Logo
news content
User
Kateqoriyalar

İcmal

Ukraynalılar gözləmək halında deyil
Ukrayna ehtiyatlanır ki, müharibə uzandıqca Qərbin hərbi yardım göstərmək qətiyyəti zəifləyə bilər

Mənbə: The Telegraph

Tərcümə: Novator

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Ukraynanın hücuma keçmək üçün təchizata ehtiyacı var” başlıqlı redaksiya məqaləsi dərc olunub. Məqalənin ingiliscədən tərcüməsini təqdim edirik.

Rusiya-Ukrayna müharibəsində tərəflər tez-tez qanlı dalana dirənir, tək iri şəhərlər uğrunda yox, kiçik ərazilər uğrunda da aylar uzunu gah irəli gedir, gah geri çəkilir.

Hazıda Ukrayna ordusu ruslara qarşı əks-hücuma keçməyi planlaşdırır. Amma belə görünür ki, silah-sursat çatışmazlığı bu planı reallaşdırmağa imkan vermir. Baxmut şəhərinin şərqində duran və bu strateji əhəmiyyətli şəhərə nəzarət uğrunda çarpışan Ukrayna qoşunları qüvvəsinin tükəndiyini, taqətdən düşdüyünü açıq surətdə bəyan edir.

Aprel ayının sonlarında Rusiyanın Ukraynanın bir neçə bölgəsinə atdığı raketlər onlarla mülki şəxsin ölümü ilə nəticələndi. Bundan dərhal sonra Rusiyanın 2014-cü ildə ilhaq etdiyi Krım bölgəsinin Sevastopol şəhərində neft anbarı yandı. Deyilənə görə, buna Ukraynanın zərbə donları səbəb olub.

Baxmuta soxulan və on aydır şəhərin işğalını yekunlaşdırmağa çalışan Rusiyanın “Vaqner” qrupu ölkənin hərbi komandanlığından kifayət qədər silah-sursat ala bilmədiyini, ağır itkilər verdiyini etiraf edir.

Belə bir vəziyyətdə Qərb sürətlə Ukraynanın hərbi arsenalını zənginləşdirməlidir. Lakin görünür, NATO ölkələrinə bu məsələdə razılığa gəlmək üçün vaxt lazımdır. İndiyədək bir çox Qərb ölkəsi öz hərbi arsenalından Ukraynaya xeyli silah-sursat ayırıb, ancaq o silahların yerini hələ doldura bilməyib. Ona görə Ukrayna döyüşçüləri ehtiyatlanır ki, müharibə uzandıqca Qərbin onlara hərbi yardım göstərmək qətiyyəti zəifləyə bilər.

Apreldə Avropa İttifaqı Şurası birlik ölkələrinin Ukraynaya silah-sursat yardımı xərclərini kompensasiya etmək üçün 1 milyard avro ayırıb. Ancaq ittifaqa üzv dövlətlər hələ də silahı haradan almaq məsələsi ətrafında çəkişir. Hərbi yardım baxımından ən səxavətli ölkələr sayılan ABŞ və Böyük Britaniyanın fəallaşmasına ehtiyac yaranıb.

Ukraynanın Qərbdən qırıcı təyyarələr almaq ümidi boşa çıxdı. Bəs mərmiyə, gülləyə nə söz? Axı bunlarsız nəinki irəliləmək mümkün deyil, müdafiədə duruş gətirmək belə çətindir. Qərb ölkələri silahı kimdən alacağını tez müəyyənləşdirməlidir, ukraynalılar gözləmək halında deyil.