurası bildirir ki, onların 10 maddəlik şərtləri qəbul olunub. Yəni, media üçün bir qədər aydınlığa ehtiyac var. Səfir olaraq yəqin ki, Sizin bu barədə daha geniş məlumatınız var. 

- Təbii ki, onlar çalışırlar ki, “biz qalib gəlmişik” görüntüsü yaratsınlar. Hamıya bəllidir ki, onlar müharibəni başlayanda açıq şəkildə məqsədlərini elan etdilər və əməlləri də bunu göstərdi.  Bilirsiniz ki, ilk zərbələrdə bizim ali rəhbərliyimizə və yüksək rütbəli hərbi komandirlərimizə hücumlar edildi. Bu, belə planlaşdırılmışdı ki, ilk mərhələdə rəhbərlik hədəf alınsın və nəticədə İran hökuməti funksionallığını itirsin, hücumlar qarşısında müqavimət göstərə bilməsin. Onların məqsədi İran hökumətini zəiflətmək və ya məhv etmək idi. Bu baş vermədi. Düzdür, biz itkilər verdik, o cümlədən çox bacarıqlı hərbi rəhbərlərimizi itirdik – Allah hamısına rəhmət eləsin. Lakin bu, o demək deyil ki, dövlət məğlub olub və ya idarəetmə çökmüşdür. Bu da göstərir ki, birincisi, onlar əsas məqsədlərinə nail ola bilmədilər. İkincisi isə, irəli sürdükləri bəzi iddialar əsassızdır. Məsələn, onlar bildirirlər ki, məqsədləri İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Halbuki İran dəfələrlə açıq şəkildə bəyan edib ki, nüvə silahı əldə etmək niyyətində deyil. Texnoloji baxımdan İranın buna potensialı olduğu iddia olunsa da, ölkə rəsmi olaraq belə bir siyasət yürütmədiyini bildirir. İranın müdafiə doktrinasında nüvə silahı nəzərdə tutulmur. Eyni zamanda, dini baxımdan da belə silahların istifadəsi qəbul edilmir. Buna görə də, bu iddiaların əsaslı olmadığı vurğulanır. Digər tərəfdən, İranın raket proqramı ilə bağlı tələblər də səsləndirilir. Halbuki hər bir dövlətin özünü müdafiə etmək hüququ var və bu çərçivədə silah istehsalı onun suveren hüququ hesab olunur. İran da bildirir ki, öz müdafiə qabiliyyətindən imtina etməyəcək. Çünki hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün bu imkanları qoruyub saxlamalıdır.

Beləliklə, demək olar ki, qarşı tərəfin elan etdiyi əsas hədəflərə tam şəkildə nail olunmayıb. Bu səbəbdən də müəyyən mərhələdə müharibənin davamının nəticə verməyəcəyi qənaəti formalaşmışdı. ABŞ administrasiyasına təzyiqlər də artmışdı – həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə. Deyirdilər ki, prezident adlandırılan bu şəxs nə siyasətdən anlayır, nə də dediklərinin məsuliyyətini dərk edir, gün ərzində dəfələrlə mövqeyini dəyişir. Dəfələrlə bəyan edib ki, müharibədə qalib gəlib, qarşı tərəfi tam məhv edib, dəniz və hava qüvvələrini, hava müdafiə sistemlərini sıradan çıxarıb. Amma reallıqda vəziyyət fərqlidir. Bir gün deyir ki, quru qüvvələrini daxil etməlidir, başqa bir gün isə hansısa ərazini nəzarətə götürmək və ya müəyyən strateji nöqtələri açmaq barədə danışır. Cəmiyyət də görür ki, bu cür bəyanatlarla real nəticə əldə olunmur. Bu səbəbdən də təzyiqlər artır və nəticədə çıxış yolu axtarışı başlayır. Belə bir şəraitdə siyasi rəhbərlik vəziyyətdən çıxmaq üçün əldə olunan nəticələri “qələbə” kimi təqdim etməyə çalışır. Amma fakt ondan ibarətdir ki, bu proseslər bütün dünyanın gözü qarşısında baş verir və hər kəs real vəziyyəti görə bilir. Məqsəd İranı tam məğlub etmək idisə, buna nail olunmadı və bu da açıq şəkildə görünür.

- İran qalib gəlib? 

- Bizim baxışımıza görə, onların əsas məqsədi İranı zəiflətmək və ya məhv etmək idi və buna nail ola bilmədilər. Bu isə bizim üçün müəyyən mənada nailiyyət sayılır. İran hesab edir ki, müqavimət göstərib və qarşı tərəf öz məqsədlərinə çatmayıb, bu baxımdan özünü qalib kimi görür. İndi baxın, onlar deyirlər ki, məsələn, Hörmüz boğazı açılsın. Halbuki müharibədən əvvəl də boğaz açıq idi. Müharibə nəticəsində müəyyən məhdudiyyətlər yaranıb və hazırda İran buna nəzarət edir. İran əleyhinə hərbi əməliyyatlarda iştirak edən ölkələrə məhdudiyyətlər tətbiq olunur, lakin dost və tərəfdaş ölkələr üçün keçidə icazə verilir.

- Bəs indi bu razılaşma çərçivəsində Hörmüz boğazında müharibədən əvvəlki status-kvo bərpa olunacaq, yoxsa yeni şərtlər tətbiq ediləcək? 

- Xeyr, mütləq yeni şərtlər formalaşacaq. İran bunu öz uğuru kimi qiymətləndirir və hesab edir ki, bu yanaşma beynəlxalq səviyyədə də qəbul olunmalıdır. Əvvəllər İran bu məsələyə fərqli yanaşırdı, lakin indi belə bir qərara gəlib ki, boğazda xidmət göstərir, gəmilərin təhlükəsiz hərəkətini təmin edir və bu xidmət müqabilində müəyyən şərtlər və ödəniş mexanizmləri olmalıdır. Çünki təhlükəsizlik məsələləri ciddi resurs tələb edir – marşrutların tənzimlənməsi, nəzarət, infrastrukturun qurulması və s. Bu proseslər həm insan resursu, həm də maliyyə baxımından böyük yük yaradır. Buna görə də İran bunun qarşılığında müəyyən tələblər irəli sürür və hesab edir ki, bu, normal yanaşmadır.

- Birləşmiş Ştatlar bundan sonra Hörmüz boğazının idarə olunmasına cəlb oluna bilərmi? 

- Hörmüz boğazında əsas nəzarət hüququ İran və Oman kimi sahilyanı ölkələrə məxsusdur. Onlar suveren hüquqlar çərçivəsində bu əraziyə nəzarət edirlər. Bununla yanaşı, həm İranın, həm də Omanın məqsədi beynəlxalq gəmiçilik üçün şərait yaratmaqdır ki, gəmilər sərbəst və təhlükəsiz şəkildə hərəkət edə bilsin. Bu, əvvəllər də belə olub və bundan sonra da bu prinsipin qorunacağı gözlənilir.

- İsrail və ABŞ güclü müttəfiqlər olsa da, İrana və regiona münasibətdə maraqlarında fərqlər mövcuddur. Biz bunu müharibə zamanı da gördük. Sizcə, bu atəşkəs dövründə də bu fərqlər özünü göstərəcəkmi? Yəni, yaxın gələcəkdə koalisiyada müəyyən fikir ayrılıqları gözlənilirmi? 

- Reallıq budur ki, bu müharibə ABŞ-nin müharibəsi deyil, İsrailin müharibəsidir. Amma fakt budur ki, indi ABŞ-də bir prezident var ki, bir az fərqlidir... Keçmiş prezidentlər məsələni bilirdilər və bu bataqlığa düşmürdülər. İsrail illər boyu çalışırdı ki, Amerikanın gücündən istifadə edib İrana zərbə endirsin. Təəssüf ki, belə bir imkan yarandı. Amerika olmasa, İsraildə belə bir bacarıq yoxdur və olmayacaq. Özləri də bunu bilirlər. Bu baxımdan çalışırlar ki, nə edə bilirlərsə etsinlər ki, bu şəxsi və ABŞ-ni özlərinə müttəfiq kimi saxlasınlar və göstərsinlər. Amma belə görünür ki, orada da təzyiqlər var ki, öz milli maraqlarını qorusunlar, nəinki İsrailin maraqlarına tabe olsunlar. 

- İranın itkiləri haqqında danışdınız. Bu günə qədər ölkənizin ümumi itkiləri - mülki və hərbi itkiləri haqqında bir məlumat vermək mümkündürmü? 

- İndiyə qədər elan olunmuş məlumata görə, təxminən 2000 insan həyatını itirib ki, onların çoxu mülki şəxslərdir. O cümlədən 350 məktəbli uşaq var. Bilirsiniz ki, 168 nəfər elə birinci gündə bir məktəbdə həyatını itirdi. Səhiyyə sahəsində də həm həkimlərdən, həm də digər tibb işçilərindən itkilər olub. Təcili yardım sahəsindən, o cümlədən İranda Qızıl Aypara cəmiyyəti kimi qurumlardan təxminən 30 nəfər həlak olub. Təxminən 100 min yaşayış evi zərər görüb. Bu evlərlə bağlı da neçə yüz insan həyatını itirib. Amma mənim fikrimcə, bu rəqəmlər hələ dəqiqləşməyib. Çünki bu müharibə dövründə, bilirsiniz ki, Novruz zamanı İranda tətil günləri çox olur və adətən insanlar başqa şəhərlərə gedirlər, öz evlərində olmurlar. Bu, bir tərəfdən yaxşı olub. 100 min evdən danışırıqsa və insanlar evlərində olsaydılar, itkilərin sayı qat-qat çox olardı. Hələ də məlumatlar tam deyil, bəzilərinin taleyi məlum deyil, onlar qayıdıb vəziyyəti yoxlamalıdırlar. Bu da bir qədər vaxt tələb edir. Hərbi itkilər də ümumi sayın içərisindədir, amma dəqiq açıqlanmayıb ki, neçə nəfərdir. 

- Cənab səfir, müharibə dövrü həm də İranın müttəfiqləri və qonşuları ilə münasibətlərində sınaq dövrü oldu. Rusiya və Çinin davranışını, eləcə də qonşuların sərgilədiyi mövqeləri necə dəyərləndirirsiniz? Bu münasibətlər imzalanmış sənədlərə və müqavilələrə uyğun oldu, yoxsa İran fərqli bir vəziyyətlə üzləşdi? 

- Çox təəssüf ki, bu müharibə dövründə bəzi qonşularımız da istəmədən ziyan çəkdilər, xüsusilə Fars körfəzində yerləşən ərəb qardaş ölkələrimiz. Bunun səbəbi isə odur ki, bildiyiniz kimi, Amerikanın çoxsaylı hərbi bazaları həmin ölkələrdə yerləşir. Keçən ilin iyun ayında baş verən müharibədə də həmin bazalardan istifadə olunmuşdu. Bu 8 ay ərzində və hazırkı müharibə dövründə də bu məsələ aktual olaraq qalırdı. İran həmin ölkələrlə danışdı ki, keçmişdə sizin ərazilərinizdən istifadə olunub və yenidən planlaşdırılır ki, bizə hücum edilsin. Biz xahiş etdik ki, buna icazə verilməsin. Onlar da bildirdilər ki, bəzi hallarda özlərinin belə bu məsələlərdən xəbəri olmur. Həmin bazalar iki formada fəaliyyət göstərir. Birinci növ bazalar tam şəkildə – yəni 100 faiz Amerikanın nəzarətində olur. Hətta yerli ölkələr belə orada neçə nəfərin olduğunu, nə fəaliyyət göstərildiyini və hansı imkanların mövcud olduğunu dəqiq bilmirlər. İkinci növ isə odur ki, həmin ölkələrin öz hərbi bazalarının və ya müəyyən məkanlarının – o cümlədən aeroportların bir hissəsindən istifadə olunur. Hər halda, İran bu ölkələrə bildirdi ki, buna icazə verməsinlər. Amma reallıq ondan ibarətdir ki, onların tam şəkildə bunun qarşısını almaq imkanları yoxdur. Çünki Amerika bəzən bu fəaliyyətləri onların razılığı olmadan da həyata keçirir. Bəzi hallarda isə yerli tərəf nə baş verdiyini belə anlamır. Təbii ki, İran hücuma məruz qaldıqda həmin bazalara cavab zərbələri endirdi, çünki həmin məntəqələrdən İrana qarşı hücumlar həyata keçirilirdi. Məsələn, qeyd etdiyim məktəb hadisəsində də məlumdur ki, raketlər hansı ölkədən və hansı bazadan atılıb. Həmçinin bombardman üçün istifadə olunan təyyarələr də yanacaq doldurmaq məqsədilə bu bazalardan istifadə edirdi. Təbii olaraq, bəzi ölkələr bu müharibəyə cəlb olunmaq istəmirdilər, amma faktiki olaraq müəyyən təzyiqlər altında qaldılar. Digər tərəfdən, bəzi ölkələr münaqişənin dayandırılması üçün yardım göstərməyə çalışdılar. Siz də qeyd etdiniz – Pakistan, Türkiyə və Oman bu istiqamətdə fəallıq göstərdi. Eyni zamanda digər qonşularımız – Azərbaycan, Türkmənistan, Əfqanıstan, Ermənistan və İraq humanitar sahədə kömək etdilər. Bu kömək həm maddi yardım formasında oldu, həm də logistika baxımından şərait yaradıldı. Məsələn, İranda olan insanların ölkədən çıxmasına və ya xaricdə qalan İran vətəndaşlarının geri qayıtmasına imkan yaradıldı, çünki hava məkanı bağlanmışdı. Eyni zamanda qeyd etdiyiniz kimi, müharibə dövründə bəzi müqavilələrin, xüsusilə iqtisadi sahədə olan sənədlərin icrasında problemlər yarandı. Amma bu o demək deyil ki, İran və ya qonşular bunu qəsdən edirdi. Şərait belə idi ki, onların icrası obyektiv səbəblərdən çətinləşmişdi. Çox sağ olsunlar, bəzi ölkələr siyasi cəhətdən, beynəlxalq forumlarda kömək göstərdilər. Elə dünən eşitdiniz ki, BMT Təhlükəsizlik Şurasında mənasız bir qətnamə idi və orada yazılmış bəzi tələblər beynəlxalq hüquqa uyğun gəlmirdi, müharibəni daha da şiddətləndirə bilərdi. Demək olar ki, bir növ vəziyyəti daha da gərginləşdirmək məqsədi daşıyırdı. Çox sağ olsunlar, bizim dost ölkələr Çin və Rusiya buna qarşı çıxdılar və onun qəbuluna imkan vermədilər. Mən fürsətdən istifadə edib Azərbaycan Respublikasının adını xüsusi şəkildə qeyd etmək istəyirəm ki, elə birinci gündən Azərbaycan elan etdi, hətta ondan əvvəl də bildirmişdi ki, öz ərazisindən İran əleyhinə istifadə olunmasına icazə verməyəcək. Müharibədən sonra da bu prinsipial mövqeyini dəfələrlə təkrar edib. Həmçinin cənab Prezident bunu açıq və aydın şəkildə bəyan edib. Eyni zamanda Xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı ilə dəfələrlə telefon danışığında bu məsələni qaldırıb və təsdiqləyib. Beynəlxalq forumlarda da bu mövqedən çıxış edərək çalışıb ki, həmin platformaların və beynəlxalq təşkilatların imkanlarından istifadə olunaraq müharibə dayandırılsın. Humanitar sahədə də Azərbaycan Respublikasının rolu çox əhəmiyyətlidir. Bu əhəmiyyət təkcə maddi yardımla məhdudlaşmır. Düzdür, onun da öz təsiri var, amma əsas məna ondadır ki, burada həmrəylik və mənəvi dəstək göstərilir – çətin günlərdə bir-birimizə diqqət göstəririk, kömək edirik. Bu, çox önəmlidir və fürsətdən istifadə edib Azərbaycan hökumətinə və xalqına minnətdarlığımı bildirirəm.

- Cənab səfir, nazirlərin telefon danışığında müzakirə olunan məsələlərdən biri də Naxçıvana atılan dronlarla bağlı idi. Azərbaycan nəticə gözləyir. Bu araşdırmanı hansısa qurum aparır, bu günə yeni bir məlumat varmı? 

- Bəli, bu hadisə həqiqətən nəinki Azərbaycan Respublikası üçün, hətta bizim üçün də şok oldu. Mən bunu eşidən kimi dərhal məsələ ilə məşğul oldum və araşdırdım ki, hadisənin mahiyyəti nədir. Həqiqətən, bu, şübhəli bir hadisədir. Bildiyiniz kimi, İran rəsmi şəkildə bəyan edib ki, bu hadisə İran tərəfindən törədilməyib. Nazirlərimiz arasında belə qərara gəlinib ki, bu məsələ ciddi şəkildə araşdırılsın və səbəbi müəyyən edilsin. Bu məqsədlə iki tərəf arasında məlumat mübadiləsi aparılıb. Çox önəmli məqam ondan ibarətdir ki, Azərbaycan tərəfinin bizə təqdim etdiyi rəsmi məlumatlara əsasən, həmin dronlar İranın hərbi bazalarından buraxılmayıb. Düzdür, onlar İran istiqamətindən gəlib, lakin bu fakt özü də əlavə suallar yaradır – hansı qüvvələr bu işin arxasındadır və nə baş verib, bunları araşdırmaq lazımdır. Eyni zamanda, İranda olan məlumatlar da Azərbaycan tərəfinə təqdim olunub ki, onlar da araşdırma aparsın. Bunun əsasında birgə hərbi mütəxəssislər qrupu yaradılıb və artıq onların birgə iclasları keçirilib, mövcud məlumatlar mübadilə olunub və qərara gəlinib ki, araşdırmalar davam etdirilsin. Çünki bu, xoşagəlməz bir hadisədir və bizim aramızda belə halların baş verməməsi vacibdir. Əlbəttə, buna bənzər digər şübhəli hadisələr də var. Məsələn, Türkiyəyə 4 ballistik raket atılması ilə bağlı da İran rəsmi şəkildə bəyan edib ki, bu, onların tərəfindən edilməyib və məqsəd Türkiyə ərazisini hədəf almaq olmayıb. Bu da ehtimal yaradır ki, ya üçüncü tərəf müdaxilə edib, ya da raketlər buraxıldıqdan sonra hansısa müdaxilə və ya manipulyasiya baş verib. Hər halda, belə şübhəli məqamlar mövcuddur, amma bunlar ciddi məsələlərdir və diqqətlə araşdırılıb həll edilməlidir.

- İran səfirliyi dünən bəyan edib ki, İsrail və Birləşmiş Ştatlar İran-Azərbaycan sərhədində təxribat fəaliyyəti ilə məşğuldurlar və region ölkələri buna qarşı qəti mövqe tutmalıdırlar. Bu bəyanatı necə izah edirsiniz? Axı Naxçıvana atılmış dronların İran ərazisindən gəldiyini adi gözlə də müşahidə etmək mümkündür...

- Məsələ ondadır ki, raketlərin istiqaməti zahirən İran ərazisindən gəldiyini göstərir. İranla Naxçıvan arasında sərhəd çox qısadır və bu səbəbdən texniki baxımdan belə bir görüntü yarana bilər. Amma İranın bu bəyanatlarda ABŞ və İsrailin adını çəkməsi onu göstərir ki, məsələ daha mürəkkəbdir və burada üçüncü tərəflərin fəaliyyəti ehtimalı nəzərə alınır. Yəni, bu, sadəcə bir istiqamət məsələsi deyil. Burada müxtəlif qüvvələrin regionda fəaliyyət göstərməsi, texniki müdaxilələr və ya başqa ssenarilər ehtimal olunur. Buna görə də İran bu məsələni geniş kontekstdə qiymətləndirir və region ölkələrini daha diqqətli olmağa çağırır. Keçən günlərdə siz xəbərlərdə də oxumuşsunuz ki, Xəzər dənizində İranın üç limanına — Ənzəli, Bəndər-e Səb və Nuşəhr limanlarına hücum edilib. Eyni zamanda Xəzər dənizinin içində bir gəmiyə də hücum olub. Həmçinin üç gün bundan əvvəl İran-Azərbaycan sərhədində, Muğan düzündə, Ərdəbil vilayətində hava zərbələri endirilib və orada 5 nəfər şəhid olub. Belə hallarda təbiidir ki, biz gözləyirik ki, region ölkələri reaksiya versin və çalışsınlar ki, bunun qarşısını alsınlar. Müharibənin coğrafiyası genişlənərək Xəzər dənizinə yayılsa, bu, bütün Xəzəryanı ölkələr üçün təhlükə yarada bilər. Bunun qarşısını almaq lazımdır. 

- Cənab səfir, İranın qonşuları ilə münasibətinə dair hakimiyyətdə fikir ayrılığının olması barədə məlumatlar yayılır. Xarici media yazır ki, SEPAH — İslam İnqilabı Keşikçiləri Korpusu ilə Prezident Pezeşkian administrasiyasının mövqeləri fərqlidir. Hətta son günlərdə yayılan məlumatlara görə, Pezeşkian israrla bildirir ki, İrana qarşı əməliyyatlarda hər hansı iştirakı olmayan ölkələrə münasibətdə çox diqqətli olmaq lazımdır. Bu, doğrudanmı belədir? 

- Yox, bu məsələ xüsusilə Qərb mediasında şişirdilir və bununla demək istəyirlər ki, İranda ikitirəlik var və hakimiyyətdə iki fərqli baxış mövcuddur. Həqiqətdə isə belə deyil. İranın siyasi strukturu belədir ki, ali rəhbər var və o, Konstitusiyaya əsasən əsas, prinsipial siyasətlərin müəyyənləşdirilməsində rol oynayır. Bütün icra səlahiyyətləri isə Prezidentə verilib. Eyni zamanda, hərbi sahədə baş komandanlıq ali rəhbərə tabedir, amma sursatın hazırlanması və səfərbərlik işlərinin aparılması Prezidentin səlahiyyətlərinə daxildir. Bu iki institut bir-biri ilə koordinasiyalı şəkildə işləməlidir və indi də görürsünüz ki, belə işləyirlər. Bu koordinasiya olmasaydı, İran bu müharibədə davam gətirə bilməzdi. 

Qonşular məsələsinə gəldikdə isə burada da vəziyyət fərqli deyil. İranın prinsipial mövqeyi ondan ibarətdir ki, qonşularla normal və dost münasibətlər qurulsun. Bəzi ölkələrlə problemlər yaranırsa, bunun səbəbi üçüncü tərəflərin həmin ölkələrdə hərbi bazalar yerləşdirməsi və bu bazalardan İrana qarşı istifadə olunmasıdır. Bu amil olmasa, İranın həmin ölkələrlə heç bir problemi yoxdur. İran dəfələrlə bildirib ki, hansısa ölkənin ərazisində yerləşən bazalara zərbə endirirsə, bu, həmin ölkənin suverenliyinə qarşı deyil, sadəcə olaraq, özünümüdafiə xarakteri daşıyır və İrana qarşı istifadə olunan obyektlər hədəf götürülür. Hazırda da görürsünüz ki, prezidentlər səviyyəsində münasibətlər kifayət qədər səmimidir və hərbi sahədə də əməkdaşlıq mövcuddur. Ona görə də, bu iddiaları qəti şəkildə rədd edirəm. 

- Ali rəhbər Müctəba Xameneinin səhhəti ilə bağlı müxtəlif məlumatlar yayılır. Hazırda onun sağlamlıq durumu dövlət idarəçiliyində aktiv iştirakına imkan verirmi? 

- Bu barədə yayılan söz-söhbətlərə gəldikdə, müxtəlif iddialar səsləndirilir: bəziləri deyir ki, İranda deyil, bəziləri isə başqa versiyalar irəli sürür. 

- Son məlumatlarda Qum şəhərində müalicə aldığı bildirilir. 

- Bunlar sadəcə məlumatlardır və bu tip xəbərlərin yayılması da müəyyən mənada İrana qarşı aparılan informasiya müharibəsinin bir hissəsidir. Təbii ki, belə şəraitdə İran bütün məlumatları açıq şəkildə paylaşmaya bilər. Bu baxımdan, bəzi məlumatların açıqlanmaması normaldır. 

- Yəni, ali rəhbərin ictimaiyyət qarşısında az görünməsinin səbəbi də budur? 

- Bəli, müharibə şəraitində belə yanaşma təbiidir. Məqsəd odur ki, qarşı tərəf informasiya müharibəsində üstünlük qazanmasın. Bununla yanaşı, ölkədə idarəetmə prosesi davam edir və Konstitusiyaya uyğun olaraq ali rəhbərin səlahiyyətlərinə aid olan məsələlər – məsələn, müharibə və ya sülh qərarları həmin çərçivədə həyata keçirilir və hazırda da qeyd olunan razılaşma və müzakirələr bu çərçivədə aparılır. 

E. Rüstəmli