Logo
news content
User
Kateqoriyalar

İcmal

Ukraynalıların Qorbaçova münasibəti necədir? 
Krımın işğalına haqq qazandıran bu adam, Donbasda müharibənin qəti əleyhdarı olub

Mənbə: Nyu-York Tayms

Tərcümə: Novator

Ukraynalıların Mixail Qorbaçova münasibəti necədir? 1931-ci ildə Şimali Qafqazda doğulan, anası ukraynalı, atası rus olan Mixail Qorbaçov 1985-ci ilin martında Sovet Sosialist Respublikaları İttifaqının – Rusiya, Ukrayna, Belarus, Moldova, Estoniya, Latviya, Litva, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Türkmənistanın daxil olduğu ölkənin rəhbəri, Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilib, 1988-ci ilin oktyabrından həmçinin Ali Sovetə sədrlik edib, 1990-cı ilin martından isə SSRİ-nin prezidenti olub.

1991-ci il avqustun 19-dan SSRİ-nin dağılması sürətlənib, dekabrın 25-də Qorbaçov səlahiyyətlərinin bitdiyini bəyan edib, 1992-ci ildən ictimai fəaliyyət göstərib.

Mixail Qorbaçov 2022-ci il avqustun 30-da Rusiyanın paytaxtı Moskvada vəfat edib.

Novator.az-ın məlumatına görə, ABŞ-ın “Nyu-York Tayms” qəzeti yazır ki, Qorbaçov Ukraynaya ağır bir miras qoyub gedib.

Ukrayna paytaxtı Kiyevdə fəaliyyət göstərən Dünya Siyasəti İnstitutunun direktoru Yevgeni Maxda “Nyu-York Tayms”a açıqlamasında ukraynılaların Qorbaçova rəğbət bəsləmədiyini söyləyib. O eyni zamanda qeyd edib ki, Qorbaçov heç vaxt müstəqil Ukraynaya səfər etməyib.

Qəzet yazır ki, Qorbaçovun adı gələndə ukraynalıların yadına həm də Çernobıl qəzası düşür. Ukraynalıların bir çoxu Qorbaçovu, onun başçılıq etdiyi hökuməti 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzada, eyni zamanda ilk günlərdə fəlakətin miqyasını ört-basdır etməyə çalışmaqda təqsirkar bilir: “2014-cü ildə mətbuata açıqlamasında Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsini dəstəkləyəndə də Qorbaçovun Ukraynada elə bir dostu yox idi. Həmin açıqlamasında Qorbaçov Krım əhalisinin əksəriyyətinin ruslardan ibarət olduğunu vurğulamışdı.

İki il sonra o, müsahibələrinin birində demişdi: “Mən həmişə xalqın öz iradəsini azad ifadə etməsinin tərəfdarı olmuşam. Krımda yaşayanların əksəri yarımadanın Rusiyaya birləşdirilməsini istəyirdi”.

Buna cavab olaraq Ukrayna hökuməti 5 il müddətinə Qorbaçovun bu ölkəyə girişinə yasaq qoydu”.

2014-cü ildə rusiyayönlü separatçıların Ukraynanın şərqindəki Donbas bölgəsinin bir hissəsini ələ keçirməsinə gəlincə, “Nyu-York Tayms” Qorbaçovun bu məsələyə ehtiyatla yanaşdığını qeyd edir. Qəzetin yazdığına görə, Qorbaçov 2014-cü ildə Donbas məsələsi ilə bağlı belə deyib: “Əgər Rusiya ora müdaxilə etsə, elə bir alov qalxa bilər ki, bütün dünya yığılsa o alovu söndürə bilməz. Biz Avropada dəhşətli qırğın başlatmış olarıq”.

Daha sonra qəzet 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı total müharibəyə başlayandan iki gün sonra Qorbaçovun başçılıq etdiyi qeyri-kommersiya fondunun tərəfləri atəşkəsə və dərhal danışıqlar masası arxasına oturmağa çağırdığını, ancaq bu çağırışın Ukraynada Qorbaçova münasibəti dəyişmədiyini xatırladır: “Ukraynalıların çoxunun fikrincə, məhz Qorbaçovun 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində yürütdüyü siyasət onların vətəninə sarsıdıcı zərbə vuran müharibəyə yol açıb.

Ukraynalı jurnalist və siyasi icmalçı Vitali Portnikov özünün “Facebook” səhifəsində yazıb: “Qorbaçov Sovet İttifaqında böyük dəyişikliklərin təşəbbüskarı olub. Lakin onun bu dəyişikliklərin mənasını və miqyasını dərk edə bilməməsi sonrakı bütün münaqişələrin bünövrəsini qoyub. İndi, “son imperatorun” istefasından 31 il sonra o münaqişələr ağlasığmaz miqyas almaqdadır”.