Ukrayna-Rusiya müharibəsinin ikinci ildönümündə iki ölkəni nə gözləyir?
27 Fevral 2024
Ukraynada Rusiyanın işğalı ilə başlayan müharibədən iki il keçir. 2022-ci il fevralın 24-də başlayan müharibənin tezliklə bitəcəyini demək asan deyil.
Nə Ukrayna, nə Rusiya, nə də hər iki tərəfin önəmli müttəfiqləri üçün sülh sazişinin bağlanması üçün zəmin görünür.
Kiyev administrasiyası beynəlxalq səviyyədə tanınmış sərhədlərin bərpası və rus qoşunlarının ölkədən çıxarılması ilə bağlı qətiyyətli mövqe nümayiş etdirir. Moskva administrasiyası isə Ukraynanın real ölkə olmadığını və Rusiya qüvvələrinin öz məqsədlərinə çatana qədər müharibəni davam etdirəcəyini iddia edir.
İndiyə qədər nə baş verdiyinə və gələcəkdə münaqişələrin haralara qədər gedə biləcəyinə baxdıq.
Kim qazanır?
Qış boyunca davam edən şiddətli döyüşlərə görə hər iki tərəfdə çoxlu insan itkisi olub.
Min kilometrə qədər uzanan cəbhə xəttinin forması 2022-ci ilin payızından bəri çox az dəyişib.
İki il əvvəl genişmiqyaslı işğaldan sonra bir neçə ay ərzində Ukrayna Rusiya qüvvələrini şimaldan və paytaxt Kiyev ətrafından geri qovdu. Həmin ilin sonunda şərqdə və cənubda da geniş əraziləri geri aldı.
Bununla belə, indi Rusiya qüvvələri bölgədə möhkəm istehkamlarla məskunlaşıb. Ukraynalılar silah-sursatlarının tükəndiyini deyirlər.
Ukrayna ordusunun bu yaxınlarda vəzifədən çıxarılan baş komandanı Valeri Zalujnı və bəzi Kremlpərəst rus hərbi bloqçular da daxil olmaqla, bir çoxları hərbi çıxılmaz vəziyyətdən danışırlar.
Fevralın ortalarında Ukrayna qoşunları uzun döyüşlər apardıqları şərqdəki Avdeуevka şəhərindən geri çəkiliblər.
Rus qüvvələri bunu böyük bir qələbə kimi qiymətləndirdi, çünki bu, potensial olaraq, daha dərin işğala yol aça bilərdi. Çünki Avdeyevka strateji mövqeyə malikdir.
Kiyev bildirib ki, qoşunlarının çıxarılmasının əsas səbəbi əsgərlərinin həyatını qorumaq olub və deyib ki, onun qüvvələri sayca və silah baxımından üstündür.
Bu, Rusiyanın ötən may ayında Baxmutu ələ keçirdikdən sonra əldə etdiyi ən böyük uğuru kimi qeydə alınıb. Bununla belə, Avdeyevka 2014-cü ildən Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk şəhərindən cəmi 20 km şimal-qərbdə yerləşir.
Amma bu cür kiçik irəliləyiş hərbi bloqçuların səsləndirdiyi və işğalın əvvəlində dövlət təbliğatında istifadə edilən “paytaxt Kiyevi üç günə almaq” hədəfindən çox uzaqdır.
Hazırda Ukraynanın, 2014-cü ilin martında ilhaq edilmiş Krım və Rusiyanın az sonra ələ keçirdiyi Şərqi Donetsk və Luhansk vilayətlərinin böyük hissəsi də daxil olmaqla, təxminən 18 faizi Rusiyanın işğalı altındadır.
Ukraynaya dəstək azalırmı?
Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, son iki il ərzində Ukraynaya böyük miqdarda hərbi, maliyyə və humanitar yardım göndərilib, o cümlədən 2024-cü ilin yanvarına qədər Avropa İttifaqı təsisatlarından təxminən 92 milyard dollar və ABŞ-dan 73 milyard dollar ayrılıb.
Qərbin verdiyi tanklar, hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli artilleriya Ukraynaya xeyli kömək edib.
Bununla belə, müttəfiqlərin Ukraynanı nə qədər real dəstəkləyə biləcəyi müzakirə mövzusu olaraq qalırdı. Bu müddətdə yardım axını da azalıb.
ABŞ Konqresinin Ukraynaya təklif etdiyi 60 milyard dollarlıq yeni yardım paketi daxili siyasi münaqişələrdə ilişib qalıb.
Ukrayna tərəfdarları noyabrda keçiriləcək prezident seçkilərində Donald Trump-ın Ağ Evə qayıtması halında ABŞ-ın dəstəyinin kəsiləcəyindən narahatdırlar.
Aİ-də Putinin müttəfiqi olan Macarıstanın baş naziri Viktor Orban açıq şəkildə Ukraynaya dəstək verilməsinə qarşı çıxıb. Orbanla uzun müzakirə və danışıqlardan sonra Aİ fevral ayında 54 milyard dollarlıq yardım paketini təsdiqləyib.
Digər tərəfdən, görünür, Aİ 2024-cü ilin mart ayının sonuna qədər Kiyevə çatdırmağı planlaşdırdığı milyon artilleriya mərmisinin yalnız yarısını təmin edə bilər.
Rusiyanı dəstəkləyənlər arasında Ukraynanın qonşusu Belarus da var. Minsk administrasiyası Rusiya qoşunlarına Ukraynaya çatmaq üçün öz ərazisindən və hava məkanından istifadə etməyə icazə verir.
ABŞ və Aİ İranın Rusiyaya “Şahid” tipli pilotsuz uçuş aparatları (PUA) verdiyini bildirib. Tehran etiraf edir ki, o, müharibədən əvvəl Rusiyaya az sayda PUA tədarük edib.
PUA-ların Ukraynada hədəfləri vurmaqda effektivliyi sübuta yetirilib. Müharibədə PUA-lara hava hücumundan müdafiə sistemlərindən yayınma qabiliyyətinə görə hər iki tərəfdən tələbat var.
Sanksiyalar Qərb ölkələrinin ümid etdiyi kimi nəticə vermədi və Rusiya həm neftini satmağa, həm də hərbi sənayesi üçün hissələri və komponentləri təmin etməyə davam edir.
Çinin hər iki tərəfə silah tədarük etdiyinə inanılmır. Pekin bu müharibədə ümumiyyətlə ehtiyatlı diplomatik xətt yürütdü, nə Rusiyanın işğalını pislədi, nə də Moskvaya hərbi dəstək verdi. Bununla belə, Pekin və Hindistan Rusiya neftini almağa davam etdilər.
Həm Rusiya, həm də Ukrayna Afrika və Latın Amerikasına çoxsaylı diplomatik səfərlər vasitəsilə inkişaf etməkdə olan ölkələrlə yaxşı münasibətləri inkişaf etdirmək üçün böyük səylər göstəriblər.
Rusiyanın məqsədləri dəyişibmi?
Rusiya Prezidenti Vladimir Putinin hələ də bütün Ukraynanı ələ keçirmək istədiyinə dair geniş yayılmış fikirlər mövcuddur.
O bu yaxınlarda amerikalı tok-şou aparıcısı Tucker Carlson-a verdiyi müsahibəsində tarix və münaqişələrlə bağlı fikirlərini bir daha dilə gətirib.
Putin uzun müddətdir ki, heç bir ciddi sübut təqdim etmədən, Ukraynada (xüsusilə Donbasın şərqində) mülki əhalinin Rusiyanın müdafiəsinə ehtiyacı olduğunu iddia edir.
Müharibədən əvvəl Rusiya lideri Ukraynanın suveren dövlət kimi mövcudluğunu inkar edən və rusların və ukraynalıların “bir xalq” olduğunu bildirən uzun məqalə yazmışdı.
Putin 2023-cü ilin dekabrında Rusiyanın keçirdiyi “xüsusi hərbi əməliyyat” adlandırdığı məqsədlərinin dəyişmədiyini bildirib.
Rusiya Prezidenti bildirib ki, bu məqsədlərə “denazifikasiya” və ya başqa sözlə, ifrat sağçıların təsirinə işarə edən və əsassız iddialara əsaslanan “denazizasiya” (“Nazilərdən xilas etmə”) ideyası da daxildir.
Putin, həmçinin deyir ki, o, “neytral, silahsızlaşdırılmış” Ukrayna istəyir və NATO-nun öz təsir dairəsini şərqə doğru genişləndirməsinə qarşı çıxmaqda davam edir.
Müstəqil dövlət olan Ukrayna heç vaxt heç bir hərbi ittifaqda iştirak etməyib. Avropa İttifaqına qoşulmaq onun siyasi məqsədlərindən biri idi və o, NATO ilə daha sıx ittifaq haqqında danışıqlar aparırdı. Bu məqsədlərin hər ikisi də indi Kiyev üçün müharibənin əvvəlində olduğundan daha çox mümkün ola bilən görünür.
Kiyev administrasiyasının məqsədi ölkənin dövlət strukturunu gücləndirmək və onun Sovet İttifaqının bu və ya digər şəkildə bərpasına yönəlmiş geosiyasi layihələrə cəlb olunmasının qarşısını almaq idi.