VoA: “İlham Əliyev: İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik”
28 Noyabr 2022
"İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik".
Bu barədə Prezident İlham Əliyev noyabrın 25-də Bakıda ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Prezident Əliyev İran-Azərbaycan sərhədində oktyabr-noyabr aylarında əvvəlcə İranın, sonra isə Azərbaycanın hərbi təlimlər keçirdiyinə işarə edərək deyib ki, Azərbaycan İran ilə sərhəddə hərbi təlimlər keçirməli olub ki, onlardan qorxmadığını nümayiş etdirsin.
"Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi," o qeyd edib.
Azərbaycan prezidenti sonra deyib: "Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir".
Əliyev İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almasının vacibliyini də diqqət mərkəzinə gətirib.
“Azərbaycanda tədrisin rus dilində aparıldığı 340 məktəb fəaliyyət göstərir. Bununla yanaşı, respublikada 10 məktəbdə tədris gürcü dilindədir. Gürcüstanda 116 azərbaycandilli məktəb var. İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur. Bu necə ola bilər? Əgər kimsə deyir ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır,” o qeyd edib.
Əliyev həmçinin bildirib ki, Azərbaycan Avropa İttifaqını vacib tərəfdaş hesab edir.
"Hazırda biz Avropa İttifaqı ilə yeni saziş üzərində məsləhətləşmələrin yekun mərhələsindəyik. O, 90 faizdən artıq hazırdır. Biz Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalamadıq. Bunun əvəzində ikitərəfli əməkdaşlıq formatına üstünlük verdik," o qeyd edib.
Azərbaycan prezidenti Şərq Tərəfdaşlığı haqqında danışarkən deyib ki, Azərbaycan bu tərəfdaşlığı Avropa İttifaqına üzv ölkələrlə əməkdaşlıq platforması deyil, Avropa İttifaqı ilə əməkdaşlığın elementlərindən biri hesab edir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.
Konfransda ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri iştirak edir.
Forumda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır.
İran tərəfi Azərbaycan Prezidentinin çıxışında dediklərinə hələ münasibət bildirməyib.
İran-Azərbaycan münasibətlərində gərginlik davam edir. Belə ki, oktyabr-noyabr aylarında İran Azərbaycanla, Azərbaycan isə İranla sərhəddə hərbi təlimlər keçirib. Rəsmi Tehran Şiraz şəhərində terror hadisəsi ilə bağlı Azərbaycan vətəndaşlarını saxladığını, Azərbaycanın təhlükəsizlik qurumları isə İran xüsusi xidmət orqanlarının Azərbaycanda təxribat-pozuculuq fəaliyyəti ilə əlaqəli olduğu bildirilən iki qrupu həbs etdiyini bildirib.
Tapdıq Fərhadoğlu