Logo
news content
User
Kateqoriyalar

Xəbər

İcmal

Xameneini kim əvəz edəcək

Mənbə: Azadlıq Rdiosu

İranda ali dini lider Əli Xameneinin ölümü Yaxın Şərqə şok yaşatdı. İndi sual budur ki, onu kim əvəz edəcək.

1979-cu il İslam inqilabından bəri İranda ali dini lider əsas söz sahibidir, dövlətin başçısıdır. Onun yoxluğu rejimi bütövlükdə sarsıda bilər.

ABŞ açıq şəkildə teokratik hökumətin devrilməsin çağırır, ölkənin üçüncü ali lideri olacaq şəxs belə bir vaxta vəzifəyə başlayacaq.

Ekspertlər Məclisi

Ali dini lideri sərt-xətt tərəfdarı 88 ruhani kişidən ibarət Ekspertlər Məclisi seçir.

Roma Katolik Kilsəsinin Kardinallar Kollegiyası buna analoji qurumdur, orada da ali lideri elit dini qurum seçir.

2014-cü ildə Xamenei prostat əməliyyatı keçirəndə bu məclis diqqət mərkəzinə gəlib. O zaman keçmiş prezident Əli Rəfsəncani növbəti ali liderin kim olacağı məsələsini qaldırmışdı.

Sərt xətt tərəfdarları Xameneiyə rəqib sayılan Rəfsəncanini sonradan məclis sədrliyindən uzaqlaşdırdı. Onun 2009-cu ildə "Yaşıl hərəkatı" nümayişlərinə dəstəyi də onların xoşuna gəlməmişdi. O, 2017-ci ildə vəfat edib.

Məlumatlara görə, məclis daxilində üç nəfərlik komitə illərdir mümkün varislərin siyahısını saxlayır, digər üzvlər bu siyahını görməyiblər.

Mərhum prezident İbrahim Rəisinin Xameneinin varisi olacağına inam böyük idi. O isə qəfildən 2024-cü ilin mayında vertolyot qəzasında həlak oldu.

Deməli, Xameneinin varisini Ekspertlər Məclisi seçəcək? Rəsmən belədir, amma reallıqda bu, daha qəliz məsələdir. Əvvəla, hazırda İsrail və ABŞ-nin zərbələri hakimiyyətə ölüm-qalım stressi yaşadır.

Ali lider Əlirza Ərafi olacaq?

İran konstitusiyasına görə, ali lider postu boşalanda müvəqqəti rəhbərlik şurası yeni lider təyin olunanadək ölkəni idarə edir.

Hazırda ruhani olmayan prezident Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei bu şuradadır. Martın 1-də isə Əlirza Ərafi şuranın üçüncü üzvü təyin olunub.

Xameneiyə yaxın sayılan Ərafi Ekspertlər Məclisinin iki rəhbər müavinindən biridir. Xamenei onu 2020-ci ildə ölkədəki bütün mədrəsələrin başçısı təyin edib. Bu isə onun növbəti ali lider olmaqdan ötrü dini kriteriyalara uyğun gəldiyi demək idi.

Ərafi 12-nəfərlik Keşikçilər Şurasının da üzvüdür. Bu qurum seçkiyə buraxılan namizədləri yoxlayır, qanunların ölkə konstitusiyasına uyğun gəlib-gəlmədiyini müəyyən edir.

Demək, Xameneinin xələfi olacaq? Olmaya da bilər.

Laricani, oğul Xamenei

2018-ci ildə Xamenei müttəfiqi Sadiq Laricanini daha bir qərarverici orqan olan Məqsədəuyğunluq Şurasına təyin edib. Ona Keşikçilər Şurasında da yer ayrılıb. Laricani müxtəlif dövlət xadimləri olan üç qardaşdan biridir. O zaman bu addımlar Xameneinin mötədillərin meydanını daraltması kimi yozuldu.

Mərhum ali liderin altı övladından biri – Müctəba Xamenei də var. 2009-cu ildə hakimiyyətə qarşı etirazlar vaxtı şayiələr yayılmışdı ki, o, atasını əvəzləməyə güclü namizəddir.

Xameneinin oğlunun pərdəarxası güclü nüfuzu, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqələri olduğu deyilir.

Amma Rəisinin ölümündən sonra yayılan informasiyalarda Xameneinin irsi idarəçiliyə qarşı olduğu deyilirdi. Bu isə oğul Xameneinin çıxdaş olunması deməkdir.

Daha bir faktor SEPAH-dır. Xameneinin sadiq dəstəkçisi olan bu qurum öz maraqlarını qorumaq istəyəcək.

Di gəl, ABŞ və İsrailin zərbələrindən Xamenei ilə birlikdə onlarla ordu rəsmisi, SEPAH üzvünün də öldürüldüyü bildirilir.

Bu ölüm rejimin sonunu gətirəcəkmi

AzadlıqRadiosunun baş regional redaktoru Frud Bejan yazır ki, Xameneinin ölümü ruhani hakimiyyətə böyük zərbə sayılır, ancaq ekspertlər bunun İslam Respublikasının süqutuna gətirib çıxaracağına zəmanət vermədiyini deyirlər.

"Xamenei üç onillikdən artıq müddətdə İranın siyasi trayektoriyasını formalaşdırıb, amma İslam Respublikası rejimi yalnız bir şəxsin üzərində qurulmayıb", – İsraildə yerləşən Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi əməkdaşı Denni Sitrinoviç deyir.

Ekspertlərin fikrincə, 1979-cu il İslam inqilabından bəri hakimiyyətdə olan İran dini isteblişmenti dərin kök salmış siyasi, hərbi və dini institutlara söykənir, lider dəyişikliyinə davamlıdır.

İslam İnqilabı Keşikçiləri Korpusu, Keşikçilər Şurası bu quruluşlar sırasındadır.

"Tarix göstərir ki, xarici hücuma məruz qalan inqilabi sistemlər parçalanmırlar, möhkəmlənirlər. Ali liderin məhvinin rejimi çökdürəcəyi ilə bağlı fərziyyə ən yaxşı halda spekulyativdir. Bu, elitaların daha sıx birləşməsinə, daha sərt mövqeyə də gətirib çıxara bilər", – Sitrinoviç bildirir.

Laricani, Qabilaf

İndilik İranı müvəqqəti şura idarə edəcək. Ekspertlər isə ölkəni əslində Ali Milli Təhlükəsizlik Şurasının idarə etdiyini deyirlər.

Şuraya veteran siyasətçi, SEPAH-ın keçmiş komandiri Əli Laricani rəhbərlik edir. Xameneiyə sadiq fiqur kimi tanınan praqmatik Laricani 2025-ci ilin iyununda İsraillə 12 günlük müharibədən sonra əsas güc mərkəzlərindən birinə çevrilib.

Ekspertlər parlamentin sədri Məhəmməd Baqir Qalibafın getdikcə daha mühüm rol oynaya biləcəyini deyirlər. O da SEPAH ilə əlaqələri olan təcrübəli siyasətçidir.

"Əgər Xameneinin nəslindən olan yaşlı və sərt xətt tərəfdarı ruhani önə çıxarsa, bu, rejimin repressiyaları gücləndirməsi və tərəfdar bazasını səfərbər etməsi yönündə addımlayacağına güclü siqnal olacaq", – Nyu-Yorkda yerləşən "Eurasia Group"un İran üzrə təhlilçisi Qreqori Bryu belə deyir. Onun sözlərinə görə, yeni ali lider daha gənc, islahatçı keçmişə malik biri də ola bilər: "Bu isə yeni səhifənin açılmasının mesajını verər".