TV5MONDE (Fransa): Rezanın dünyaya baxışı (müsahibə, video)
19 Yanvar 2021
Dünya xəbərləri: dünyada baş verən hadisələri tamam başqa şəkildə göstərmək istəyirik – qonağımızın fotoları ilə. Onun fotoşəkillərində dünyadakı müharibələrin dağıntıları əks olunub. Məşhur İran əsilli fransız fotoqraf Reza Deqati Qarabağda cəbhə xəttində olub. Biz bu gün onu qonaq etməkdən məmnunluq duyuruq.
- “Rzanın gözü - foto sənətinin 10 dərsi”. Bu layihə barədə danışacağıq. Amma, əlbəttə ki, əvvəlcə Dağlıq Qarabağ münaqişəsinə toxunacağıq. Belə bir hiss var ki, münaqişə sanki bağlı qapılar arxasında baş verdi, hadisə yerində çox az adam oldu. Sizi COVID-19 pandemiyasının yayıldığı bir dövrdə bu münaqişəni işıqlandırmağa nə məcbur etdi?
- Sizin göstərdiyiniz səbəbdən – müharibə zonasında çox az adam oldu. Mən bu Qarabağ münaqişəsini 1992-ci ildə də Azərbaycan tərəfdən işıqlandırmışam. Mən erməni silahlı qüvvələri tərəfindən törədilən qətliamları, Azərbaycan xalqının bütün əzab-əziyyətlərini gördüyüm üçün bunları mediaya çatdırmağa çalışmışam.
İkinci müharibə baş verəndə də balansı qorumaq üçün oraya getdim. Çünki bütün media, bütün Fransa KİV-i təəssüf ki, diqqəti daha çox erməni tərəfinə çəkirdi. Azərbaycan tərəfdən yalnız bir fotoqraf – mən, qarşı tərəfdə isə yüzə yaxın jurnalist və fotoqraf var idi. Mən ümumiyyətlə çox vaxt elə yerlərə gedirəm ki, orada insanlar müxtəlif səbəblərdən öz səslərini eşitdirməyə ehtiyac duyurlar.
- Biz indi sizin şəkillərinizdən bəzilərinə baxırıq, arkanın yaxınlığında, sağ tərəfdə döyüşçülərin olduğunu görürük. Bu foto haqda danışmanızı istərdik.
- Bəli, bu, Şuşa şəhəridir. Qarabağın böyük şəhəri. Əsası azərbaycanlı xan, müsəlman Pənahəli xan tərəfindən 1727-ci ildə qoyulub. Bu şəhər Azərbaycan mədəniyyətinin rəmzidir, orada əsrlər boyu böyük xanəndələr, musiqiçilər, yazıçılar və şairlər yetişib. Gördüyünüz bu yer isə 30 il erməni silahlı qüvvələrinin əlində olmuş və bu yaxınlarda – ötən ilin noyabrında azad edilmiş şəhərin giriş hissəsidir.
- Digər bir fotoya baxaq. Səhv etmirəmsə, burada bir döyüşçünün dəfn mərasimidir.
- Xeyr, bu, Bərdə şəhərində bank işçisinin dəfnidir. Erməni silahlı qüvvələri Bərdəyə kasetli raket hücumu etmişdi. Bu raketlərlərdən istifadə Cenevrə Konvensiyasına əsasən tam qadağandır. Həmin hücum 21 nəfərin ölümünə səbəb oldu. Mən hadisə yerində iki dəqiqə oldum və gördüyümüz bu oğlan bank işçisi idi. Raket səsi gələndə bankın qarşısında siqaret çəkən müştərilər var idi. Bu oğlan da müştəriləri qorumaq üçün çölə çıxır və qışqırır ki, “səs eşidirəm, qayıdın, qayıdın!”. Həmin oğlan müştəriləri içəri salır, lakin özü həlak olur – boynundan qəlpə yarası almışdı.
- Böyük fotoreportyor kimi sizə obyektivlik və subyektivliklə bağlı sual vermək istəyirəm. Bu münaqişəyə yanaşma həssaslıq tələb edir, deyə bilərlər ki, Reza daha çox ermənilər barədə danışmalı idi, amma o, daha çox öz tərəfini, azərbaycanlıları seçib. Siz işləyən zaman bu barədə düşünürsünüzmü?
- Mən bu və ya digərinin tərəfini saxlamaq barədə düşünmürəm. Bayaq dediyim kimi, mən həmişə o yerlərdə oluram ki, oradakı insanları dünyaya göstərməyə ehtiyacın olduğunu düşünürəm. Müxtəlif səbəblərdən, azərbaycanlıların bu müharibə zamanı nələrə məruz qaldıqları haqda az danışılır. Dediyim kimi, ermənilər qadağan olunmuş silahlardan istifadə ediblər. Hətta “Amnesty International” təşkilatı bunu öz hesabatında qeyd edib. Sizin göstərdiyiniz həmin şəkil də o raket hücumu zamanı çəkilib.
- Bəli, həmişə mülki şəxslər ziyan çəkir. Daha bir fotoya baxmaq istərdik. Bu da Rezanın çəkdiklərindəndir. Xaos, müharibə, qəza, dağıntılar olsa da, həmişə ümid işığı var. Zəhmət olmasa, bu şəkil barədə danışardınız. Bu şəkildə üç dinin nümayəndəsi eyni süfrə arxasındadır.
- Bu şəkildə müsəlman və yəhudilər var. Mənim Azərbaycana getməyimin, Azərbaycanı göstərməyimin səbəblərindən biri də odur ki, orada hətta Avropada belə, rast gəlinməyən dini tolerantlıq var. Azərbaycan bu baxımdan nadir müsəlman ölkəsidir. Siz sinaqoqa getsəniz, - bu şəkildə gördüyünüz kimi, - görəcəksiniz ki, yəhudilərin Pasxa bayramının səhəri gün qonşu məscidin imamı ravvinlərlə bir süfrəni paylaşmaq üçün sinaqoqa gəlib.
- Bəs bu müharibə vaxtı onlar nə deyirdilər?
- Bütün dinlərin nümayəndələri tərəfindən imzalanmış sənəddə onlar sülh, ədalət tələb ediblər. Bunu isə Azərbaycan xalqı 30 ildir istəyir.
- İndi isə “Rzanın gözü - foto sənətinin 10 dərsi” layihəsi barədə. Florans At və Raşel Deqati ilə birlikdə. Onlara nə çatdırmaq istərdiniz?
- Nə yaxşı ki, Raşel Deqati və Florans At bu işin ərsəyə gəlməsində iştirak ediblər. Çünki fotoqrafiya texnikası heç də ən mühüm məsələ deyil. Əsas olan baxışdır, düşüncədir, şəkil çəkməzdən əvvəl, şəkil çəkən vaxt və ondan sonra olan bütün reflekslərdir. Foto sənətinin mənası budur. Şəkili nə üçün çəkirik? Bu kitabda məhz bunu izah etməyə çalışmışıq.
- Çox sağ olun.
(Fransız dilindən tərcümə - WorldMedia.Az)